Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
AraşdırmaƏdəbiyyat

Ayişə Nəbi:  Süni intellekt və insan qəlbinin səsi

By İklim
28 Avqust 2026 3 Min Read
0

Müasir dünyada texnologiya həyatımızın hər anına, hər sahəsinə nüfuz etdikcə, insanda ruhunun incəliklərini, kədərini və ümidini ifadə etmək ehtiyacı daha da böyüyür, bu ehtiyac daha çox hiss edilir.    Süni zəka saniyələr içində şeir qoşur, roman yazır, elmi araşdırma məqaləsi hazırlayır, hətta mahnı bəstələyib oxuyur. Belə bir dövrdə ədəbiyyatın və sənətin mahiyyəti  dəyişirmi, mənası nədir bunun? Hər şeyə əlüstü nail olan insan daha xoşbəxt olur? Elə isə bəs bizi klassik və müasir əsərlərə bağlayan sehr nədir? Niyə indi keçmişə və keçmiş əsərlərə daha çox meyl edilir? Niyə insan özünü indi daha çox axtarır, özü üçün daha çox darıxır?

Süni zəka milyonlarla sözü və melodiyanı ani olaraq analiz edib insandan daha yaxşı ritm, qafiyə və harmoniya yarada bilir. Elə isə bəs, yaşanmış bir acının, həsrətin nisgilini və ya bir baxışda gizlənən mənanı,  daxili dünyandakı tufanı, ağrını hiss edə bilirmi? Mətn və ya musiqi sadəcə texniki düzülüşdən ibarət deyil axı. O, insanın fani dünyadakı varlıq mübarizəsi, yaşama tərzi, ruhani, mənəvi axtarışıdır. Burda fransız yazıçısı A.Kamyu nə deyir? Deyir: “Dünya aydın olsaydı, sənət olmazdı.” Yəni,  kainatın və insan ruhunun sirləri, alt qatdakı müəmmaları, ağlın aciz qaldığı yerlərdə məntiqə sığmayan kədəri və sevinci ədəbiyyatı və sənəti doğurur.

Qısaca, rəqəmsal kodlar bəşəri bilgiləri daşıyır, amma duyğuları daşımır.

Bir şairin misraya köçürdüyü hissi-həyəcanı texnologiya təqlid edə bilir, amma onu duya bilmir. Duymadıı üçün ötürə də bilmir. Yaşanmışlığın bir ruhu var.Texnologiyada olmayan bir hiss.

Böyük L. Tolstoy ədəbiyyatın və sənətin mahiyyəti haqda, “Sənət insanın yaşadığı hissi başqalarına  ötürmək vasitəsidir” deyir. Süni zəkanın hissi olmadığı üçün onun ötürəcəyi canlı bir həqiqət də yoxdur.İnsanın isə duyğuları, ən alt qatda yaşadığı hisləri üz ifadəsi, baxışı, duruşu ilə ötürülür və bu daha əbədidir. Enerjinin itməməsi və bir şəkildən başqa şəklə keçməsi qanunu buraya da aiddir.

Son zamanlar süni intellektlə mahnı sözləri və müsiqisi yazdırıb, rəqəmsal səslərlə oxutdurmaq dəb düşüb. İlk baxışdan bu melodiyalar qulağa xoş gəlir, dinləyicidə ani maraq oyadır. Dinləyirsən. Ancaq səsdəki quruluq daxili duyğulara keçmir. Bəlkə mənə elə gəlir. Odur ki, burada bir sual vermək istəyirəm: Bu, sizcə, ya da sizin üçün həqiqi zövqdür, yoxsa saxta bir illüziyadır? Algoritmlərin musiqisi zövqünüzü oxşayırmı?  

İnsanın ifasında, muğamın bir zənguləsində və ya sazın, tarın simindəki yanıqlı ifada insan nəfəsi, ruhi yaşantısı, kədəri və göz yaşları var. Süni zəkanın  yaratdığı musiqi mükəmməl olsa da, canı və ruhu olmadığı, quruluğu ilk dinləmədən sonra hiss olunur. Sintetik səs nə qədər təmiz, səlis oxusa da, insanın içindəki o gizli məqama, əlçatmaz nöqtəyə toxunmur, ruhuna titrəyiş sala bilmir. Çünki zövq yalnız səsin ucalığında, hamarlığında deyil, o səsin arxasındakı yaşanmışlığın səmimiyyətində, duyğusundadır.   

Bu səmimiyyəti təkcə əsərlərdə deyil, canlı insan ünsiyyətində də aydın görürük. Məsələn, bu yaxınlarda görkəmli alim Süleyman Süleymanovla keçirilən görüşdə (https://iklim.az/) zalda hiss olunan o canlı həyəcanı, müəllim təbəssümünü, alim gözlərindəki işığı və auditoriya ilə qurulan mənəvi bağı hansı süni intellekt təkrarlaya bilər? Süni intellektlə təşkil olunan mükəmməl bir texniki təqdimat sizə informasiya verə bilər, amma bir ziyalının canlı nəfəsindəki istiliyi, zalı bürüyən o səmimi ruhu əsla bəxş edə bilməz. Çünki insandan insana keçən mənəvi enerji, hal köçürülməsi heç bir alqoritmə sığmır.

Hər dövrün öz böhranı və təlaşlı gərdişi olur. İnsanlıq çətinliyə düşəndə, ruhi tənhalıq yaşayanda hər zaman kitablara, canlı söhbətlərə və insan səmimiyyətinə sığınıb. Bir romandakı obrazın kədərində özümüzü tapmaq, canlı bir görüşdə ruhən arınmaq yalnız insana xas olan möcüzədir. İç aləmə qayıdışımız səmimi duyğularla bəslənir.

Qədim dastanlarımızdan tutmuş klassik şeirimizə və müasir nəsrimizə qədər bütün ədəbi-mənəvi irsimiz kimliyimizin yaddaşıdır. Gələcək nə qədər rəqəmsallaşsa da, insan qəlbinin dərinliklərinə işıq tutan yeganə vasitə yenə də canlı, səmimi söz, insan ruhundan süzülən melodiya və rastlaşdığımız o isti ünsiyyət olaraq qalacaq.

Bütün bu dediklərim heç də zamanın gətirdiklərinə biganə qalın istifadə etməyin demək deyil.Əksinə bütün yenilikləri qəbul edib yararlanmalıyıq.Ancaq insani keyfiyyətləri unutmadan, süni zəkanın bağırdığı yerdə pıçıldayan qəlbinizin səsinə qulaq verərək.

Author

İklim

Follow Me
Other Articles
Previous

Qərbi Azərbaycan İcmasında görkəmli alim Süleyman Süleymanovla görüş

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme