“EON” romanı ədəbi mühitə daxil oldu
Azərbaycan Yazıçılar Birliyi Natəvan adına klubda 30 oktyabr 2026-cı ildə gənc yazıçı Gül Turanın yenicə çap olunan “EON” romanı oxuculara təqdim edildi.
Təqdimat tədbirdə 100-dən artıq oxucu, ədəbiyyatsevər, tanınmış qələm adamı və sənət nümayəndəsi iştirak etdi.
Tədbirin aparıcısı, şair Dəyanət Osmanlı iştirakçıları salamlayaraq müəllifin yaradıcılığı haqqında qısa məlumat verərək romanı təqdim etdi və sözü əsəri oxuyan qələm adamlarına verdi.
Tədbirdə “Xəzər” ədəbi-bədii jurnalının baş redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçid, şairə Nəcibə İlkin, ədəbiyyatşünas tənqidçi Vaqif Yusifli, filosof-fizik Razim Əliyev, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, AYB-nin katibi, şair – tərcüməçi Səlim Babullaoğlu, şairlər Yusif Nəğməkart, Nurhafiz, Rəşid Faxralı, Dayandur Sevgin, Xaqani Abbaslı, rejissor və aktyorlar Vüqar bəy və Ellada Sarvan, eləcə də digər sənət adamları çıxış etdlər.
Çıxışlarda romanın ədəbi məziyyəti vurğulandı, ədəbi-bədii və fəlsəfi qatlarının mahiyyəti açıqlandı, müəllifin mövzuya yanaşması, süjet quruluşu, dili və üslubu ətrafında maraqlı mülahizələr səsləndirildi.
Şairə Nəcibə İlkin əsərin süjet xətti və hadisələrin gedişatı, romandakı sevgi və ayrılıq, , ölüm və ölümsüzlük anlayışlarının, mifologiyanın və sənətin əsərdəki bədii həllinə xüsusi diqqət çəkdi.
Yazıçı-tərcüməçi Etimad Başkeçid romanın məzmunundakı ədəbi-bədii orijinallığı, mövzunun işlənmə tərzi və əsərin fəlsəfi dərinliyini ətraflı təhlil etdi. O, Gül Turanın hadisələrin mahiyyətinə nüfuzetmə bacarığını, romanın özünəməxsus üslubunu xüsusi vurğuladı. Zaman və mifoloji düşüncənin bədii təxəyyüllə ustalıqla uzlaşdırılmasına, reallıqla mifin qovuşduğu məqamda yaranan sənət ecazıının orijinallığını ifadə edən əsas bədii məziyyətləri önə çəkdi.
Ədəbiyyatşünas və tənqidçi Vaqif Yusifli əsəri gənc nəslin ədəbiyyata gəlişi kontekstində dəyərləndrərək, Gül Turanın ilk romanı ilə bağlı diqqətçəkən fikirlər səsləndirdi. O əsərin axıcı dilini və üslub xüsusiyyətlərini romanın diqqətəlayiq cəhətləri sırasında önə çıxdığını qeyd etdi.
Filo-fizik Razim Əliyev romanın simvolik məna qatlarının zənginliyinə, mifoloji elementlərlə real həyat hadisələrinin qovuşmasındakı ustalığa və bu iki müstəvinin bədii əsərdəki mükəmməl vəhdətinə diqqət çəkdi. Romanın fəlsəfi və simvolik məzmununun mütaliəyə yeni çalarlar gətirəcəyini fikirlərinə əlavə etdi.
AYB-nin katibi Səlim Babullaoğlu Birliyin gənc yazarların yaradıcılıq fəaliyyətinə göstərdiyi dəstəkdən, onların ədəbi mühitdə öz sözlərini demələri üçün yaradılan imkanlardan danışdı. O, gənc müəlliflərin ədəbiyyata gəlişində ədəbi mühitin, diqqət və dəstəyin əhəmiyyətini vurğulaydı.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs isə yaradıcılığa yeni başlayan müəlliflərə münasibətdə həssaslığın vacibliyinə toxundu. O, gənc yazıçıların yaradıcılıq axtarışlarının diqqətlə izlənilməsinin və onların psixoloji baxımdan dəstəklənməsinin əhəmiyyətini dilə gətirdi.
Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndəsi İbad Mehdiyev çıxış edərək müəllifi təbrik edib, ona xoş arzularını və ürək sözlərini çatdırdı. “Ümid Yeri” uşaq sığınacaq evinin müdiri Nigar Mənsimova Gül Turanı təbrik edərək müəllifə səmimi arzularını ifadə etdi.
Digər çıxışçılar – Yusif Nəğməkar, Nurhafiz, Rəşid Faxralı, Dayandur Sevgin, Xaqani Abbaslı, Elza İbrahimova, Ellada Sarvan, Ayişə Nəbi və başqaları da romanla bağlı öz mülahizələrini bölüşərək Gül Turanın Azərbaycan ədəbiyyatına yeni imza kimi gəlişinə uğurlar dilədilər.
Təqdimatda, əsəri oxumuş qələm adamlarının fikirlərindən belə qənaətə gəlmək olar ki, müəllifin ilk romanı olan “EON” Azərbaycan ədəbiyyatına yeni və fərqli bir imza gətirdi.
Tədbirin sonunda Gül Turan, onu güllər-çiçəklərlə təbdik edən oxucuları üçün kitablarını imzaladı. Müəllif oxucular, qonaqlar və çıxışçılara təşəkkür edərək xatirə fotoları çəkdirdi.