Tanınmış yazıçı Eluca Atalının “Bütöv Azərbaycan yolu…” kitabı işıq üzü gördü.
Bu kitab milli düşüncə, tarixi yaddaş və Azərbaycanın gələcəyi ilə bağlı mühüm məsələləri yenidən gündəmə gətirir. Bütöv Azərbaycan düşüncəsi və bu yolda qarşıda duran maneələr haqqında müəlliflə söhbəti sizə təqdim edirik.
Sual: Hörmətli Eluca xanım, yeni kitabınızın işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. “Bütöv Azərbaycan yolu…” kitabını oxuculara necə təqdim edərdiniz? Əsərin əsas ideyası və oxucuya ünvanlanan başlıca çağırışı nədir?
Cavab: İlk öncə təbrikiniz üçün təşəkkür edirəm. Bilirsiniz ki, bir kitab çapa qədər nə kimi ağır proseslərdən keçir və hər bir müəllif istəyir onun kitabda həll etdiyi ideya geniş oxucu kütləsinə yayılsın, lazımı reaksiya görsün. Asif Atanın sözü ilə desəm, kitab hadisə olmalıdır. Burda söhbət əsl kitabdan gedir, beş günlük olan kitabdan yox, oxucunu öz arxası ilə aparan, onun beynini ideya ilə silahlandıran. Buna nail olmaq üçün kitabda qoyduğun məsələni hər tərəfli, həm də geniş oxucu kütləsinin beyninin həzm edəcəyi səviyyədə ideyanı həll etmək lazımdır. Bir də unutmaq lazım deyil, kitab yazmaq məqsəd olmamalıdır, kitab vasitədir. Məqsəd ideyadır, düşüncədər, kitabsa o düncəni oxucuya çatdıracaq ən əlverişli vasitədir. Gileylənmək kimi çıxmasın, bugünkü günümzdə kitab məqsədə çevrilməyə başlayıb. Yalnız məddah ədəbiyyatını nəzərdə tutmuram, onsuz da onun mövqeyi tarixən bəllidir – olmayanı vəsf edib xoşa gəlmək, gündəmdə qalmaq. Təəssüf edirəm, bu gün kitaba dırnaqarası baxanlar onu cılızlaşdırıblar. İxtisasca kitabşünas olduğum üçün bu yerdə dərdim təzələndi.
“Bütöv Azərbaycan yolu…” kitabı BÜTÖVLÜYÜMÜZƏ çağırışdır, ən azı 50 milyon insanın dərdini özündə cəmləmək kimi missiyanı vərəqlərində daşıyır. Bütün siyasi və mənəvi çıxış yolumuzun bütövlükdən keçdiyini çatdırmaq istəmişəm. Diqqət edin, yalnız siyasi yox, həm də mənəvi qurtuluşumuzu bütövlükdə görürəm.
Sual:Bədii əsərlərinizdən fərqli olaraq, bu dəfə oxucuların qarşısına elmi-publisistik bir kitabla çıxmısınız. Bu seçim düşüncələrinizi artıq yalnız bədii ədəbiyyatın çərçivəsinə sığışdıra bilməməyinizdən irəli gəldi, yoxsa kitab konkret milli və ictimai ehtiyacdan doğdu?
Cavab: Bildiyiniz kimi, bundan qabaq Güney Azərbaycanla bağlı 4 romandan ibarət “İran Hizbullah zindanında” tetralogiyasını yazdım. Güneyin bugünkü məşəqqətlərinin hardan gəldiyini, İran islam inqilabının antiinsani olduğunu, mənəvi baxımdan iflasa uğradığını bədii formada yazdım, əlbəttə, 12 il inqilab, intibah və insan mövzusunu araşdıraraq. Bədiiyatla publisistika bir-birinə yaxın olsa da, amma fikri çatdırmaq imkanları başqa-başqadır. Bədiiyat geniş təsvir tələb etdiyi halda, publisistikada sözü birbaşa demək imkanı var. Dününcələrimi çılpaq formada demk üçün son kitaba məhz publisistika növünü seçdim.
