Ayişə Nəbi: Zamanın köhnəltmədiyi söz
birinci yazı
Bəxtimizə düşən bu sürət əsrində o qədər çox və tez məlumat alırıq ki, bu aldıqlarımzı həzm edib çatdıra bilmirik.Təəssüf ki, məlumat bilik yerinə keçib bizim daxili sükutumuzu dərbədər edir. Bu qarğaşanın içində bizi özümüzə nə qaytarır? Ədəbiyyat? Mədəniyyət? Təlim- təhsil?
Özümüzdən uzaqlaşmış bizi özümüzə ədəbiyyat, mədəniyyət necə qaytarır? Yaxud qaytarırmı?
Biz işıq sürəti ilə axan informasiyanın, hər saniyə yüzlərlə bildirişin, xəbərin və görüntünün diqqətimizi yayındırdığı bir zamanda yaşayırıq və diqqətimizin, əslində özümüzdən yayındığının fərqində deyilik. Çünki hər şey sürətlənib: qidalanmağımız, ünsiyyətimiz, hətta hislərimiz. Qaçaraq, qaça-qaçla, atüstü yaşayırıq.Yaşadığımızı düşünməyə macal tapmırıq.
Belə bir mühitdə daxili dünyamız, mənəviyyatımız, ruhumuz nə haldadır?
Gündəlik yaşam təlaşının, maddi dünya qarğaşasının içində İnsanın yalnız bədəndən və ağıldan ibarət olmadığını unuduruq. Bizim mənəvi qidaya, səssizliyə, dərinliyə dalmağa, öz iç dünyamızda cavabsız qalan suallara cavab tapmağa ehtiyacımız var. Öncə iç dünyamıza dalmağa, bu dünyanın varlığını hiss etməyə ehtiyacımız var. Kor koranə yaşamaq insanı yorur və özündən uzaqlaşdırır. Özünə yadlaşdırır. Bu nöqtədə ədəbiyyat və mədəniyyət bir hobbi deyil, ruhumuzun nəfəs almaq, varlığını hiss etmək, aclığını doyurmaq üçün sığındığı bir liman olur.
Bütün sahələrə hakim olan, ancaq ruhumuzun aclığına çarə olmayan rəqəmsal səs-küydən ən yaxşı qaçış məkanı kitab oxumaqdır.
Sosial medianın bizə təklif etdiyi ani vizual təəssüratlar, müasir görüntülər, yeni kəşflər, elmi açıqlamalar bizə düşünmək üçün zaman, fürsət vermir. İstədiyin hər şey əlçatandır.Bir anda dünyanın ən ucqarından istədiyin ən nadir bilgiyi evinə daşıya bilirsən.
Ədəbiyyat, oxumaq isə səbr tələb edir. Bir şeirin, hekayənin, romanın səhifələrini oxuyarkən zamanı saxlayırıq, düşünürük, özümüzə aid edirik.Bu açarla iç dünyamızın qapısını açırıq.Yaxşı bir kitab oxumaq zehnimizi ötəri bilgilərin yükündən təmizləyir. Ruhumuza yönəlib dərinləşmək bacarığı aşılayır.
Kitab oxuma ( bu kitab elektron da olsa eyni hissdir) anı insanın öz daxilində var-gəl edib, öz gözünün iç dünyasına açılması, öz səsini eşitdiyi nadir anlardandır.Özünlə baş-başa qalaraq kitabın dünyasından öz dünyana keçirsən. Bu sənin özünü tanımağının bir pilləsidir.
Bədii sözün gücü ilə öz kədərini, sevincini, duyğularını, susqunluğunu tanıyırsan, hislərinin adını öyrənirsən, yaşantının mahiyyətinə varırsan, öz kimliyinə işıq tutursan.
Müxtəlif dövrlərdə insanın dəyərlərini, mənəvi dayaqlarını qorumaq üçün ədəbiyyat ən güclü vasitə olub. Dahilərin hikmətindən, yazarların qəlb çırpıntılarından, bəzən təsvirin sadəliyindən süzülüb gələn bir söz ruhumuza toxunur, mənəviyyatımızı oyadır, hətta mənəvi dünyamızı tarazlaşdırıb qoruyur.
Mədəniyyət da, ədəbiyyat da oxuduğumuz əsərlərlə bizə başqalarının ağrısını hiss etməyi öyrədir. Bəzən öz ağrılarımızı da başqa obrazların ağrısı fonunda görüb dərk edirik. Qəhrəmanların həyatını oxuyarkən biz həm bir hekayəyə şahidlik edirik, həm də öz insanlığımızı, duyğularımızı kəşf edirik.
Müasir insan öxuduqları ilə öz mənəvi iqlimini təyin edir, yaradır və bu iqlimdə xoşbəxt olur. Cazibəli rəqəmsal dünya öz parıltısında daşıdığı soyuqluğunda oxucuya mənəvi istilik gətirmir. Bir bağlılıq yaradır və özündən, real aləmdən uzaqlaşdırır.
Hər insanın daxili iqlimi günlük soyuq və quru xəbərlərlə bəslənəndə yarımçıq olur, ancaq oxuduğu dərin yazılar, mənalı əsərlər, dinlədiyi keyfiyyətli musiqi, baxdığı mükəmməl sənət nümunələri insanın iqlimini zənginləşdirir, özünü mükəmməl və məmnun edir.
İnkişaf nə qədər sürətlə getsə də, insanın mənəviyyata, gözəlliyə və səmimi sözə ehtiyacı azalmır.
Gəlin, belə bir test edək: televizoru, telefonu, kompüteri, digət cihazları bir anlıq söndürün. Bir neçə dəqiqə sakitcə oturun. İçinizə dolan hüzuru, rahatlığı hiss edəcəksiniz. Kompüteri, telefonu format etdiyimiz kimi insan hərdən özünü də format etməlidir. Faydası danılmazdır. Hərdən bir neçə dəqiqə özünlə tək qal. Səs-küysüz. Sonra yaxşı bir şeir, fəlsəfi bir məqalə və ya gözəl bir əsərdən bir neçə sətir oxuyun. Ruhunuzun gözəllik iqliminə düşəcəksiniz.
Zamanla köhnəlməyən bir sözü yenə xatırladım sizə: Kitab ən yaxşı dostdur. Həm də müəllimdir.