Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Mənəviyyat

Ayişə Nəbi: Necəsən yaxşıyam

By İklim
03 May 2026 3 Min Read
0

söhbət zamanı

  Bir xeyirliyə açılası bazar sabahı yazın soyuqtəhər havasına oyandıq. Soyuqluq quşların cəhcəhini üşütmür. Əkilmiş torpaqda eşələnən sığırçın məni görüb başını qaldırır, sanki salam verirmiş kimi üzümə baxır. Mən də ona baxıram, salamını alıram, ürəyimdə “necəsən?”, deyirəm. Sığırçın eşələnməyi buraxıb uçur gedir.

-Necəsən?

-Yaxşıyam. Sən necəsən?

-Yaxşıyam.

Gündə neçə dəfə bu sözü işlədirik. Gördüyümüz insanla ilk dialoqumuz belə başlayır və bəzən elə bununla da bitir. Maraqlı odur ki, “necəsən” sualına yaxşı olmayanda da “yaxşıyam” deyirik. Qarşı tərəf də eyni ilə. Bu bir növ avtomatik sual-cavaba dönüb.

Bəzən için qan ağlayar, kefin olmaz, işlərin tərs gedər, amma soruşana deyərsən ki, yaxşıyam. Baxar ki, bir az kefsizsən, ikinci “necəsən”i deyər, sən də dilini sürüyərsən, demək istəməzsən, üçüncü “daha da necəsən” deyəndə bilərsən ki, bu artıq real maraqdır. Bu marağın arxasında bəzən, doğrudan da, canı yandığı üçün necə olduğunu bilmək istəyi durur, bəzən sadəcə, bir maraq, bəzən də qərəzli bir arayış. Sən bunu hiss edərsən, amma özün də danışmaq istəyirsən deyə, necə olduğunu deyərsən. Çox nadir halda insan “necəsən” sualına öz gerçək necəliyini deyər. Mən üçüncü sualda ucundan-qulağından deyərəm bəlkə. O da adamına baxar. Uzaq başı problemim var deyər keçərəm.

Niyə insan bir-birinə qarşı belə qara qutu olub? Halbuki insan danışmaq, dərdini bölüşmək, dərdləşmək istəyən varlıqdır. Hətta dərdləşmək dərdi azaldır,  sevinc paylaşdıqca çoxalır, deyiblər.  

Amma bizə uşaqlıqdan deyiblər ki, güclü ol, dərdini özün çək, kimsə sənin dərdlərini bilsə, səni zəif sanıb üstələyəcək. Eqonun şahlanma məqamı gəlir. Kimsə səni zəif bilməsin.  Sən isə zəifsən, elə məqamlar var ki, zəif olmaq sənə daha da xoşbəxtlik gətirər. Buna baxmayaraq, sən güclü olmağa vərdiş  etmisən. Biz sovet adamları güclü olmağı, kasıb olmağı üstünlük sayardıq. Uşaqlar oyun oynarkən dalaşar, o deyərdi biz kasıbıq, bu deyərdi, yox siz varlısınız, biz kasıbıq. Kasıblıq sovetin təqdiri idi deyə, hamı özünü kasıb göstərməyə çalışardı.

 İnsan var ki, quru çörək yesə də evindən çıxanda yağ-bal yemiş kimi qürurlu görünər- çünki daxili eqo maddi sərvətdən bəslənmir. Bu soy məsələsidir.

Niyə ötəri yaxşıyam deyirik? Çünki əmin deyilik ki, “necəsən” deyən sənin necəliyini bilmək üçün deyir, bu söz artıq bir qayda, bəsit bir ünsiyyət şablonudur. Bu dialoq bir növ səssizliyi doldurmaq məcburiyyətidir.  Avtomatik sual eyni tərzdə bir cavabla qarşılaşır.   

 Müasir insanda dinləmə qabiliyyəti azalıb. Hamı özündə olan məlumatları savadlı, müasir görünsün deyə danışmaq istəyir. Bu onun eqosunu məmnun edir. “Mən danışdım, bir pillə üstün oldum” hissinə qapılır. Beləcə, dərinliyi olmayan bir söhbət olur.

“Necəsən” sualı sənin iç dünyana açılan bir qapıdır. “Yaxşıyam”dan sonra bəzən insan, sadəcə, dinlənilmək istəyir. Kimsə məni dinləsin və “sən haqlısan” deyə təsdiqləsin, istəyir. Həmişə deyirik özü ilə söhbət etmək yetərlidir. Amma bəzən qarşında sənə fərqli cavab verən birinin olmasına ehtiyac hiss edirsən. Bəzən necə olduğunu, özün də fərqində olmadan, o sualdan sonra anlamağa başlayırsan.   Vediyin cavab səni, özünün daxili dünyanın qatlarına enməyə vadar edir və sən orada özünün gizlin, hələ sözə çevrilməmiş bir halını kəşf edirsən. Bəzən bu, sənin ovunmağın, bəzən hansısa bir yükdən qurtulmağın olur. Axı hər kəs özü ilə söhbətdən qane olacaq qədər kamil deyil. Yaxud Allahla söhbət edəcək qədər inanc dolu deyil.

  Uzun sözün qısası, necəsən sualını bəzən ürəkdən deyin, bəzən ikinci dəfə daha necəsən deyin ki, ürəyi dolu olan da, eləcə “yaxşıyam” deyib qaçaraq cavab verməsin, ürəyini boşaltsın. Bəlkə də o sənin bu sualını gözləyir. İndi biri deyəcək, ürək süfrə deyil ki, hər gələnə açılsın. Bilirəm, mən də bunu demirəm. Amma dərdləşmək hərdən bir müalicə qədər olur. Hətta son dövrlər “qeybət terapiyadır” sözü də dəbə düşüb. Buna qeybət yox,  dərdləşmək deyək.

Bu bazar sabahı səninlə həmsöhbət oldum, ey bunu oxuyan və səndən səmimi soruşuram: necəsən?

Author

İklim

Follow Me
Other Articles
Previous

Ayişə Nəbi : Yazmaq bir az dünyalaşmaqdır

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme