Ayişə Nəbi: İnsanı nə yorur
“Çox yorulmuşam…”
İnsan çox vaxt bu sözü deyir. Bəzən özü-özünə, bəzən yanındakına deyir. Bəzən dərdləşərək, bəzən, sanki yüngülləşirmiş kimi deyir. Adətən, günün sonunda çox yorulduğunu hiss edirsən. Yoruldum deyirsən. Çoxlu iş görüb yorulursan, bəzən heç bir iş görmədən yorulursan.
Bəli, insan heç bir iş görmədən də yorulur, hərdən də bütün günü işləyirsən, amma yorğunluq hiss etmirsən, işlədikcə işləyirsən.Bəs bu necə olur?
Yorğunluğun səbəbi təkcə fiziki iş deyil, səni yoran beynindəki düşüncələrdir, bitməyən suallardır, dayanmadan götür-qoy etməyindir. Ağır işlər bəzən adama heç ağır gəlmir, burda “anlayanla daş daşı, anlamazla yemə aşı”, deyimindəki kimi beyninlə anlaş, beynin rahat olsun, onda istərsə yükün daş olsun daşıyacaqsan. Çünki səni yoran yükün ağırlığı deyil, düşüncələrin ağırlığı, fikirlərin çözülməməsidir. İçində səni didən sualların bitib tükənməməsidir.
Ən ağırı və ən çətini sualların cavabsız qalmasıdır. Beynindəki cavabsız sualların yükü daşdan ağırdır, işləməkdən daha yorucudur. Yorulan əlin-qolun, vücudun deyil, beynindir, qəlbindir, ruhundur.
Beynində çətin, cavabsız sualları olmayan adam gündüz daş daşısa da axşam başını yastığa qoyanda div yuxusuna gedir. Çünki beyni, qəlbi rahatdır. Yuxusunu gözündən qovan, beynini didən suallara cavab tapmışdır, müşkülünü çözmüşdür. ”Kaş ki, belə yox, elə olardı”, “gərək filan sözü deməyəydim”, kaşlar, gərəklər… yerinə “yaxşı ki….” deyə bilsən, dəyirman daşının üyüdə bilmədiyi fikirlər beynindən perik düşər. Onsuz da “yüz fikir bir borcu ödəmir”.
Di gəl ki, fikirlər yaxanı buraxmır, gənə kimi yapışır beyninin ən işlək yerindən. Başlayır ordan səni idarə etməyə. Ən çözümsüz fikir daha çox yada düşür və düşüncənin orta yerində bardaş qurub oturur. Ətrafında bir hörümçək ağı hörür, sən o ağda çabalayırsan. Daş daşımış kimi yorulursan. Fikir əl çəkmir səndən, heç sən də ondan qopmaq istəmirsən. Zamanla fikirlə sən doğmalaşırsan. Hər nəfəs dərdikcə fikir bir daş kimi sənə dəyir və dəydiyi yeri –qəlbini ağrıdır.
Sən yorulursan. Başlayırsan gün boyu ən yaxındakı adamı günahlandırmağa. İçində olduğun şəraiti, mühiti, toplumu, zamanı, ailəni, dostlarını, işini qınayırsan. Bu duruma hər şeyin bir az səbəbkar olduğunu düşünürsən. Bu da sənə “mən niyə burdayam”, “niyə bu haldayam” deyə bir başqa yöndən hücum edib daha da yorur.
O halda unudursan ki, bəzən sualların hamısına cavab vermək sənin vəzifən deyil. Bütün sualların cavabı olmalıdır, deyə bir hökm yoxdur. Hər şey sənin nəzarətində olmalı, sən hər şeyi idarə etməlisən qanunu da çıxmayıb. Bəzi sualları sadəcə, unut, beynindən çıxar.
Bəzən heç nə demə, sadəcə sus, özünü hadisələri izah etməyə borclu sayma. Susub öz dərinliyinə dal, özündəki cövhəri üzə çıxar.Varlığına şükür elə. Beynin dincəlsin.
Bilirsənmi, beynin hər fikri sözə çevirəndə nə qədər enerji işlədir? Süni intellekt bir suala cavab vermək üçün 6 litr su istifadə edir. Sənin beynin də hər çətin suala cavab tapmaq üçün ömründən anlar, saatlar xərcləyir. Ömür isə sonsuz deyil.Tükənən zamandır. Qiymətlidir.
İçində yaranan sakitliyi səbrlə dinlə. Sualların çözüləcək. Bəzi suallar yox olacaq. Bəzi suallar sənə gülünc gələcək.”Mən bu suallara görə həyatımı zəhərə çevirdim?”-deyəcəksən.
Hər kəsin öz doğrusu var. Sənin beynindəki sualları yaradan, əslində, sənin doğru sandıqlarındır, əsl meyar deyil. Odur ki, meyarının dəyərini ölç və suallardan qurtul. Həyat xırdaçı suallar çözmək üçün deyil, yaşamaq üçündür, həm də xoşbəxt yaşamaq.
****
Doğrudur. Hər birimizin rast gəldiyimiz suallar və düşdüyümüz durum. Müəllifin yorğunluğa təkcə fiziki mənada deyil, həm də mənəvi mənada yanaşması və mənəvi yorğunluğun fiziki yorğunluqdan qat qat ağır olmasını vurğulaması mövzunun əsasını təşkil edir. Bu vəziyyətdən çıxmaq üçün isə müəllifümumi yanaşır. Bu cür sualları unut deyir. Ayişə xanım, necə unudaq. Unudulmur. Məncə unutmaq üçün başqa bir fəaliyyəti önə çəkmək lazım gəlir. Məsələn, səyahətə çıxmaq, mütaliə, əyləncə, hər hansı bir mövzu ətrafında fikir mübadiləsi, və. s
Təbrik edirəm.
Suallar və problemlər unudulmur, haqlısınız, burda unutmağı bir növ barışmaq və ona daha müsbət məna yükləmək kimi qavramaq yaxşı olardı.Təşəkkürlər.