Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
AraşdırmaƏdəbiyyatİctimai

Füzuli dərdi..

By İklim
04 Sentyabr 2026 4 Min Read
0

GÜLYAZ ƏLİYEVA

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini

Füzuli dərdi…
“Bir dövrdəyəm ki, nəzm olub xar…”
Bu misranı oxuyanda adamın ağlına istər-istəməz Füzulinin yaşadığı dövr gəlir. Şairin zəmanəsindən, şeirin, sənətin layiq olduğu qiyməti görməməsindən gileylənməsi, bu gileyin onlarla beytində, xüsusən də sırf şikayət üzərində qurulmuş “Şikayətnamə” əsərində əksini tapması hamıya məlumdur.
Füzulinin bu ürəkağrıdıcı misralarını, adətən, ayrı-ayrı qəzəllərində və “Leyli və Məcnun” poemasında oxuyuruq. Lakin mənim diqqətimi ən çox cəlb edən, bu gün də insanı düşündürən misraları “Leyli və Məcnun” poemasının “Bu ərzi-ədəmi qüdrətdir və üzri-fiqdi-qüvvətdir” adlı ilk bölməsində yer alır:
Bir dövrdəyəm ki, nəzm olub xar,
Əşar bulub kəsadi-əsar.
Ol rütbədə qədri-nəzmdir dun,
Kim küfr oxunur kəlami-mövzun.
Bir mülkdəyəm ki, gər udub qan,
Məzmuni-ibarətə çəkib can,
Min riştəyə türfə ləl çəksəm,
Min rövzəyə nazənin gül əksəm,
Qılmaz ona hiç kim nəzarə,
Derlər gülə xar, lələ xarə.
“Bir dövrdəyəm ki, nəzm olub xar” – deyə şeiri anlamayan, sənətin qədrini bilməyən mühitdən gileylənən Füzuli bütün bunlara baxmayaraq ümidini itirmirdi. İnanırdı ki, “Gəncineyi-nəzm gizli qalmaz, Sanman günəş olsa, nur salmaz” və şeirin, sözün qədir-qiyməti bir gün yenidən özünə qayıdacaq.
Amma bunun üçün yalnız gözləmək olmazdı. Səy göstərmək, mübarizə aparmaq lazım idi. Füzuli də məhz bunu edirdi:
Dövran istər ki, xar ola nəzm,
Biizzəti-etibar ola nəzm.
Mən müntəzirəm verəm rəvacın,
Bimar isə eyləyəm əlacın.
Ol nəqdi-kəmali-hikmət eylər,
Lazım bilirəm xəsarət eylər.
Təmiri-xərabə talibəm mən,
İnşəallah ki, qalibəm mən.
Füzulinin əsərlərinin, xüsusən də nəsrinin dili bugünkü oxucu üçün bir qədər çətindir. İndiki gəncin onun əsərlərini bütün incəlikləri ilə anlaması, əlbəttə, asan deyil. Amma elə ifadələr, elə misralar var ki, sanki Füzuli onları beş əsr əvvəl deyil, bu gün üçün yazıb.
Məsələn:
“Salam verdim, rüşvət deyildi deyə almadılar.”
Bu ifadəni oxuyanda adamın ağlına “Füzuli bunu necə görmüşdü?” sualı gəlir.
Deməli, zaman dəyişib, cəmiyyət dəyişib, texnologiya dəyişib, amma bəzi dərdlər dəyişməyib…
Ən başlıcası isə budur: Füzulinin Azərbaycan ədəbi dilinin inkişafında xidmətləri misilsizdir. F. Köçərlinin sözləri ilə desək, “türk dilinə rövnəq verən və onu xarü-xaşakdən təmizləyib bir göyçək və səfalı çəmənə bənzətməklə biz türklərin boynuna böyük minnət qoyan” da məhz Füzuli olmuşdur.
Dilimizin təmizliyi, ifadəliliyi, şeirin nüfuzunun bərpası yolunda böyük əziyyətlər çəkən Füzuli:
“Məndə tövfiq olsa, ol düşvarı asan eylərəm,
Novbahar olğac, tikəndən bərgi-gül izhar olur”
– deyirdi.
O, öz əsərləri ilə Azərbaycan ədəbiyyatına bir bahar havası gətirdi, söz sənətimizi laləzara çevirdi.
Mətləbə uzun yoldan gəldim…
Bizdə belə bir ifadə var: çox geniş girişlə danışan adama “məxrəzl”, “sədətə gəl”, yaxud “sözünün canını de” deyərlər.
İndi sözümün canını deyim.
Uzun illərdir FADMM Bakının küçələrində dilimizin təmizliyi, reklamların, obyekt və müəssisə adlarının Azərbaycan dilində, “Azərbaycan dili haqqında” Qanunun tələblərinə uyğun yazılması uğrunda mübarizə aparır. Bununla bağlı aidiyyəti qurumların, demək olar ki, hamısına müraciətlər edilib.
FADMM hesab edir ki, mübarizə yalnız müraciətlərlə bitməməlidir. Əhalinin maarifləndirilməsi, vətəndaş mövqeyinin formalaşdırılması da vacibdir.
Elə buna görə də 6 ildir ki, yağış, qar, soyuq, isti, külək bilmədən Bakı küçələrini qarış-qarış gəzir, dövlət dilində yazılmayan, orfoqrafik və üslubi səhvlərlə dolu reklamların, obyekt adlarının şəkillərini çəkir, onları ictimailəşdiririk.
M. Füzuli, B. Vahabzadə, Ş. Qurbanov, H. Cavid küçələri, Azadlıq prospekti, Fəvvarələr meydanı ətrafı və digər ərazilərdə reklam və obyekt adlarının siyahısını çıxarmış, onların linqvistik təhlilini aparmışıq. Bu materialların bir çoxu müxtəlif saytlarda dərc olunub.
Bütün bunlar niyə edilir?
Çünki dil sadəcə sözlər toplusu deyil. Dil milli kimliyimizdir. Dil dövlətçilik atributudur. Dil bizim yaddaşımızdır.
Amma adamı ən çox düşündürən, bəlkə də, məhz Füzuli dərdidir.
Bu qədər ciddi və milli əhəmiyyət daşıyan məsələyə – ana dilimizin qorunmasına və inkişafına vətəndaşların, hətta bəzi ziyalıların bu qədər laqeyd yanaşması təəssüf doğurur.
Daha acınacaqlısı isə dil məsələsinə görə mübarizə aparan insanlara “bekar”, “çürükçü”, “işi-gücü olmayan”, “bunları etməklə “layk” yığıb pul qazanan” kimi sözlərin deyilməsidir.
Bu, sadəcə, bir insanı təhqir etmək deyil. Bu, dil uğrunda görülən işi kiçiltmək, milli məsuliyyət hissini dəyərsizləşdirməkdir.
Sosial şəbəkələrdə hansısa müğənninin səhnəyə necə çıxması ilə bağlı paylaşım minlərlə baxış, minlərlə şərh toplayır. Belə mövzular günlərlə müzakirə olunur. Amma ana dilimizin küçələrdəki vəziyyətinə dair paylaşım beş-altı bəyənmə belə toplamır.
Bəzən isə daha acınacaqlı mənzərə ilə qarşılaşırıq: dil məsələsinə diqqət çəkən paylaşımın əleyhinə yazılan rəylər daha çox bəyənilir.
Bəs heç düşünürükmü ki, həmin şəkilləri çəkmək, küçələri gəzmək, səhvləri müəyyənləşdirmək, siyahılar hazırlamaq, araşdırmaq və ictimailəşdirmək üçün nə qədər vaxt və zəhmət sərf olunur?
Üstəlik, bütün bunlar təmənnasız, yalnız ana dilinə olan sevgidən və vətəndaşlıq məsuliyyətindən irəli gələrək edilir.
Belə məqamda Füzulinin:
Min riştəyə türfə ləl çəksəm,
Min rövzəyə nazənin gül əksəm,
Qılmaz ona hiç kim nəzarə,
Derlər gülə xar, lələ xarə…
– misralarının hansı hisslərlə yarandığını necə də yaxşı anlayırıq!
Əsrlər keçir, amma bəzi dərdlər dəyişmir.
Füzuli öz dövründə sözün, şeirin, sənətin qədrini bilməyənlərdən gileylənirdi.
Biz isə bu gün dilimizin qədrini bilməyənlərdən gileylənirik.
Füzulinin dərdi ilə bizim dərdimiz arasında əsrlər var. Amma hiss eynidir.
Və belə yerdə insan “Ağası gülüm olanın başına küküm olar” ifadəsini, doğrudan da, yana-yana söyləmək istəyir.
Bəlkə də ən ağrılı sual budur:
Füzuli öz dövrünün dil dərdini çəkirdi. Bəs biz öz dövrümüzün dil dərdini kimə həvalə edirik?
FADMM sədri Vasif Sadıqlının sözləri ilə desək:
“Vətəndaşın münasibəti belə olanda, Bakının urvatı da belə olacaq!”
Mən isə buna bir cümlə əlavə edərdim:
Ana dilinə münasibətimiz dəyişməsə, şəhərimizin dili də, siması da dəyişməyəcək. Çünki şəhərin urvatı da, millətin urvatı da onun dilindən başlayır.

Author

İklim

Follow Me
Other Articles
Previous

 Kerol En Daffinin “Son borc” şeiri

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme