02 Temmuz 2024

Əziz oxucu, bu münahibə 2004-cü ildə “SƏHİFƏLƏR”  ədəbiyyayt qəzetində çap olunmuşdu. RƏhmətlik şair, publisistik Tofiq Abdin bu mətni redaksiyaya təqdim etmişdir. Martaqlı bildiyimizdən “İKLİM”İN oxucularına təqdim etmək istədik. Buyurun oxuya bilən üçün…..

TOFİQ ABDİN təqdim edir

VAQİF SƏMƏDOĞLU-65

1996-cı ildə çap olunan MƏN BURDAYAM İLAHİ kitabını İstabula mənə göndərən gözəl şair və etibarlı insan (təbii ki ən gərəkli məqamlarda) Vaqif Səmədoğlu o kitaba belə bir avtoqraf yazmışdı: Canım-cigərim,dostum Altınköy Tofiq Abdinə əbədi etibar və hörmət duyğularıyla.Vaq.Səmədoğlu. 4-11-196.Bakı.

Və bununla ürəyi soyumamış üstəlik əl boyda kağızda bir yazı da yazmışdı.Yazı beləydi : Tofiq,can-cigər! Nəhayət babat kitabım çıxdı.Sənə göndərirəm.Oxu və Türkiyədə təbliğ et.İmkan daxilində.

Öpürəm gözlərindən.Ailənə səsmimi salamlarımı yetir.Sevgiylə Vaq.Səmədoğlu. 7.11.1996.Bakı.  

************

Ah gözəlim Vaqif Səmədoğlu,  nə yaxşı ki, sənin 65 yaşın oldu.Bir çox qorxu yaş həddini adladın və 65 yaşını da gördün və yeni bir mükafat da aldın.Halal xoşun olsun. Xatırlayırsanmı,mən sənin haqqında çox-çox illər qabaq bir sənədli yazı yazmaq istədiyimi sənə bildirdim və mən onun müəyyən hissəni yazmışdam da…Sənə o yazı barədə danışdım İstanbula getməzdən öncə, məndən xahiş etdin ki,bəs nə olar onu mən öləndən sonra çap etdirərsən.Mən getdim və gəldim. Gəldim və o yazını artıq arxivimdə də tapa bilmirəm.Onu yenidən bərpa etmək də mümkün deyil.O günlər ayrı bir günlər idi.Sən indi Dövlət adamısan və maşallah mükafatlar bir-bir gəlir.Halalın olsun gözəl şair Vaqif Səmədoğlu…     

**************

«BEYRUTİDƏ BİR MƏZAR QALDI…»

(İkinci nəşr.Birinci nəşr YOL qəzeti 1992-ci il).

Dünyadan xəbərsiz olmağım gəlir bəzən

dekabr yağmurunda,

konyak çiskinində…

Səksəninci ilin dekabr yağmuruyla

içimin konyak çiskini

ölüm ayağında yatdığın

xəstəxanaya gətirdi məni.

Vaqif SƏMƏDOĞLU

Oxucu mənim adımı və Vaqif Səmədoğlunun adını oxuyan kimi deyəcək: nə qədər yazmaq olar Vaqifdən. Bu Vaqif Səmədoğludan. Oxucu haqlıdır. Ancaq bu da həqiqətdir ki, məni də qınamaq olmaz. Mən Vaqif Səmədoğlunun qara qaşına, qara gözünə aşiq deyiləm. Vaqif mənim üçün içimin səsinə, içimin ağrılarına cavab verən bir şairdi və inanın ki, mən ona qətiyyən heyran deyiləm (bir insan və ŞAİR kimi). İş elə gətirir ki, hər dəfə yol yoldaşı olanda bu adam, bu ŞAİR məni dinc durmağa qoymur və demək olar ki, özü də dinc durmur. Bax, elə əvvəlcədən heç bir kəsmət kəsmədən alınan bu söhbət də həmin «dinc durmamağın» məhsuludur.

Rayondayıq. Vaqifin və ümumiyyətlə, bizim hamımızın ömrümüzdə yeni olan (xüsusilə Vaqif Səmədoğlunun həyatında) Xalq Cəbhəsinin əməkdaşlarından birinin toyuna gəlmişik. Belə çıxır ki, (səfərin birinci günü bu mənə məlum oldu) Vaqif gəlini gətirmək üçün Şəkiyə getməli imiş və orada gəlinin belini bağlamalı imiş. Yol uzaq olub, Vaqif çatmayıb, nə isə, bax elə bütün bunları qırağa qoyub toyda iştirak eləmək üçün gəlmişik. Toy toydu. Bu öz yerində.

Toy bizim üçün Şamaxıdan başladı. Bizim üçün deyəndə ki, Vaqifdi, mənəm, bir də Vaqifin tamaşalarına musiqi yazan, gözəl bəstəkarımız, Vaqifin bütün cəhətlərdən həmkarı Aydın Əzimovdur. Toy bizim üçün Şamaxıdan başlayır… (Deyəsən onlar üçün elə Bakıdan başlamışdı).

… Toyun birinci günündən sonra istirahət eləmək üçün tanışlardan birinin evindəyik. Əsas məsələ də burada vaqe olur. Vaqif mənim bütün inadımı qırmağa çalışır və mən zarafata salıram, Vaqif danışır və mən diktofonu xısın-xısın işə salıram. Onsuz da Vaqif üçün elə bir gizli şey yoxdu. Ancaq bu dəfə nəsə elə belə yolu tuturam, görüm nə olacaq…

Vaqif danışır: – Bura baxın: bir şer oxumaq istəyirəm sizə… Mən deyirəm: nə şer. (Vaqif ümumiyyətlə, şer oxumağı sevmir). Vaqif danışır: bir şer (Nəzərə almaq lazımdır ki, Vaqif ancaq danışır. Diqqət edin: Danışır) Sən Allah, Tofiq, sən Allah…dolama da bizi. Aydın, sən Allah, yeyib içmişik də bu gecə… Şer oxuyuram sizə…

Bir xatirə yoxdu

alsın ağrımı,

Ötən günlər

keçib fələk qəminə.

Üzə gülə-gülə

yarır bağrımı

Keçmişim çox baha

oturur mənə.

Dəniz də hay vermir

daha haraya,

Haray da süst düşüb

sinədə qalır.

Tanrı verən ömrü,

çıxıb araya

Gah qadın, gah millət,

gah ölüm alır.

Oxuyum yenə də

Dağlardan, düzlərdən

yadırğayırıq,

Yaman dönük çıxdıq

ana torpağa.

Olmayan yerdə də

qazanc sayırıq

Gəlmişik elə bil

Vətən yormağa.

Necədi hə, necədi, Aydın? Necədi, Tofiq? Çox, belə nə deyim, istəyirəm, sizə bir mənzərə şeri oxuyum: Qışa, dağlara…

Tofiq: Ümumiyyətlə, Vaqif…

Vaqif: Aydın, eşidirsən, qışa, dağlara, uşaqlığıma bir həsrətim vardı. Yuxarı Salahlı kəndinə bir həsrətim vardı… Mən orda böyümüşəm. Puşkinvari bir şer yazmışam.

Tofiq: Qoy bir şey soruşum, sən Allah, ümumiyyətlə, sənin bu təbiət şerlərinə münasibətin necədir? Bilirsən də, böyük rus şairi Fet kimi bir adam necə gözəl təbiət şerləri yazıb…

Vaqif: Fet kimi… Təbiət şeri… indi sənə bir təbiət şeri oxuyacam. Təbiət… İnsan… mən heç bir vaxt bunları bir-birindən ayrı görməmişəm. İnsan təbiətsizdirsə, deməli, insan NAKAMDI! Təbiət insansızdırsa… təbiət mənə yekəxanalıq eləməsin. Mənsiz təbiət Nakamdı! Təbiət… hansı təbiət?.. Mən dağları deyə bilmərəm, düzləri deyə bilmərəm… O Salyanın düzü var ha, Bəndövan düzü, bax o düzün yolğunları məni görmürsə, Vaqif Səmədoğlunu görmürsə, Yetimdi. Mən o Bəndövan çölünün yolğunlarını görmürəmsə… mən uzaqdan onları İydəyə oxşadıram, elə bilirəm ki, iydə ağaclarıdı, yolğun o boyda olmaz, yaxına gəlirəm, görürəm ki, doğrudan da yolğundu bunlar, bunları insan əkib. Amma bir şeyi anla ki, insan səhrada… insan yayda… belə bir şer yazmışam, Tofiq müəllim, olarmı oxuyum:

Cin atına minib külək,

Nərə çəkib vıyıltıyla.

Silib süpürür aləmi

Yer üstüylə, yer altıyla.

Dörd yana meydan oxuyur,

Hay verir bayquş səsinə.

Salıb əlinə keçəni

Şaxtanın buz nəfəsinə.

Düşən qardan ağırlaşır

Tək, balaca yastı damlar.

Pişik yuxusuna gedir

Yorğan altında adamlar.

Bir nəfəsə əsir külək,

Kol qoparır, ağac əyir.

Qərib yolçunun gözünə

Hər addımda qara dəyir.

Çıx özündən şaşqın külək,

Sərt qışın oğlan vaxtıdı.

İsti evdə yanan ocaq

Soyuğun sinə dağıdı.

Siz Allah, diqqətlə qulaq asın. Mənim şerimi misra-misra başa düşmürlər. Bu məni yandırır. Qulaq asın:

Neçə arzu can üstədir,

Ümidlər bəd ayaqda…

Deyin, deyin, siz Allah, hansı Azərbaycan şairi deyə bilər: ümidlər bəd ayaqda. Hə, kim deyə bilər:

Neçə arzu can üstədir,

Ümidlər bəd ayaqda.

Ötən günlər istidədi,

Gələn günlər soyuqda.

Tab qalmadı daha bizdə,

Qaldı yurdumuz darda.

Bir ayağı sinəmizdə,

Bir ayağı məzarda.

Tofiq: Vaqif, sən bayaq bir şey dedin e…

Vaqif: Sən, əc… eləmə, bunları yazma. Allah mənə bu əziyyəti, bu əzabı çox görməsin. Allahdan bir arzum var ki, bu əziyyət, bu əzab həmişə mənimlə olsun. Mən eqoistlik eləyirəm. Amma ŞAİR KİMİ bu mənə lazımdı. Bu əzab. Bu əziyyət. Yazırsan də… yazırsan də… Şair kimi mənə bu əzab lazımdı. Bu şəxsi əzab, bu göz yaşı. Bu göz yaşı mənə lazımdı. Əlli üç yaşım var e… Azadlıq nədi?.. uşaqları görəndə, öz dostlarımı görəndə… Quldarlıqdan çıxmaq istəyirik: hansı yolla? Təzə qul tapmaq istəyirik. Bu quldarlıqdan çıxmaq olmadı ki… Qul olmamaq üçün Məcnun olmaq gərəkdi… Deməli, Vaqif Səmədoğlunu dünən Sekaya  (Mərkəzi Komitəyə t.a.) çağırırdılarsa, indi Azərbaycan Milli Məclisinə çağıracaqlar.

Tofiq: Sən buna əminsənmi?

Vaqif: Ə, be…yüz faiz. Nə danışırsan, nə danışırsan…

Tofiq: Aman ver, bir dəqiqə…

Vaqif: Kommunist rejimində… Azərbaycanın kommunist rejimində mən çap olunmamışam. Onu bilirəm ki, Azərbaycanın millətçi rejimində mən hər MİSRAMA görə cavab verməliyəm.

Tofiq: Nəyə əsasən deyirsən bunu?

Vaqif: Ona əsasən deyirəm ki, bilirəm, kimlər gələ bilər Azərbaycan hakimiyyətinə. Hər sözümə gərək cavab verim. Nə danışırsan sən…

Tofiq: Onda, Vaqif Səmədoğlu, belə deyək də, sən hansı cəmiyyət və xalq üçün özünü şair hesab eləyirsən? Bəlkə cəmiyyətsizlik lazımdı, sənə?

Vaqif: Mən ancaq və ancaq CƏSUSAM. Mən cəsusam. Mən 1958-ci ildə bir müqavilə bağlamışam. Cəsusluq müqaviləsi. KQB-lə yox, Amerika mərkəzi kəşfiyyatı ilə yox, Amerika mərkəzi kəşfiyyatı ilə yox, Allahtaala ilə. Onunla müqavilə bağlamışam ki, ŞAİR olacam. Mən ancaq SƏNƏ xidmət eləyəcəyəm, ALLAHIMA, ALLAHTAALAYA!Onu da yerinə yetirirəm.

Tofiq: Deməli, sən öz şerlərini Allah üçün yazırsan?

Vaqif: Ancaq və ancaq.

Tofiq: Hansı…

Vaqif: Yox, mən o boyda yekəxanalıq eləyib Allah üçün şer yazmamışam. Mən qadın üçün yazmışam, dost üçün yazmışam. Beş qadın sevirəm. Beş dost sevirəm. Yazırsan bunları? Yazginən. Qiymətli şeylərdi. Mən tüpürüm o şairə ki, onun min oxucusu var. Deməli… Deməli… primitiv şerlər yazır. Mənim beş-on oxucum var. Onlara qurban olum… Sən də məni döndərə bilmədin, sənə qurban olum, ay Allah, sən də məni döndərə bilmədin Özümdən, döndərə bilmədin özümdən, Əclaf olmadım mən. İnsanam. Yazıçılar qurultayında, sən yox idin, çıxış elədim, birinin də səsi çıxmadı. Dedim o yanvarın on doqquzundan-iyirmisindən danışırsız, bir şəxsiyyət kimi elə məndən danışın ki, məni alçaltdılar, yazıçıların qurultayında dedim, eşitmisən də bunları, məni əzdi Sovet imperiyası. Qonşularımı öldürdülər, gözlərimin qabağında, çıxıb birini də xilas eləyə bilmədim, tülkü kimi girdim yuvama. Buna kim cavab versin, kim cavab versin mənim nakişiliyimə, ümidim vardı ki, CƏNNƏTƏ gedəcəm. Üzü aşağı gedir ömrüm, CƏHƏNNƏMƏ gedirəm. Uşaqlar gedir, yüzlərlə (söyür) bağışla Aydın, Sovet Ordusuna, gedib sevirlər, qızları alırlar, özgə ellərdə. Bu komplekt yoxdu, qadın  komplekti… almaq, almaq..

Tofiq: Maraqlıdı, Vaqif, maraqlıdı.

Vaqif: ala bilmirlər o komplekti, odu ki, evlənirlər, gətirirlər rus qızlarını Şamaxıya, Ağsuya, Səlyana… sevib gətirirlər… neyləyək, qovaq Azərbaycandan… sevib ey, sevib o rus qızını… Millətdən, xalqdan, coğrafiyadan qədim şeydi bu zəhrimar sevgi…

Tofiq: Vaqif, olarmı bir şey soruşum?

Vaqif: Alıb, Kurskdan, alıb, üç uşaqları var, nə olsun bunun axırı… nə olsun… ala bilməyib müsəlman qızını, ala bilməyib (əsəbiləşir).

Tofiq: Bir şey soruşum səndən…

Vaqif: Başa düşürsən, Aydın…

Tofiq: Vaqif, bir şey soruşum səndən, bu dəqiqə, bax bu sözləri dediyin anda, səni kövrəldən nədi?

Vaqif: Mən bunları demişəm, yazıçılar qurultayında demişəm, meydanda demişəm, bunları.

Tofiq: Qulaq as, Vaqif, bu dəqiqə səni kövrəldən, içinin hansı naləsidi, nədi? Mən başa düşürəm, sənin kövrəlməyində hardasa bu danışdıqlarının da təsiri var. Ancaq sənin içindəki nədi bax belə əzab çəkirsən? Hansı qüvvədi? Nədi?

Vaqif: İçimdəki, içimdəki ŞAİRLİYİM. ŞAİRLİYİM. Yalançı tənqidçilər Füzulini tərifləyirlər, Abbas Tufarqanlını tərifləyirlər. Mənsə onlarla yaşayıram, nəfəs alıram. Mən Abbas Tufarqanlının deyə bilmədiklərini deyirəm, indi nəyə görə deyirlər ki, Qara Qarayev «İldırımlı yollarla» yazıb, Afrikadan, zəncilərin həyatından, bəs sənin Füzulin «Leyli və Məcnunu» hardan yazıb?

Şimali Afrikadan yazıb də, Ərəbistandan yazıb. Bura bax, Vətəndən də, millətdən də qədim bir qüvvə var. MƏHƏBBƏT! Ermənidən də qabaq olub, yunandan da qabaq olub, Çindən də qabaq olub. Hamısından ƏSKİ bir qüvvədi. Mən məhəbbətə Füzuli kimi düz çıxanda, mənə deyirlər, sən Vətənə xəyanət eləyirsən? Tüpürüm sənin üzünə, tüpürüm o insana ki, belə vaxtı deyir: vətənə xəyanət eləyirsən. Mən məhəbbətə düz çıxıram, Firdovsiyə düz çıxıram, Sədiyə düz çıxıram, Şekspirə düz çıxıram. Nəhayət, Füzuliyə düz çıxıram. Onlara xəyanət eləmirəm. Füzuli… Firdovsi.. bunlar olub. Sonra Azərbaycan olub. Çox-çox sonra Azərbaycan olub. Bunlardı mənim Vətənim. Məhəbbətdi mənim Vətənim. Erkək olub, qadın olub. Qız olub. Nə danışırsan… Eh…

Sonra KƏDƏRLİ VƏ DƏRDLİ  bir səslə oxuyur:

Ey vah nə yer, nə yar qaldı,

Könlüm dolu ahuzar qaldı…

… Getdi əbədə, gəlib əzəldən,

… Beyrutidə bir məzar qaldı.

Əbdülhəq Hamidindi. Təxminən, hə?..

SON.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir