Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
ƏdəbiyyatİctimaiMüsahibə

Yurdun sənədi daşdan olmalıdır!

By İklim
15 May 2026 8 Min Read
0


Barınajans saytının yazarı Hasan Barının
Eluca Atalı ilə ”Yurd daşı” romanı haqqındakı müsahibəsini təqdim edirik.


Hasan Barın: Eluca xanım, reportajın başında bunu söyləmək istəyirəm ki, sizi və çapa məsul olanları nəzərə
almasaq, İsveçdən mail yoluyla göndərdiyiniz üçün “Yurd daşı” kitabınızın ilk
oxucusu mən oldum. Çap olunacaq kitabınızla bağlı ilk reportajı Barınajansa
və şəxsimə vermənizdən dolayı qürurlandığımı bildirmək istərdim. Bu
üzdən sizlərə təşəkkür edirəm.
İcazənizlə suallarıma keçim.


Eluca Atalı: Barınajansa və şəxsən sizə, əziz dostum,
yeni kitabımı tanıtmaq fürsətini mənə verdiyiniz üçün təşəkkür edirəm.


Hasan Barın: ”Yurd daşı” romanınızı oxudum, Qərbi Azərbaycanla
bağlı böyük bir tarixi bədiyyat vasitəsi ilə təsvir etmisiniz. Əsəri yazmaq
ehtiyacı nədən doğdu?

Eluca Atalı: Soyqırımla bağlı bildiyim və eşitdiyim gerçəkləri
bildirmək istəyimdən doğdu bu əsər. Əslində, bir hekayə yazmağı
düşünürdüm, amma mövzu o qədər geniş idi ki, onu sistemləşdirərkən
roman alındı. Həm də bilirsiniz, yazan zaman insan sanki öz içini vərəq
vərəq oxuyur, öz içində yol gedir. Yazıçı yalnız tarixi faktları aşkarlayıb
yazmır, tarixə fakt kimi baxmaq tarixçinin işidir, yazıçı tarixə fəhmin gözü
ilə baxır. Fəhm insanı dərinə aparır, bu baxımdan yazıçının hadisələri
üzdən təsvir etməyə haqqı yoxdur. O gerçəyin mahiyyətində, bətnində
gəzdirdiyi həqiqəti görməli, duymalı və bədiyyatda verməlidir. Qərbi
Azərbaycanda bizim eramızdan da çox-çox əvvəllərə gedib çıxan məzar
daşlarımız, qəbirlərimiz var. Bu daşlar bizə köçəri deyən, bu yurdun həqiqi
sakini olmadığımızı sübut etmək istəyənlərə ən tutarlı cavabdır. Köçərinin
ölüsü harda ölsə, orda da basdırar, lakin Qərbi Azərbaycanda neçə nəsil
ardıbaarddan eyni torpaqda basdırılıb. Romanda bu daşların mahiyyətini
açmağa çalışdım.


Hasan Barın: Bu baxımdan kitabın adı tam yerinə düşür: ”Yurd daşı!”


Eluca Atalı: Razıyam, doğrudu. Kağız azca sudan nəm çəkib korlana bilər
və ya asanlıqla cırıb atmaq olar. Amma daşdan yaradılmış hər hansı abidə, ev və
ya məzar olsun, bu yurdun sənədi ola bilər. Əsərin verdiyi mesaj məhz budur.
Qərbi Azərbaycanda olan saysız-hesabsız abidələr, totonimlər, yer adları yurdun
təsdiqidir, kimə məxsusluğunu bununla sübut etmək mümkündür.
Yurdun sənədi daşdan olmalıdır, kağızdan yox! Daşı yerindən tərpətmək hünər
tələb edir. Qərbi Azərbaycanda yer-yurd adlarını dəyişsələr belə, ordakı tarixi
abidələr hələ də yaddaşlarda qalır. Çünki daşdandır!


Hasan Barın: Südəmər körpənin dağın başında basdırılması və sonra
qarğanın bozqurda o məzarı açdırması səhnələrini oxuyanda göz yaşıma
hakim ola bilmədim. Bir ailədən nənə, ana və nəvənin öldürülməsi
acınacaqlı haldı.


Eluca Atalı: Üç nəsil eyni anda qurban gedir! Acınacaqlıdır, amma
təəssüf ki, gerçəkdir. Biz bunu bir dəfə yox, dəfələrlə yaşamışıq
Azərbaycan xalqı olaraq. 1905-1920, 1948-1953, 1988-1992-ci illər və
yalnız Qərbi Azərbaycan yox, bütün Azərbaycan üzrə bu soyqırım baş
verib. Nədən? Bir neçə səbəb var. Birincisi, tarixdən dərs almırıq. Adını
unutduğum bir rejissorun fikri var, deyir: ”Tarix bir əsəri iki dəfə səhnəyə
qoyur. Bir dəfə komediya, bir dəfə də faciə formasında. Birinci dəfə
komediya kimi oynadığı əsəri sonra faciəyə çevirə bilər və ya komediya ilə
faciənin yerini dəyişə bilər.” Azərbaycanın tarix səhnəsindəki bütün əsərlər
təkrar-təkrar oynanılır, hamısı da qanlı şəkildə, çünki hər dəfə faciə
biçimində səhnələşdirilir. Bir qədər obrazlı dedim, nəzərə alarsınız bu
yazıçı açıqlamasıdır. O zaman təbii qarşılayarsınız.
Romanı yazmaq bu iddiadan doğdu, oxuyanlar yurdumuzda baş
verənləri bilsinlər. 70 il sovet imperiyasının daxilində olduğumuzdan
həqiqi tariximizdən xəbərsiz olduq, çünki həqiqi tarixi yamağa izin
verilmirdi. Siz, sovet imperiyası nə deyən şeydi bilmirsiniz. Hər şey
ideologiyaya uyğun olmalı idi. Bizim soyqırımsa mövcud ideologiyanın
çərçivəsindən qırağa çıxırdı. Əsərdə yazdıqlarımı da şəxsi təşəbbüsümlə
araşdırıb öyrəndim, amma əslində bunu biz ilk məktəbə getdiyimiz
günlərdən öyrədilməli idik. Çünki VƏTƏN tarixidir!


Hasan Barın: Andranik Anadoludan Naxçıvana, ordan da Qərbi
Azərbaycana üz tutur. Kazım Qarabəkir Paşanın komandanlığı altında türk
əsgərinin Haqqıxlıya gəlməsi ilə o dağda mağarada gizlənir. ”Nalşəkilli
mühasirə” kitabınızda Andranikin türklərdən gizlənməsini bir qədər də
komik biçimdə göstərmişdiniz. Yeni əsərinizin ”Ayı mağarasında ”Böyük
Ermənistan” təlaşı” hekayətində Andranikin keçirtdiyi qorxu daha dərindir.


Eluca Atalı: Sizin sualınıza cavab verməmişdən öncə bunu deməkistərdim,

vurğulanmayan bir acı həqiqətdir. 1980-ci illərin əvvəllərində biz
orta məktəbdə oxuyanda qaraüzlü Azərbaycan tarixi kitabı vardı, həm də
fətir kimi nazik. Kitabın nazikliyi bizə ilk baxışdan əxz edirdi ”tariximiz çox
kiçikdir”. Bu kitab psixologiyasında xüsusi haldır, kitabın görkəmi, üz
qapağı oxucuda ilk təsüratı yaradır. Yadımdadır, tarix dərs proqramında
Azərbaycan tarixinə yalnız 4 saat yer ayrılmışdı. Tarix dərsini çox sevirdim,
müəllimə dedim: ”Bunun hamısını nə vaxt keçəcəyik?” Dedi: ”Keçmək
lazım deyil, qəbul imtahanına düşmür.” O kitabda belə bir cümlə vardı:
”Qafqaz Türk İslam ordusu 1918-ci ildə Azərbaycanı işğal etdi, 1920-ci
ildə XI Qızıl Ordu (əslində qırmızı ordudur, bizim imperiya ideologiyasına
xidmət edən tarixçilərimiz qırmızını qızıl etmişdilər!) Azərbaycana girib
onu işğaldan azad etdi.” Bu beyinyuma əməliyyatı idi, bizi türkə qarşı belə
manqurtlaşdırırdılar.
Sizin sualınıza qəsdən ətraflı cavab verirəm ki, uşaq ikən beyni
yuyulmuş bir adamın ”Yurd daşı” kimi bir romanı yazmasının hansı
iddiadan doğduğunu tam anlayasınız. Keçək sizin sualınıza. Andranik
obrazını iki dəfə canlandırmışam, amma obrazda mahiyyət etibarı ilə
fərqli çalarlar yoxdur, çünki o məndən ötrü cildini məqama görə, düşdüyü
şəraitə görə dəyişsə də, daşnak kimliyini içində daim gəzdrib. ”Nalşəkilli
mühasirə” kitabında bu obraza gülə bilərsiniz, türk əsgəri Naxçıvana
girəndə qara çadraya bürünüb meydandan qaçır və öz xislətinə uyğun
olaraq Satinik adlı erməni qızını ortaya xilaskar kimi atır. O yaxşı bilir, türk
qadına əl qaldırmaz. ”Yurd daşı” kitabında isə qərar tutduğu qaranlıq ayı
mağarasında xülyasında olduğu ”Böyük Ermənistan” xəritəsi ilə birgə
gizlənib və növbəti soyqırımın planını hazırlayır. Hər iki səhnə ikrah
doğurur. Burdakı Andranik obrazının verdiyi mesaj: erməni ölər, amma
kor iddiasından əl çəkməz!


Hasan Barın: ”Torpaq və toxum dostluğu” rus və erməni işbirliyinə
verdiyiniz addır. Qərbi Azərbaycanda bu dostluq ermənilərə xeyir
verdimi?


Eluca Atalı: ”Torpaq və toxum dostluğu”nun kökü daha əvvələ gedir və nə
heyf ki, qədim türk torpaqlarına sahiblənmək üzərində qurulub.
1552-ci ildə Qazan xanlığının – Kazanın alınması tarixi, işğalı ilə başlayır. O
zamankı rus çarı IV İvan Qrozni, tarixdə isə onun qazandığı ləqəb ”Qorxunc
İvan” idi. Ruslar Qazanın üzərinə dəfələrlə hücum edib ala bilmirdi,
baxmayaraq, o, 150 minlik ordu ilə tatarların üzərinə yürümüşdü,
tatarlarsa 30 min nəfər idi. Paytaxtı ələ keçirə bilməyəndə erməni tacirləri
ruslarla gizlin sazişə girirlər: Şəhərin müdafiəsinin zəif tərəfini sizə
bildirməyə hazırıq, deyib, amma əvəzində qızıl istəyirlər. Rusiya tərəfi bu
şərtə razı olur, şəhər işğal olunur və bu münasibətlə qurulmuş ziyafətə
həmin erməni tacirləri dəvət olunub mükafatlarını alırlar. Lakin bu zaman
İvan Qroznu deyir: ”Əgər bir millət ki, öz yaşadığı şəhəri satırsa, bizləri də
çox rahat sata bilərlər.” Xəyanətin mükafatı ağır olur, həmin tacirlərin
yerindəcə boyunları vurulur, lakin mükafat bununla bitmir. ”Rusların
tutduğu torpaqlara ermənilər qeyri-şərtsiz yerləşə bilər töycü, vergi vermədən”
kimi gizlin erməni-rus sazişi olur. Bu sazişə 1828-ci il Türkmənçay
müqaviləsində də əməl edilir. 1804-cü il Rus-İran müharibəsi başlanan zaman
ermənilər ”siz tərəfdən türklərə qarşı vuruşmağa hazırıq, bir şərtlə ki, bizə
torpaq verəcəksiniz” şərt qoyurlar. Rus çarı buna razı olur, çünki İranın içində
yaşayan ermənilərin xəyanəti möhkəm yun parçanı güvə içindən yeyib dağıtdığı
kimi, rusa da belə bir güvə lazım idi. 1828-ci il 10 fevral İran və Rusiya arasında
”Sülh və dostluq naminə”adlı bədnam Türkmənçay müvaqiləsi bağlandı.
Əslində müqavilənin adı belə yalan idi, çünki siyasətdə dostluq olmur. Siyasət
məhəbbət yox, mənfəət üzərində qurulur. Mənfəət olan yerdə dostluqdan söz
gedə bilməz. Dostluq – təmənnasızlığa əsaslanır.
Bu başabəla, bizim Vətənimiz üçün ağır şərtlərlə nəticələnən ”sülh”
müqaviləsi nəticəsində Azərbaycan ikiyə şaqqalananda Naxçıvan və İrəvan
xanlıqları ləğv olunub əvəzində yeni İrəvan quberniyası yarandı, idarəçiliyi isə
ermənilərə verildi. Ermənilər İrəvanın üzərində kosmetik dəyişiklik etməklə – i
hərfini y ilə əvəzləyib, İrəvanı Yerevan etdilər. Ermənilər İrandan kütləvi şəkildə
İrəvan, Naxçıvan və Qarabağa köçürüldülər.
”Torpaq və toxum dostluğu”nun davamı olaraq 1914-cü ildə Anadoluya rus
qoşunu hücüm edən zaman rus çarı II Nikolay həmin il 20 dekabrda Anadoluya
gəlib ordunun vəziyyətini yoxlayır. Rus çarının dincəlməsi üçün cəmi 15 dəqiqə
zamanı vardı, həmin an erməni keşişi katalikos V Gevorg fürsətdən istifadə
edib qərargaha girir. ”Türklərlə savaşda sizlərə yardım edərik, bir şərtlə,
Anadoludan 6 vilayəti bizə verməlisiniz” deyir. Çar razılaşır. Bu haqda
”Nalşəkilli mühasirə” əsərimdə geniş vermişəm. Lakin Rusiya daxilində 1917-ci
ilin fevralında yaranan ikihakimiyyətlilik dövrü başlayanda çar taxtı laxlamağa
başlayır. Çar rus qoşununu hakimiyyəti qorumaq üçün geri çağırır, ordunun bir
hissəsini və silahları Andranikə verib Naxçıvana göndərir Rusiyanın Cənubi
Qafqaz siyasətinə xidmət etmək üçün. ”Toxum” cücərmək üçün Anadoludan ala
bilmədiyi ”torpaq” payını və həm də bu dəfə dövlət qurmaq iddiasını
Azərbaycanda yerinə yetirmk istəyirdi. Buna da 1918-ci ildə soyqırım törədərək
nail oldu.


Hasan Barın: Qədim Alban abidələri, eramızdan əvvəlki daş məzarlar,
onların üzərindəki nişanələrin şərhi, aslan, ilan, 24 yarpaqlı xaç və s. çoxlu
sayda simvolların şərhinə romanda rast gəlmək olur. Bu baxımdan əsərin
yalnız 1918-ci il türk soyqırımını yox, həm də böyük bir tarixi əks
etdirdiyini deyə bilərik.


Eluca Atalı: Yurddakı hər bir daş, balaca-böyüklüyündən fərqi
olamayaraq yaddaşdır, o nişanələri oxuyub mənasını dərk etməyəndə
tarix itir. 24 yarpaqlı xaç islamdan qabaqkı zəngin tariximizdən xəbər
verir. Yadımdaykən qeyd edim, 1804-cü il Rus-İran savaşına girməmişdən
öncə ermənilər ruslardan Azərbaycan torpaqlarını əldə etməklə yanaşı
Alban kilsələrinin onlara keçməsini tələb etmişdilər. Tarixdən məlumdur
ki, ermənilər ”kilsə tikdikləri” torpaqları özlərinin qədim yurdları sayırlar,
bu aksiomadır!!! Alban kilsələrini mənimsəməklə yalnız torpağımıza yox,
həm də tariximizə sahib çıxdılar. Bədii dillə desək, ermənilər ruslar vasitəsi
ilə yiyələndikləri torpaqlara toxum əkmə əməli erməni üçün daha mümbit
şərait yaratdı. ”Yurd daşı” romanında da gördüyünüz kimi bu
sahiblənmədən sonra məzar daşları sındırıldı, üzərindəki nişanələr
pozulub məhv edildi.


Hasan Barın: Alban kilsəsindəkı amansızlıq və xəyanətin
birləşməsindən doğan qətlə ad qoymaq məndən ötrü zor oldu. Siz bunu
”Aldanışın doğduğu günah” hekayəsində yüksək ustalıqla təsvir etmisiniz.
Əsərin qəhrəmanı Molla Nəbi bu qətl üçün vicdan əzabı çəkir.


Eluca Atalı: Bu bir şəxsin – Molla Nəbinin daşıyacağı günah deyil, düzdü, o
amansız qətliamda özünü qınayır, ermənilərə inanıb güzəştə getdiyi üçün özünü
bağışlaya bilmir. Əslində bunun dalında türk kimliyi durur. Baqqal Kərbəlayı
Yusufun dükanında ermənilərlə olan sövdələşmə Haqqıxlı kəndi üçün baha başa
gəlir. Türk əsgərləri Haqqıxlı kəndində ağ çadır quranda ermənilər özlərini
qaragünlü hesab edirlər. Çünki o qoşun türkləri ermənilərin apardığı milli
təmizləmə, soyqırımından qorumaq üçün gəlmişdi. O zaman artıq Andranik
Naxçıvandan Qərbi Azərbaycana keçmişdi. Ermənilər hiyləyə əl atırlar, onlar
bilirlər ki, türklərdə ağsaqqal sözü keçərlidir. Molla Nəbi ilə görüşüb, onları
güdaza verməmələrini rica edirlər. Molla Nəbi ermənilərə verdiyi sözün üstündə
durur, Kazım Qarabəkir Paşa ermənilərin türkləri qətl etməsindən söz açanda
Molla Nəbi ”kəndi qıran daşnaklar idi, qırdılar, getdilər, qalan ermənilər zavallı
kəndlilərdir”, deyir. Lakin erməni fürsətçi, xəyanətkar, amansız, faydaçıdır.
Bütün bu dörd cəhətini Alban kilsəsindəki qətldə sübut edir. Bu, bir şəxs olaraq
Molla Nəbinin günahı və ya sadəlövhlüyündən doğan qətliam deyildi, bunun
arxasında türk kimliyi dururdu. Onun yerində kim olsaydı, bu cür davranacaqdı,
əlbəttə, türk olan. Məgər Bakı qırğını eyni ssenari ilə olmadımı?


Hasan Barın: Danarğanda amansızcasına qətlə yetirilmiş qız-gəlin
üçün yonulmuş baş daşı öz yerinə qoyulmur. Necə düşünürsünüz, o tarix
unuduldumu?


Eluca Atalı: Unudulmadı, unudulsaydı, mən 100 ildən sonra o tarixi
kitablaşdırmazdım. Bu hadisəni mənə Molla Nəbinin nəvəsi düşən 85 yaşlı
Mərziyə arvad və onun oğlu Elli Atayurd danışıb. Lakin türk olaraq bir
günahımız var, tarixi bədiyyatda qədərincə canlandırmırıq.
Sovet dövründə keçən əsrin 30-cu illərində Haqqıxlı kəndliləri o yerə xatirə
abidəsi qoymaq qərarına gəlirlər. Bu məsələ qaldırılanda erməni rəhbərliyi gecə
ilə həmin o hadisə yerini — Danargan dərəsini bulduzerə verib şumlayıblar,
abidə qoymaq məsələsini qaldırmış adamı isə sürgünə göndərib güllələtdiriblər.


Hasan Barın: Bildiyim qədər siz Qərbi Azərbaycanlı deyilsiniz, amma
hadisələri o qədər inandırıcı yazmısınız, adam az qalır inansın, siz nəinki
oralı deyilsiniz, hətta hadisələrin iştirakçısınız.


Eluca Atalı: Bilirsiniz, Vətən iki cür qorunur.
Birinci, silahla, bu əsgəri gücdür, ordunun işidir. Belə ifadə edə bilərəm: Ordum
varsa – Yurdum var! Əslində baş verən bütün soyqırımların mərkəzində
ordusuzluq durur. İkinci, ruhani gücdür. Bu aydının, yazarın, müəllimin işidir.
Yəni beyin silahlanmalıdır, yad düşüncədən təmizlənməlidir. ”Nalşəkilli
mühasirə” kitabımda bunu belə açıqlamışam. ”Vətən tarla kimidir, o gərək daim
alaq otundan təmizlənsin.”
Amma millət olaraq da qəbulolunmayan cəhətlərimiz var: Barışqan və
unutqanıq…
Asif Ata deyir: ”Mən məəttələm bu millətin tarixi yaddaşsızlığına və üzü
özgəçiliyə meyilliliyinə.” Bu bağışlanmaz nöqsanımızdır…


Hasan Barın: Romanın “Daşdələn” hekayəsindəki Gveorq obrazı ilə
ədəbiyyatımızda xarakterik erməni obrazının yarandığını hesab edə
bilərik?
Eluca Atalı: Mən yaratmağa çalışdım, həm də istədim oxuyanlar ayıq
olsunlar. Ermənilərin qədim abidələrimizin gözə görünməyən yerlərinə
xaç vurub özümləşdirdiklərini yenidənqurma başlayanda bildik.
”Daşdələn” həmin prosesin tərkib hissəsidir.
Gveorq Suriyadan Qərbi Azərbaycana köçürülən erməni ailələrindən
biridir. Burda həm də dünyanın hər yerindən erməniləri yurdumuza
köçürmələrini, saylarını çoxaldıb erməni dövləti qurmaq siyasətlərini
canlandırmaq istəmişəm. Bu hadisə mənim fantaziyam olmadığını əvvəlcədən
deyim. Çünki artıq oxucu suallarına alışmışam. Əsərlərimin ayrı-ayrı
hissələrindən tez-tez sorarlar: Bu sənin fantaziyandır, yoxsa olmuş hadisədir? O
üzdən sizə deyirəm, bu gerçəkdən olmuş hadisədir və Molla Nəbi kimi yurda
bağlı, onun qeyrətini çəkib qoruyan kişi yurdun ən balaca daşına yad nişanın
vurulmasının arxasında hansı mənanın durduğunu dərk edir. O üzdən nişanı
pozdurur, amma daşda kiçik nöhur yaranır. Bədii dillə desək, daş yaralanır, bu
yaralı yurdun ifadəsidir.


Hasan Barın: Sizin yeni kitabınızla bağlı verdiyiniz geniş reportaj məni
şad etdi. Bu kitabınızın da digər kitablarınız kimi bol oxucusu olamq diləyi
ilə yeni kitabınızla bağlı ilk oxucu, ilk reportaj hazırlayan qəzet müxbiri
kimi məni şad etdiniz. Bu münasibətlə sizə minnətdaram.


Eluca Atalı: Çox sağ olun həmsöhbət olduğunuz üçün. Oxucu – yazıçının
labaratoriyasıdır. Sizin suallarınızla müəyyənləşdirməyə çalışdım romanda
vermək istədiyim ideyanı bədiyyat vasitəsi ilə necə canlandıra bilmişəm.

Author

İklim

Follow Me
Other Articles
Previous

V Uşaq Kitab Festivalı

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme