Qərbi Azərbaycan İcmasında görkəmli alim Süleyman Süleymanovla görüş
22 avqust 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının binasında görkəmli alim, professor Süleyman Süleymanov Muhiddin oğluna həsr olunmuş görüş keçirilib.
Görüşdə ziyalılar, alimlər, gənclər, Qərbi Azərbaycandan olan icma nümayəndələri, qonşu kəndlərin icma sədrləri, həmyerliləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri professor Misir Mərdanov tədbiri açaraq alimin elmi yaradıcılığı haqqında əhatə edən məruzə ilə çıxış edib. Görüşdə professor Süleyman Süleymanovun zəngin elmi fəaliyyəti, baytarlıq elminin inkişafına verdiyi töhfələr, elmi-pedaqoji fəaliyyəti və yetişdirdiyi alimlərdən bəhs olunub.
Çıxışlarda qeyd edilib ki, Süleyman müəllimin elmi yaradıcılığı uzun illər ərzində apardığı fundamental araşdırmalar, çoxsaylı elmi əsərləri, monoqrafiyaları, dərs vəsaitləri, ixtiraları və patentləri ilə səciyyələnir. Onun rəhbərliyi ilə 25 elmlər doktorunun və 38 elmlər namizədinin yetişməsi görkəmli alimin yaratdığı elmi məktəbin mühüm göstəricilərindən biri kimi vurğulanıb.
Tədbirdə professor Süleyman Süleymanovun həyat yolu və şəxsiyyəti də geniş şəkildə diqqətə çatdırılıb. Onun elmə və təhsilə bağlılığı ilə yanaşı, doğma elinə-obasına, Qərbi Azərbaycan irsinə və milli-mənəvi dəyərlərə bağlılığından danışılıb.
Çıxış edənlərdən Ramiz İsmayılov, Füzuli Həsənov, Ayişə Nəbi, Camal İsmayılov, Mayıl İsmayılov, Əlivxan Məmmədov,İbad Mehdiyev, Əvəz Nəbiyev, Daevin Ağamalıyev, Valeh Mirzəyev, Mahir Əliyev, Tanrıverdi bəy və qonşu kəndlərin icma sədrləri, həmyerliləri və digər iştirakçılar professor Süleyman Süleymanov haqqında ürək sözlərini bölüşüblər. Onlar alimin zəngin həyat və yaradıcılıq yolundan, elmi fəaliyyətindən, insanlarla münasibətindən və doğma yurda bağlılığından danışaraq onun şəxsiyyətinə böyük hörmətlərini ifadə ediblər.
Görüşdə Süleyman müəllimin həyat və elmi fəaliyyətinin gələcək nəsillər üçün əhəmiyyətindən də bəhs olunub. Bildirilib ki, görkəmli alimlərin həyat yolunun öyrənilməsi və təbliği gənclərin elmə, təhsilə, milli-mənəvi dəyərlərə və öz tarixi köklərinə marağının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbir səmimi və duyğulu şəraitdə keçib. Görüşün sonunda professor Süleyman Süleymanova xatirə hədiyyəsi təqdim olunub, ona gül dəstələri verilib və iştirakçılar öz xoş arzularını çatdırıblar.
Görüşdə səsləndirilən fikirlərdə professor Süleyman Süleymanovun simasında elmə ömrünü həsr etmiş, öz elmi məktəbini yaratmış və eyni zamanda doğma elinə-obasına bağlılığını qoruyub saxlamış ziyalının həyat yolunun gələcək nəsillərə nümunə olduğu vurğulanıb.
Tədbir iştirakçıları belə görüşlərin davam etdirilməsinin, Qərbi Azərbaycan ziyalılarının həyat və fəaliyyətinin araşdırılaraq gənc nəslə çatdırılmasının vacibliyini qeyd ediblər.
İKLİM.az








