IV əsrdə Antik Afinada qadınların tibb təhsili alması və həkimlik etməsi sərt şəkildə qadağan olunduğu bir dövrdə əfsanəvi şəxsiyyət yaşamış və mübarizə aparmışdır- Aqnodis.
O dövrdə Afinada qadınlara nəinki həkim olmaq, hətta mamaçalıq (doğuşa kömək) etmək də ölüm cəzası ilə qadağan edilmişdi. Aqnodis həkim olmaq arzusunu gerçəkləşdirmək üçün saçlarını kəsdirib kişi geyimində İsgəndəriyyəyə gedir və dövrün məşhur alimi Herofilusdan tibb təhsili alır.
Afinaya qayıtdıqdan sonra kişi cildində pasiyentləri qəbul etməyə başlayır. Xüsusilə doğuş zamanı utandıqları üçün kişi həkimlərə müraciət etməkdən çəkinən qadınlar Aqnodisin qadın olduğunu öyrəndikdən sonra yalnız ona müraciət etməyə başlayırlar. Qısa zamanda o, şəhərin ən çox üstünlük verilən maması və ginekoloqu olur.
Aqnodisin uğurunu və digər həkimlərin pasiyent itirməsini həzm edə bilməyən kişi həkimlər onu “pasiyentləri yoldan çıxarmaq və əxlaqsızlıq etmək”də ittiham edərək məhkəməyə verirlər.
Özünü müdafiə etmək üçün Aqnodis hakim heyətinin qarşısında qadın olduğunu sübut etmək məcburiyyətində qalır. Lakin bu dəfə də o, “qadınların həkimlik etməsi qadağasını pozduğu” üçün ölüm cəzası ilə üz-üzə qalır.
Bu təhlükəli məqamda Aqnodisin müalicə etdiyi və həyatını xilas etdiyi bir çox zadəgan afinalı qadın məhkəmə zalına axışaraq onu müdafiə edirlər. Qadınlar hakimlərə verdikləri xəbərdarlıqda deyirlər:
“Aqnodisi edam etsəniz, siz bizim dostumuz deyil, düşmənimizsiniz, çünki o bizim həyatımızı xilas edir.”
Afinada böyük səs-küyə səbəb olan bu məhkəmə qələbə ilə başa çatır. Aqnodis bəraət alır və Afina qanunları dəyişdirilərək qadınlara mamalıq və tibblə rəsmi şəkildə məşğul olmaq hüququ verilir.
Aqnodisin hekayəsi bu gün də tibbdə gender bərabərliyinin və cəsarətin simvolu kimi xatırlanır.
Türk xalqlarında isə hələ eradan əvvəl həkim rolunu oynayan şəfaçı qadınlar fəaliyyət göstərirdilər. Onlar otacılar, qamlar (şamanlar) və Epi/Ebelər (şifacı qadınlar) adlanırdılar. Türk toplumlarında qadınlar tibb sahəsində qədim dövrlərdən bəri kişilərlə eyni hüquqlu idilər. Təbiətlə, bitkilərlə əlaqəli və doğuşun idarəedicisi olduqlarından qadınlar həm tibbi, həm də ruhani sağaltma işlərində fəal idilər.
Otacılar bitkilərdən, otlardan məlhəm və dərman hazırlayaraq xəstələri müalicə etmək; qamlar (şamanlar) həm ruhani lider, həm də xəstəlikləri sağaltmaq; ebelər-doğum, uşaq və qadın xəstəliklərinin sağaldılması ilə məşğul olan qədim qadın şifacılar idi.
İklim.az