Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Müsahibə

Ayişə Nəbi : Yazmaq bir az dünyalaşmaqdır

By İklim
30 Aprel 2026 7 Min Read
0

MÜSAHİBƏ

GünTv-də yayımlanan “Zərif güc” verilişinin  aparıcısı gənc yazıçı Nuray Rəşidin yazıçı, ilahiyyatçı, publisist Ayişə Nəbi ilə müsahibəsinin 2-ci hissəsini təqdim edirik.

Nuray Rəşid: Yazarkən xüsusi bir ritualınız varmı? Məsələn, mütləq gecə olmalıdır, yoxsa sükut?

Ayişə Nəbi: Əsas yazmağa qərar veməkdir. Yazıda ya mənanı, ya da nəfəsi görməkdir. Bəzən bir duyğu olur, onu yazmaq üçün oturursan, amma o duyğu unudulur, fərqli yazı alınır. Yəni yazı şıltaq bir uşaq kimidir. Öz oyunları və yanıltmacları var. Daha çox yazmamağa çalışıram. İçimə dolan mənanı efir gələcəyinə göndərib-fəzada nəfəsimlə həll edib azad oluram. Yazmaq bir az dünyalaşmaqdır.

Sözün canı var

Nuray Rəşid: Siz, həm də Azərbaycan ədəbiyyatını Türkiyə türkcəsinə qazandırırsınız. İki qardaş dil arasındakı o ‘incə körpünü’ qurarkən ən çox nələrə diqqət edirsiniz?

Ayişə Nəbi:  Azərbaycan və Türkiyə türkcəsi iki qardaş dil deyil, kökdə bir dildir. Eyni köklərdən çıxıb, eyni tarixi yükü daşıyır. Amma hər birinin öz ritmi, ifadə tərzi, incəlikləri var. Bu ‘incə körpü’ mətnin ruhunu, müəllifin səsini oxucuya çatdırır. Sözün qatları saxlanılır. Tərcümədə sözləri dəyişdirmək yetərli deyil, hissləri, duyğuları da daşımaq lazımdır. Oxucu oxuyanda həm mətnin ruhunu hiss etməli, həm də bu qardaş dilin ahəngini duymalıdır. Eyni sözün fərqli mənalarına diqqət edirəm. Türk xalq yaradıcılğında iki millətin dəyərləri ortaq olduğundan, o dəyərlərə dayanıram. Molla Nəsrəddin, Dədə Qorqud, Divani-Lüğətül Türk, Qutatqu Bilik, Oğuznamə, Koroğlu, Füzuli və s.ortaq mənəvi dəyərdir.Yəni dillərin ruhları birdir, ancaq yaşadığı ictimai mühit onları dəyişib. Türk dili bir imperiya dilidir, bizim türkcəmiz uzun zaman bir müstəmləkə ölkəsinin dili olub. Onlarda oturmuş ifadələr var, elmi, dini terminlər daha çoxdur. Ərəbin sözlərini elə özününküləşdirib ki, dilin qatlarına hopub. Bizdə rus dilinin təsiri çoxdur, onlarda fransız. Amma xalq dilinə baxıldığında, eynilik göz qabağındadır, elə bu da çətinlik yaradır. Belə incə məqamlarda yanılmamağa çalışıram. Sözün canı var, onu duymaqla işin içindən çıxıram. 

Nuray Rəşid: Başqa bir müəllifin əsərini tərcümə edəndə öz üslubunuzu qoruya bilirsiniz, yoxsa tamamilə həmin müəllifə çevrilirsiniz?

Ayişə Nəbi: Tərcümədə müəllifin yazısını çevirənin üslübuna uyğunlzşdırmaq yanlışdır. Müəllifin üslubu, cümlə tərzi, fikir ifadə yöntəmi dilindən asılı olmayaraq qalmalıdır. Müəlliflik hüququ tam qorunmalı. Mən buna əməl edirəm, yoxsa haqsızlıq olar.

 Nuray Rəşid: Sizcə, dünya ədəbiyyatı bizim gənc yazarlarımıza nəyi öyrədir?

Ayişə Nəbi: Daha çox özünü ifadə etməyi öyrədir. Mövzu və üslub rəngarəngliyi, öz üslubunu formalaşdırma yolunu göstərir. Bizdə əvvəllər böyük dərd və qlobal problem axtarıb onu əsərə çevirirdilər, dünya ədəbiyyatında isə sadə bir hiss və ya adi bir olaydan şedevr yaradıldığını gördük.

Elm sətirdən sədrə keçməlidir

Nuray Rəşid: Gənc yazarlara ilk məsləhətiniz nədir: çox oxumaq, yoxsa çox yaşamaq?

Ayişə Nəbi: Çox oxumağı hamı tövsiyyə edir. Ancaq insan oxuduğunu düşünməklə yetkinləşir. “Elm sətirdən sədrə keçməlidir” ki, biliyə  çevrilsin. Əsas məsələ budur. Oxuduğunun mahiyyətini sətirdən sədrə, yəni sözdən qəlbə keçirib içində bişirməlisən ki, bişəsən-yetişəsən.

 Hər yazının bir ruhu olur. Məncə, yazının isti-isti, hələ havası çəkilmədən yaxşı-pis tərəfini görə bilmirsən. Yazı soyumalı ki, yenidən baxanda onu daha aydın görə biləsən. Bəzi yazıya on dəfə də baxsan, bir hərfini dəyişə bilmirsən. Bəzilərini isə şil-küt edib adama oxşadırsan.Yazıya qarşı bir az “qəddar” olmalı və çapına tələsməməli. 

Nuray Rəşid: İndiki dövrdə kitab çap etdirmək asandır, bəs “yazar olmaq” necə, asanlaşıbmı?

Ayişə Nəbi: Yazmaq çətindir, baxır nə yazırsan. Şeir yazmaq üçün ilham gözləyirlər, gələn kimi qafiyəyə salıb yazırlar. Bu asan yazılan yazıdır. Bir də var dolursan və dolduğunun mahiyyətinə varıb yazım, ya yazmayım deyə məna ilə söz arasında vurnuxursan. O zaman yazmaq çətin olur.Yazının da şeytanı var. Bəzən qoymur, unutdurur adama. Hər şeydə olduğu kimi yazıda və yazarlıqda da kütəvilik baş alıb gedir.Təhlükə budur.Asanlıq gələcəyə daşımır.

Nuray Rəşid: İstanbulda aldığınız təhsil sizin həyata baxışınızı necə yenilədi?

Ayişə Nəbi: Əvvəlcə insan dünyadan, kainatdan yazır. Özünü deyil, kainatı dünyanı düşünürsən, qlobal suallar qoyursan və içindən çıxa bilmirsən. Gənc olanda özünü o qədər güclü hiss edirsən ki, elə bilirsən dünyanı dəyişəcəksən. Amma heç nə edə bilmirsən və özünü arayırsan, özündə, dünyada, yaşamda məna axtarırsan, tapmırsan. Bu gün tapdığın məna sabah sənə boş görünür. Yenidən axtarışa başlayırsan.Yenidən, yenidən. Beləcə, qapalı dövrədə çabalayırsan.

 İstanbuldakı təhsil bir az hamarladı düşüncəmi. Dünyadan- kainatdan öz içimə yığılmağa, mənanı- mahiyyəti özümdə axtarmağa başladım. Gördüm, insan özü bir kainatdır, bir kitab kimi oxuduqca vərəqlənir, vərəqləndikcə bitmir. Yönüm dəyişdi, düşüncəmdə sabitlik yarandı və axtarışdan, kimlik arayışından artıq durulmuş bir beyinlə təkmilləşməyə keçdim. Kamillik yolunun Allahla sənin arandakı yol olduğunu anladım. Arayışdan arınmaya, aydınlanmaya adlama körpüsünün fərqinə vardım.

Nuray Rəşid: Ayişə xanım, 90-cı illərin əvvəllərində mətbuatın, xüsusən də ‘Gənclik’ jurnalının ədəbi mühitdə çox böyük çəkisi var idi. Sizin o jurnala gəlişiniz, ilk dəfə qapısını açmağınızı necə xatırlayırsız? O vaxtın redaktorları sizi necə qarşıladılar?

Ayişə Nəbi: “Gənclik” jurnalına “Ay” imzası ilə adsız yazılar yazdım,  çap olundu. Sonra bir dəfə də yazıma belə başlıq qoydular: “Ay özünü nişan verir”. O yazıda adımı yazmışdım. Həmin yazı çap olunandan sonra mənə “Gənclik”dən məktub gəldi, yazılarımla bağlı redaksiyaya dəvət  edirdilər. Sevindim. Getdim. Dəyərli mərhum şairimiz Məmməd İsmayıl yazılarım haqda müsbət fikirdə idi və mən tezliklə orada işə başladım. İşə başlamaqla da, təəssüf ki, mühəndislik karyerama son  qoydum. ”Gəncliy”in savadlı, səviyyəli kollektivi vardı, dərgi o dövr üçün cəsarətli, yenilikçi və mükəmməl idi.

 O  zaman da elə indiki kimi idi. Bir yazın çıxanda təbrik edən də vardı, göz süzdürüb qaşqabaqla “yenə yazmısan?” deyən də. Ümumi münasibət qaneedici idi.

“Gənclik “ jurnalı boşluğunu doldururdu

Nuray Rəşid: Ayişə xanım, belə başa düşdüm ki, “Gənclik” jurnalında çap olunmaq o dövrün gəncləri üçün bir imtahan idi. Siz o günü necə xatırlayırsınız?

