04 Temmuz 2024

– 1 –

Səngərə yatıb düşmən gözləyən əsgərəm, 
Ya öləcəm, ya öldürəcəm.
Zaman qisasın üstündə durur
Çapa bilməsəm də atımı
Yenə də əsgərəm
Ölümün ucunda
Ucunda oy, ucunda oy 
Səbr qovrulub
Dil yorulub
Sıra sıra dağlar durub
Durub doğrulub
Yorulub oy, yorulub oy.

Çəkdiyim nəfəs yük götürmür artıq,
Dönüb baxsam sıra dağların şiş başından
Yaman yerdə yara çalır
yüküm yerdə qalır oy, qalır oy.

Səngərdə ölümü gözləyən əsgərəm
Qorxu deyil, qorxu heç deyil,
Ölümün ucunda başqa bir şeydir
Sarsıdır, qanadır, qandırır.
Oy,oy, oyyy…

– 2-

Küləyi geridə qoyan güllə sancılanda kürəyimə
Səndələdim,
İsindi kürəyim, güllə hürkütdü soyuğunu.

Qorxu azaltmır ağrımı,
Azır yolunu.
Güllədən başlayıb yayılır ağrı
dolaşır vücudumu.

Birdən aydınlandı bütün dünya
İtirdiyim hər şey bir bir gəlib durdu önümdə,
Mənim oldu.
Məndən qopub arxada qalan zamanım geri döndü.
Geri aldım bir-bir düşmənin məndən aldıqlarını
Tamlandın, bütövləndim,
İtiləndim, bülövləndim
Gözümdə dimdik ayağa durdu alçalan dağlarım.
Qanımdan al çalan dağlarım 
Yaşıllandı, allandı
Baharlandı, bağlandı
Ağlandı qara-qara bağlarım.
Mən şəhid oluram…

Qoyma qanım düşə yerə
Əllərini uzat, ana.
Yıxılmayım düşmən baxır
Əllərini uzat, ana.
Mən şəhid oluram!

-3-

Səngərimdə bitən ağac kölgə salmır başıma 
Son nəfəsim ağacdakı son yarpaq.
Son sözüm 
Tüfəngimin ucundakı son güllə.

Soyumayıb tüfəngimin lüləsi,
Tüfəngimin lüləsindən çıxan güllə 
Düşməyibdir hələ yerə,
Çatmayıbdır hədəfə, 
Yoldadır düşmənlə mənim aramda.

Son nəfəsimi son borc kimi verirəm.
Tüfəngim yadigardı qardaşıma,
Mən şəhid oluram…
Göndər kiçik oğlunu da, 
ana, bayrağımı yerlər öpməsin!
soyumasın tüfəngimin lüləsi, 
Oğlun ölsə “torpaq sənə oğul olar”, 
Ovunmağa, öyünməyə nağıl olar….. 
Mən şəhid oluram…

Şəhiiid oluraaa…m.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir