Dəyərli ziyalı Mayıl İsmayılovu təbrik edirik
Tanımış ziyalı alim, Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim, Qərbi Azərbaycanın, Haqqıxlının dəyərli oğlu Mayıl İsmayılovun 80 yaşı tamam olur.
Mayıl İsmayılov bütün ömrünü Azərbaycan dilinin, ədəbiyyatının və ümumilikdə milli-mənəvi dəyərlərin təbliğinə həsr etmiş alimlərdəndir. O, pedaqoji fəaliyyətə başladı ilk illərdən etibarən tələbələrinə elmi biliklərlə yanaşı, həm də vətənpərvərlik, milli kimlik və yüksək mənəvi keyfiyyətlər aşılamışdır. Onun dərsləri hər zaman dərin məzmunu, aydın izahatı və tələbələrlə qurduğu səmimi ünsiyyət tərzi ilə fərqlənirdi.
Mayıl İsmayılovun filologiya sahəsində apardığı tədqiqatlar Azərbaycan dilçiliyinə və ədəbiyyatşünaslığına mühüm töhfələr vermişdir, o müxtəlif elmi məqalə və araşdırmaları ilə akademik mühitdə tanınmışdır. Onun elmi yaradıcılığı xüsusilə dilin inkişafı, ədəbi irsin qorunması və təbliği istiqamətlərində dəyərli nəticələrlə yadda qalmışdır.
Mayıl müəllim uzun illər ərzində Mingəçevir Dövlət Universitetində yüzlərlə tələbənin yetişməsində mühüm rol oynamışdır. Onun tələbələri bu gün ölkənin müxtəlif təhsil və mədəniyyət ocaqlarında uğurla fəaliyyət göstərirlər.
MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılovun müəllifi olduğu “Nizami poemalarının ingilis dilinə tərcümələri” kitabı dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin mədəni irsinin öyrənilməsi və təbliğinə böyük bir töhfədir. O, Nizami Gəncəvi irsinin Sloveniyada öyrənilməsi məqsədilə Novo-Qoriça Universitetinə dəvət olunmuş və Novo-Qoriça Universitetində bu mövzuda mühazirələr oxumuşdur.
Mayil İsmayılovun hazırladığı “İngiliscə-Azərbaycanca şəxs adları lüğəti” kitabı lüğətçilik sahəsində ilk təqdirəlayiq təşəbbüs hesab olunur.
Hazırda Mayıl müəllim Qərbi Azərbaycan icması Mingəçevir nümayəndəliyində fəaliyyətini davam etdirir. Bu dəyərli müəllim öz zəhməti, pedaqoji və ictimai fəaliyyəti ilə xalqın böyük hörmət və ehtiramını qazanmışdır.
80 illik yubileyi münasibəti ilə biz də Mayıl müəllimi səmimi qəlbdən təbrik edir və ona ən xoş diləklərimizi göndəririk.
İKLİM.AZ