Ayişə Nəbi: “Gənclik” jurnalı hamıya açıq idi. Ora gələn bütün məktublar, yazılar diqqətlə oxunurdu, müzakirə edilirdi, yaxşı yazı mütləq çap olunurdu. Səviyyəli jurnal idi, ora göndərilib də çap olunmayan yazı demək ki, yaxşı yazı olmayıb. Gənclərin tribunası olaraq “Gənclik” önəmli idi, gənclərin, ölkənin ən böyük problemlərini yazırdı, gənclərin gözünü açırdı, maarifləndirirdi və ən əsası o jurnal çox oxunurdu.Çünki mövzular çoxşaxəli idi. Düşünürəm ki, “Gənclik “ o dövrün böyük bir boşluğunu doldururdu.

“İnsanın ürəyində əbədiyyətin Toxumu var.”

Nuray Rəşid: Ayişə Nəbi üçün yazmaq ehtiyacı ilk dəfə nə zaman və hansı hadisə ilə başladı?

Ayişə Nəbi: Yazmaq hadisə ilə başlamır. Yazı yetişir. Lermontov «Mənim evim» şeirində yazır:”İnsanın ürəyində əbədiyyətin Toxumu var.” O toxumun varlığını hiss etdiyin zaman yazıya yönəlirsən. Zamanla bu toxum cücərir. Yazmaq artıq o toxumun çiçək dövrüdür. Gözümü açandan şeir eşitmişəm, dilimiz şeirlə açılıb. Atam riyaziyyatçı idisə, anam ədəbiyyat aşiqi idi, çox şeir bilirdi və bizə nağıllar, dastanlar, şeirlər öyrədirdi. Bəlkə də məni şeirə bu yönəldib. Həm də yazmağın gendən gəlmə olduğuna da inanıram.Mənim həm ata babam Molla Nəbi Talib dövrünün (XIX əsrin sonu-XX əsrin əvvəli) tanınmış şairi idi, həm ana babam Nəsib  Əfəndiyev yazıçı idi, anamın da şeir kitabları var.

 Əvvəl hiss edirsən ki, içində bir işartı var, sonra onu anlayırsan və ifadə etmək istəyirsən. O zaman sözdən mədət umursan, içində qalıb lillənən duyğu səni yorunca şeirə çevirib xilas olursan.

Hələ məktəbə getməyəndə kim məndən soruşsaydı ki, böyüyəndə nə olacaqsan, “şair olacam” demək istəyirdim, ancaq utanıb deyə bilmirdim. Sözü udurdum. İlk dəfə 6 yaşımda bir dəfə dedim “şair olacam”. Sonra indiyə qədər bir daha demədim.

Nuray Rəşid: Mühəndislik təhsili alan bir gəncin qəlbindəki poeziya sevgisi “Gənclik” jurnalının qapısına qədər necə gəlib çıxdı?

Ayişə Nəbi: Yazıdan yayınmaq mümkün deyil. İctimai mövzuda məqalələr, esselər yazırdım. Şeirlərimi gizlədirdim. Şeirlər də elə ictimai mövzularda idi. vMəni qane etmirdi, sonra bir gün hamısını yandırdım və tərzimi dəyişdim. Mühəndislikdən poeziyaya adlamağı bir az təbii qəbul edirəm.Mən fizikanı, riyaziyyatı çox sevirdim, hər ikisindən zövq alırdım. Sonra hiss etdim ki, rəqəmlərlə özümü ifadə edə bilmirəm, keçdim sözlə ifadəyə. İllər sonra anladım ki, insan heç sözlə də özünü ifadə edə bilmir. Sadəcə, ifadə etməyə çalışır. Əslində, bəlkə rəqəmlər daha mükəmməl ifadə formalarıdır.  

Özüm üçün yaza –yaza “Gəncliyə” gəldim çıxdım. Niyə məhz “Gənclik”? Çünki o dövrdə “Gənclik” gənclər üçün ən yaxşı qapı idi.

Bütöv Azərbaycan vətəndaşı olmağı diləyirəm

Nuray Rəşid: Hazırda üzərində işlədiyiniz və ya reallaşmasını çox istədiyiniz, hələ heç yerdə açıqlamadığınız bir ‘xəyal layihəniz’ varmı?”

Ayişə Nəbi:  Hələ də həyata keçirə bimədiyim böyük bir arzum var: mənəviyyat məktəbi qurmaq. Bir də üzərində işlədiyim yarımçıq yazılarım var, xəyalım onları tamamlamaq və tamamlanmaqdır-yəni Bütöv Azərbaycanın vətəndaşı olmaqdır diləyim. Hazırda parça-parçayıq, bu, insana hər yöndən mane olur, özünü yarımçıq hiss edirsən.

Nuray Rəşid: Maarifləndirmə yolunda çəkilən zəhmət bəzən gec bəhrə verir. Heç olubmu ki, ‘yoruldum’ deyib geri çəkilmək istəyəsiniz? Sizi yenidən motivasiya edən nə olur?

Ayişə Nəbi:  Bir işə başlayıram, bir azdan yarım qalır. Bu, yorulmaq deyil, gördüyün işi gərəksiz hiss etməkdir. Gərəksiz hiss edəndə çəkilirəm. Motivasiya özümdədir. İnsanın içində onu əyilib bükülməyə qoymayan güclü gizli bir hiss var, zaman zaman o özünü xatırladır və mən yenidən öz ideyama qayıdıram. İllər əvvəl bir cümlə oxumuşdum:  sufilər deyir, “İnsanın içində bir ünsür var, insan  o ünsürü inkişaf etdirməklə Allaha çata bilər”. Bu mənim həyat düsturum oldu.

Nuray Rəşid: Ayişə xanım, 1988-ci ilin o soyuq günlərində Haqqıxlı kəndini tərk edərkən özünüzlə gətirdiyiniz, amma maddi olmayan ən böyük yük nə idi?

Ayişə Nəbi:  1988-ci ildə Haqqıxlıdan çıxanda ürəyimdə daşıdığım yükün ağırlığını şkala göstərmir. Ən böyük yüküm xatirələrim idi — uşaqlığımın səsi, evimizin ab-havası, anamın ocaqda bişirdiyi çörəyin qoxusu, baxcamızdakı ağacların kölgəsi belə unudulmur. Bir də yarımçıq qalan həyat hissi…el-oba dağılanda sanki oxuduğun kitabın ortasından səhifələr qoparılıbmış kimi olur.

Kəndi tərk edəndə yalnız evimizi yox, özümün də bir hissəmi orada qoydum. İçimdə həm qorxu vardı, həm ümid- ən çox da itkinin səssiz ağrısı. O ağrı illərdir içimdə diridir, çünki o, sadəcə keçmiş deyil, kimliyimin bir parçasıdır.

Nuray Rəşid: Haqqıxlıdan çıxanda uşaq yaddaşınızda qalan, bu gün də unutmadığınız sonuncu görüntü hansıdır?

Ayişə Nəbi: Mən son dəfə kəndə gedib qayıdandan bir ay sonra bizim insanlar sürgün olundu. Həmin gün soyuq, boz bir payız günü idi — göy  üzü, torpaq, hər yer bomboz görünürdü. Sanki təbiət də qəlbimiz kimi yas tuturdu; hər addımda həyəcan və bir itki hissi vardı. O günün soyuğu   ruhumuzu da dondurmuşdu… Bomboz bir görüntü hələ də gözümdən çəkilmir.

Doğmalaşaq yadlaşmayaq

Nuray Rəşid: Pərən-pərən düşmüş Haqqıxlı qadınlarını bu gün hansı layihələr və hansı ümidlər ətrafında birləşdirirsiniz?

Ayişə Nəbi: Devizimiz belədir: Doğmalaşaq yadlaşmayaq. İnsan özününkü ilə doğmalaşa bilmirsə, başqaları ilə heç doğmalaşa bilməz. O yerləri, o yurdu, o yaşantını unutdurmamaq üçün belə bir birlik qurduq.Vaxtaşırı unudulmuş adətlərimizi, dəyərlərimizi yada salırıq, təhsil sistemini, tarixi olayları, yer adlarını, insanları unutmamaq, öz keçmişini gələcək nəsillərə ötürmək üçün fəaliyyət göstəririk.

Nuray Rəşid: Şura sədri kimi xalçaçılıq ənənəsini yaşatmaq və dünyada öz adımızla tanıtmaq üçün hansı addımları atırsınız?

Ayişə Nəbi: Bizim üçün öncə əsas olan unutmamaq və unudulmamasını təmin etməkdir. Şurada ayda bir dəfə yığışıb konkret mövzularda toplantılar keçiririk. Görüşlərimizin birində xalçaları araşdırdıq, sənədləşdirdik, çıxışlar edildi və unudulmuş incə məqamlar xatırladıldı. Mən hətta xalça haqqında ssenari də yazmışam. A. Qriboyedov deyirdi: “Xalçalar yum kitabədir.” Həqiqətən də, xalça xalqın ruhunu dilləndirir, dillə ifadə edə bilmədiyini ilmələrlə, naxışlarla, rənglərlə toxuyaraq çatdırır. Bu nadir sənət milli sərvətimiz, əvəzsiz mədəniyyətimizin ən incə göstəricisidir.

Nuray Rəşid: Maraqlı söhbət üçün təşəkkür edirəm.

Author

İklim

Follow Me
Other Articles
Previous

“Gənc Yazarlar İttifaqı” uğurlu gənclərin ünvanıdır

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme