Umud Rəhimoğlu: Ata vəsiyyəti
2016-cı il dekabrın 7-də atam, 87 yaşında, məcburi köçkün kimi yaşadığı Bakı şəhərində dünyasını dəyişdi.
Vəsiyyəti sadə idi: “Umuda deyin, məni dəfn ücün kəndimizə aparsın .”
O vaxtlar ata yurdumuz Aşağı Əbdürrəhmanlı kəndi Horadiz əməliyyatı nəticəsində qismən azad edilsə də, təmas xətti kəndin icindən kecirdi. O üzdən də kəndə gedib-gəlmək təhlükəli idi. Kənd qəbiristanlığı da üç tərəfdən erməni mövqelərinin nəzarəti altında idi. Həm ora daxil olmaq, həm də dəfni həyata keçirmək üçün xüsusi icazə tələb olunurdu. Üstəlik, hava şəraiti də bu vəsiyyətin yerinə yetirilməsini demək olar ki, mümkünsüz edirdi.Tərslikdən həmin günlər dizdən yuxarı qar da yagmışdı.
Buna baxmayaraq biz 08 dekabrda sübh tezdən cənazəni götürüb yola çıxdıq.
Yolboyu Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Prezident Administrasiyası ilə əlaqə saxladım. Horadizə yaxınlaşanda artiq müvafiq qurumların dəstəyi ilə xüsusi hal kimi atamın doğma kəndində dəfn olunmasına icazə ala bildim.Bir şərtlə ki dəfn gecə saatlarında hava qaralandan sonra həyata keçirilsin.
Elə də oldu.
2016-cı il dekabrın 8- də, gecə saatlarında, hərbçilərimizin müşayiəti ilə, erməni snayperləinin 150-200 metrliyində telefon işığına atamı öz vəsiyyətinə uyğun olaraq doğma kəndimizdə torpağa tapşırdıq.
Bu gün geriyə baxanda anlayıram ki, mənim üçün ən böyük təsəlli atamın son arzusunu yerinə yetirə bilməyimdir.
İllər sonra kəndimiz tam azad olundu. Şuşa fəth edildi. Qarabağa həyat qayıtdı. O günlərdə bizə dayaq olan hərbçilərimizin bir çoxu İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucaldı. Allah onların hər birinə rəhmət eləsin.
Bu gün Atalar Günündə həm atamı, həm də övladlarına Vətən sevgisi, mərdlik və ləyaqət miras qoymuş bütün ataları ehtiramla yad edirəm.
65 yaşım tamam olanda atamın məzarı başında yazdığım şeir də məhz bu hisslərin, bu xatirələrin və yaşanmış ömrün hesabatıdır.
Ruhun şad olsun, ata…
Sənin vəsiyyətinə əməl edə bildiyim üçün özümü xoşbəxt sayıram.
***
Atam
Ata sözü oldu ana yasamız
Dinlədik, böyüdük nəsiyyətinlə
Düşmən səngərinin önünə gedib
Biz səni dəfn etdik vəsiyyətinlə
.
Ayıq sayıq olun deyərdin bizə
Kiprik də bəs edər cəpər olmaga
Sən bura gəlmədin uyumaq ücün
Sən bura gəlmişdin sipər olmaga.
.
Burda güllələnib bütün məzarlar
Mən də güllənmiş qara bir daşam
Sözüm cox olsa da sənə deməyə
Baş daşın önündə lal dayanmışam
.
Haraya baxıram min xatirəm var
Qəlbimi sızladır talan kəndimiz
Bir yanda dagılmış sökük məzarlar
Bir yanda viranə qalan kəndimiz.
.
İti qovan kimi qovduq düşməni
Qalib olmamızda ilahi haqq var
Müzəffər ordunun sıralarında
Bax bu məzarlar da savaşırdılar.
.
Savaş başlayanda qana qan deyib
Mən də bir əsgər tək keşikdə durdum
Ölməz Şəhidlərin ciyinlərində
Şuşanı fəth etdi Müzəffər ordum.
.
Hamı birləşmişdi bir yumruq kimi
Bütün müşküllərin acarı birlik
Vətəni işgaldan qurtulanların
Bu gün alnı acıq başları dim dik.
.
Şəhərlər tikilir, yurdlar salınır
Yurduna köcənlər bəxtiyar olsun
Qisas qiyamətə qalmaz – alınır
Tanrı xalqımıza daim yar olsun!
https://shorturl.fm/AIGgK
https://shorturl.fm/yEjNn