Sual: Əbülfəz Elçibəyin “Bütöv Azərbaycan yolunda” adlı tanınmış kitabı var. Sizin kitabınızın adı da həmin əsərlə ideya və səsləniş baxımından yaxınlıq təşkil edir. Bu yaxınlıq oxucularda çaşqınlıq yarada bilərmi, yoxsa kitabın adını Elçibəyin başladığı düşüncə yoluna şüurlu bir istinad kimi dəyərləndirmək lazımdır?
Cavab: Baxmayaraq, kitab yaxın günlərdə yayımlanıb, amma artıq bu sualı səsləndirən oxucular qədərincə var. İlk baxışdan çaşqınlıq yarada bilər, lakin mahiyyət etibarı ilə Bütöv Azərbaycan ideyasına baxış və ona gedən yol fərqlidir. Hədəf eynidir: Azərbaycan Bütövləşməlidir! Biz bu məsələdə düşmən mövqe tutmuruq, amacımız eynidir. Elçibəy Güney Azərbaycanın üç yağısı olduğunu demir. Farsçılığın, dinçiliyin, qərbçiliyin yolumuzda böyük maneə olduğunu görmədən, demədən, bu daş-kəsəyi yolumuzdan təmizləmədən nəyə nail ola bilərik?

Sual: Sizin böyük bir düşüncə məktəbinin — Asif Ata Ocağının Övladı olduğunuzu bilirik. Asif Atanın “Uluyurd Aqibəti — Bütöv Azərbaycan” əsərindən sonra bu mövzuda yeni və fərqli fikir söyləmək nə dərəcədə mümkündür? Sizin kitabınız həmin fəlsəfi irsin davamıdır, yoxsa bəzi məsələlərdə yeni yanaşma ortaya qoyursunuz?
Cavab: Yaxşı sualdır. Ata Övladı Atanın yaratdığı Mütləqə İnam yolunun davamçısıdır, kölgəsi deyil. Atadan sonra Övlad fərqli heç nə yaratmır, sadəcə, Ata ideyalarını müxtəlif formada izhar edir, bədiiyata çəkir və ya belə deyərdim, sənətin müxtəlif sahələrində tətbiq edir. Eyni zamanda Atanın Uluyurd ideyası Bütöv Azərbaycan hərəkatında hamımızın – o taylı-bu taylı yurddaşlarımızın birgə hərəkət etməsini qarşıya məqsəd qoyur. Atanın yurdçuluğa baxışını desəm, məsələyə aydınlıq gətirmiş olaram. “Yurdçuluq – müqəddəsləşən TORPAQ, müqəddəsləşən AQİBƏT, müqəddəsləşən XALQ deməkdir. Bunların üçünün birliyi deməkdir. Yəni yurd göylüyündə torpaq özünün ruhani ucalığına yüksəlir.” “Bütöv Azərbaycan yolu…” kitabında Atanın “Bütöv Azərbaycan – Uluyurd Aqibəti” kitabında göstərdiyi Güney Azərbaycanın üç yağısı – farsçılıq, dinçilik, qərbçiliklə döyüşün yollarını mən daha geniş formada və həm də geniş oxucu kütləsinin dərk edib mənimsəyə biləcəyi bir dildə bacardığım qədər şərh etmişəm.
Sual: Bütöv Azərbaycan düşüncəsi uzun illər daha çox milli ideal və mənəvi hədəf kimi təqdim olunub. Sizcə, bu düşüncənin gerçək ictimai-siyasi yol xəritəsinə çevrilməsi üçün hansı mərhələlərdən keçmək lazımdır?
Cavab: Bütöv Azərbaycan düşüncəsini yalnız milli ideal və mənəvi hədəf kimi şərh etsək, onu kiçiltmiş olarıq. Bu bizim üçün aqibət məsələsidir, milli taleyüklü problemdir və həm də həlli yalnız bizdən asılı olan. Kitabda da bu haqda yazmışam, “Əgər milli azadlıq hərəkatında özümüzdən savayı kimsəyə bel bağlasaq, uçuruma yuvarlanarıq.” Baxın, Səttarxan hərəkatına, inqilabı biz etdik, sonu faciə ilə nəticələndi: farslar bəhrələndi. Pişəvəri hərəkatı, nə baş verdi? İnqilabçılar öz qanlarında boğuldular, edamlar, asmalar, sözün əsl mənasında kəsmələr. Məhəmmədrza Pəhləvi hərbi qırıcı təyyarə ilə şəxsən özü Təbrizin üzərindən uçub şəhəri bombaladı, türkü atının ayaqları altında qurban kəsdirdi. Yüz illərlə İranı idarə edən türk, axırda nə günə gəlib çıxdı. Bir dənə də olsun anadilində məktəbi yoxdur və s. problemlər. İstərsə də İran İslam inqilabında türklərin fəallığı. Axırı nə oldu? İranın zindanları türklərlə doldu-daşdı, yer olmadı, kütləvi edam etdilər. Ölkəni ət fabrikinə çevirdilər – can almaqla. Bu yalnız qorxu ilə inqilabı qəbul etdirmək deyildi, kim bu edamları belə anlayırsa, demək, o rejimin mahiyyətini dərk etməyib. Bu türk gəncliyinin gözünü qorxutmaq üçün idi bir də baş qaldırmasın. Bilirsiniz, inqilabı yaşlı nəsil etməz, bu gəncliyə hesablanır enerjili olduğu üçün. Bu səbəbdən də Güney məsələsi mənəvi hədəf ola biləməz, ciddi məslədir. Ciddiyyət tələb edir. Nə etməliyik? Birinci mərhələ AYDINLAŞDIRMADAN keçir. Ata deyir: “Xalqa yerimək öyrətmədən, onu ayaq üstə qaldırmayın”. Yerimək nə anlamına gəlir? Beyin silahlanmalıdır, idrak yad ideologiyalardan təmizlənməli, mübarizənin hədəfi yalnız bir qrupa yox, bütün xalqa bəlli olmalıdır. Molla rejimi xalqı çox əzib, qorxudub, onu qorxudan çıxarmaq üçün özünə inam yaratmaq lazımdır. Bunun üçün biz sizinləyik, birgə çalışmalıyıq və elə etməliyik ki, Quzey Azərbaycanda etdiyimiz səhvləri Güneydə etməyək. Hərəkat hay-küy səviyyəsindən çıxmalı, ciddi forma almalıdır.
Quzeydəki səhvləri Güneydə təkrarlamayaq dedikdə, xalq millətçilik dərsi keçmədi, o üzdən İran bu boşluqdan bəhrələnib öz zəhərli ideologiyasını Quzeydə yaya bildi.
Sual: Kitabınızda Güney Azərbaycan məsələsi hansı baxımdan dəyərləndirilir? Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda apardığı mübarizə Bütöv Azərbaycan yolunun başlanğıcıdır, yoxsa daha geniş və çoxmərhələli bir prosesin əsas hissəsidir?
Cavab: Güneydə uzaq və yaxın keçmişimizdə olmuş bütün hərəkatların, istər siyasi, ictimai, istərsə də mədəni, hamısının təhlili və ordan çıxan nəticələr şərh edilir. Yaxşısı və pisi ilə. Bir xalqın hərəkatında hər şey yüksək səviyyədə olmur, bu yalnız bizim hərəkata aid deyil. Tarixdə olmuş böyük inqilablara da bu aiddir, nümunəsi olaraq Fransa burjuaziya inqilabı, Böyük Oktyabr inqilabı və bizə baş bəlası olmuş İran İslam inqilablarının paralel təhlillərini vermişəm. Əslində bu bir aksiomadır inqilab öz övladlarını yeyir, çünki heç bir inqilab insan anlayışını mərkəzdə qoymur. Düşünürlər, cəmiyyət dəyişəcək və bu dəyişmədə yeni insan növü yaranacaq. Təəssüf ki, bəşər hələ buna nail olmayıb. Mən sizin sualınıza qəsdən geniş cavab verirəm ki, fikrim oxuculara çatsın. Güney Azərbaycan milli azadlıq hərəkatında yaranan səhvlər hərəkatın hədəflərini geniş kütlənin və ya çoxluğun deyək, dərk etməməsindən irəli gəlir.
Güneydəki soydaşlarımızın milli haqlarının hüquqda yer alması tələbi Bütöv Azərbaycan yolunun başlanğıcı yox, mən canı hesab edirəm. Nədən? Sorsanız, deməliyəm ki, İran mollası öz ölümünə razı olar, amma güneylilərin tələb etdikləri haqlarının qanunda yer almasına izin verməzlər, çünki bu ikinci dərəcəlilikdən, köləlikdən çıxmaq olar. Bu bərabərhüquqluluq deməkdir, rejim bizi özünə bərabər hesab etmir, bu onun əzmək məfkurəsinə ziddir. Bir də unutmayaq, haqq verilmir, alınır. Haqqımıza sahib olmaq üçün Bütöv Azərbaycan qurulmalıdır. Quzeydə 70 il işğal altında qalmış Demokratik Respublikanı yenidən sovet rejimindən azad etdik. Güneydə 80 ildir basqı altında olan, Milli Höküməti yenidən geri almalıyıq. Kim bundan fərqli düşünürsə, o qul psixologiyası ilə yaşamağa alışıb.
Sual:Sizcə, Bütöv Azərbaycan düşüncəsinin qarşısında dayanan ən böyük maneə xarici güclər və bölgədəki geosiyasi maraqlardır, yoxsa Quzey və Güney Azərbaycanda ortaq milli iradənin hələ tam formalaşmamasıdır?
Cavab: İlk öncə daxildə fəaliyyət göstərən fəallarımızın bəzilərindəki “xaricilik” xəstəliyi bizə çox mane olur.
Siz 3 amillə işarə edirsiniz, əslində 3-də yolumuzda maneə kimi var. Birinci, xarici güclər heç zaman imkan verməzlər İran parçalansın, çünki regionda 40 milyonluq türk dövlətinin yaranmasına zəmin var. Üstəgəl 10 milyon Quzey Azərbaycan, 90 milyon Türkiyə, qarşıda açılacaq Zəngəzur dəhlizi və onun uzanıb getdiyi yol Türküstan. İran əsl qarın ağrısını dilə gətirməsə də, lakin biz naşı deyilik, onun sancısını anlayırıq. Bu işin sabahına baxanda qorxu yaradır bizdən kənardakılar üçün. Kim sənə imkan verər ki, böyük dövlət olasan? Onun idarəçiliyi var. Dünyada böyük dövlətlər ona görə böyükdürlər ki, balaca dövlətləri qoltuqları altında saxlayırlar, onların balacalıqlarından bəhrələnirlər. Sən Güney müstəqil olacaqsan və Türk Dünyası adlanan böyük dənizə axacaqsan – Rusiyaya, İrana yox. Bu regionda İran, Rusiya üçün kabus olduğu qədər digərləri üçün də qorxulu röya yaradır. Düşünürəm, bu sualınıza geniş cavabı “Üç vəd, üç tələb” romanımda təsvir etmişəm. Digər tərəfdən hər iki tərəf – Quzey və Güney hələ ki, ortaq milli iradə ortaya qoymayıblar və qoymamaları üçün İran 37 ildir Quzeyə din adı altında kütlənin beyninə kanalizasiya suyu axıdır. Mən kiminsə inamına toxunmaq istəmirəm, amma inam insanı artırmalı, yetişdirməlidir. Təəssüf ki, din adı altında ərəb mənəviyyatı, ərəb məfkurəsi bizim millətin beyninə yeridilir, orda türkçülüyə, milli mənfəətə yer yoxdur. İran bunu bilərəkdən edir. Nə olur-olsun, sən öz kimliyin haqda düşünüb ayılmayasan. Və ən əsası qismətçilik var, sənin taleyin sənin alnına yazılıb sən doğulmamışdan, sən ondan qaça biləməzsən. Sanki tilsimlənmisən nağıllardakı kimi. Budur din, sənin əl-qolunu qismətçilik adlı cəfəngiyyatla bağlayırlar, zəncirləyirlər. Bu nəyə gətirib çıxarır? İnsani haqqını tələb etməyəsən, onu düşünməyəsən. Yuxarıda dedim, Asif Ata Güney Azərbaycan qarşısında duran 3 yağını göstərib – farsçılıq, dinçilik, qərbçilik. Nədir farsçılıq? İran fasr dövlətidir, burda heç zaman türk olmayıb, azərilər var farsdan dönmə. Cəfəngiyyat! Bu cəfəngiyyata cild-cild kitablar yazdırıb təbliğ edir hakimiyyət, bilərəkdən edir bu uydurmanı, təbliğat aparatı güclü şəkildə işləyir. Bu yalnız indiki molla rejiminin balaca beyninin icad etdiyi fantastik ideya deyil. Guya İranda 40 milyon türk yaşamır, onlar farsdan dönüblər, azəridilər. “Azəri” kəlməsi Rza Pəhləvinin Kəsrəviyə yazdırdığı sifarişli tarixdən irəli gəlir, türkləri özünə inamsız etməkdən ötrü. Kəsrəvi qocalanda qoca həpəndin “yaddaşı” qayıtdı, etdiyi səhvi anlayıb etiraf etdi. Bəlkə də qocalıb ağlını itirdiyindən, ya da vicdanı oyandığından bunu etiraf etdi. Tarix naşıya dərs verir, lakin tarixdən dərs almayanlar tarixin bataqlığında çabalayır, ölçüsüz olduqları üçün.
Din haqqında dedik, verilənlə razılaş, şükür et, sən bundan artığına nail ola bilməzsən, hər şey Allahdan asılıdır, o nə edirsə, bilir, sən ondan artığını bilə bilməzsən. “Şükürçülük” anlayışını aşmaq lazımdır, şəxsən mən bir saniyə də şükürçü olmadım. Nə əldə etdimsə iradəmlə etdim, həyatım uğrunda vuruşdum, əks halda Asifçilik yoluna da düşməzdim. O yaxşıdır, bu yaxşıdır ölçüsündən qurtulmalıdır milli hərəkatımız. Bir ölçü olmalıdır – Azadlıq! Yalnız Kamil İnsan azaddır. O üzdən hərəkatımız yetkin düşüncə tələb edir.
Sual: Bu kitabı oxuyan bir gənc nə anlamalı və hansı nəticəyə gəlməlidir? Siz əsərinizlə yalnız milli yaddaşı oyatmaq istəyirsiniz, yoxsa oxucunu düşüncədən əmələ, seyrçi mövqeyindən milli məsuliyyətə çağırırsınız?
Cavab: Sizin dediklərinin hamısı “Bütöv Azərbaycan yolu…” kitabında şərh edilib. Birinci, kimlik böhranından çıxmaq. Özü gücünü səfərbər etmək, bunun üçün də özünə inamın insanda aşkarlanması. İkincisi, milli yaddaşın oyanması milli azadlıq hərəkatında ən başlıca amildir. “Azəri” kəlməsinə qapılıb qalan millətin əl-qolu bağlı olar, bu həm də özünü başqasının arşını ilə ölçməkdir. Yenə gəlirik kimlik məsələsinə. Aydınlaşma – durulma, düşüncə yadlıqdan təmizlənməzsə, hərəkat uçuruma yuvarlanar. Öz ayağın üstə durmaq üçün gedəcəyin yolun mahiyyətini tam dərk etməlisən. Pişəvəri hərəkatı mənfur kommunist tələsində can verdi. Yad ideologiyalar bizə heç vaxt yaramayıb və yaramayacaq. Mən istəyirəm kitabı oxuyan hər bir kəs kimliyindən asılı olmayaraq bunu dərk etsin.
Söhbəti hazırladı: Məsud Haray