Yazar və şair ALİ URAL
İş yerləri şüşə binalar deyil, şüşəli şəffaf bir göldür balıqçıların. Sudan bir iş yeridir. Havadan, günəşdən olan. Buna görə onlar səhərlər kostyum geyinmirlər; Balıqçılar tilov dəstlərini hazırlayırlar. Boyunlarına qalstuk taxmırlar; qarmaqlarına yemləri taxırlar. Ayaqqabılarını məxmərlə silib parlatmırlar; Suya çəkərək tilovun qolunu parıldadırlar. Saçlarını güzgü qarşısında yana ayırmırlar; balıqçılar tilovun iplərini ayırırlar tel-tel. Ayaqlarında rezin çəkmələr, əyinlərində sarı çadırdan hazırlanmış yağış plaşı. Bu iş yerinin qaydalarında, işçilərin işçilik vəsiqələrini makinada oxutmaq yoxdur. Buna baxmayaraq, bütün balıqçılar günəş doğmadan əvvəl gölün ətəklərini öpürlər. Demək, bu göl çox hörmətli bir göldür; ya da çox sevilir. Bura elə bir iş yeridir ki, onun dekorasiyası hər gün dəyişir. Sahibi çox zəngindir yəqin. Dünyanın ən varlısıdır ki, bu gün gölün rəngi bir gün mavidir, o biri gün yaşıl, digər gün bozdur. Gölün tavanı da hər gün dəyişir; bəzən ağ və mavi, bəzən sadəcə mavi, bəzən ağ, bəzən tünd mavi, bəzən boz … Sonra küləkli günlərdə konsert verən qamışlara sahibdir göl həm də. Quşları, qurbağaları, vəhşi ördəkləri var … Ən əsası, balıqları var; suyu üzgəçləri ilə hərəkət etdirən. Qəlsəmələri ilə havanı süzən. Sükanı quyruqları ilə idarə edən. Gözləri ilə yosunu yemdən ayıran. Bu gölün balıqları və balıqçıları var . Bu gölün balıqçıları günəş çıxmadan yuxularını yarımçıq qoyub, gölün xəyallarına qarışmaq üçün yola düşdülər. Gəmiləri, ayın parlatdığı suda bir daha üzdürmək üçün, həmişə olduğu kimi getməyə başladılar. Dan ağarmadan əvvəl başlayan bu gecə gəzintisi yarım saat davam etdi və hər təpə aşdıqca balıqçılar bu ecazkar gözəlliyi görməyə hazırladıqları ruhlarını gölün bədəninə qatırdılar. Zirvəyə çatmaq, ən qısa müddətdə gəmilərinə minmək üçün burada addımlarını sürətləndirirdilər. Qaçaraq gedirdilər; adlarını bilmədikləri bir dəstə çəyirtkə, bayquş və böcək ilə. Ürəklərinin təbilləri ilə qatıldıqları bu qrupun ritmi, ayaqlarının bir-birinə dolaşmasına mane olur və demək olar ki, torpağa eyni anda basır və eyni anda qaldırırdılar ayaqlarını.
Uzun müddətdir ki, gedirdilər. Yoxsa, bu onlaramı uzun gəldi? Nədənsə, bu gün vaxt keçmək bilmir. Sanki onlar fərq etmədən geriyə addımlayırdılar. Ancaq belə olsaydı, başları dönərdi. Başları dönərsə, bu gölün gözəlliyindədir. Gedirdilərsə, demək, əlbəttə, suya çatacaqdılar.
Gedirdilər, gedirdilər və nəhayət qarşılarına qara pərdə kimi bir təpə çıxdı. İndi, bu dəqiqə pərdəni açacaqdılar. Təngənəfəs qalxacaqdılar və özləri bilmədən hər gün inanılmaz bir tamaşanın göstərildiyi gümüş səhnə qarşısına çıxacaqdılar. “Gəlin, bu pərdəni birlikdə açaq!” deyəcəkdilər. Qaçaraq yarısını sağa, yarısını sola açacaqdılar. “Pərdə!” deyə atacaqdılar son addımlarını. Ancaq bu nədir; gölün yerinə böyük bir çuxur qarşıladı onları. Kənarında qayıqlar, palçıq və içərisində ölmüş balıqlar olan bir çuxur…Qamışların dimdik susduğu bir çuxur. Bir çuxur; ya da oyulmuş bir göz çuxuru!
Qorxudan balıqçıların gözləri böyüdü. O qədər böyüdü ki, çuxuru işıqlandırdı. “Ay Allah!” dedilər. “Bu necə bir kabusdur! Bir göl hara gedə bilər! Bu göl hara getdi !!! Bu, çay deyil ki, dənizə çatsın. Ay deyil ki, buludda gizlənsin. Qayıq deyil ki, lövbərini alıb qayıqlarının kürəklərini çəksinlər sulara. Saz deyil ki, ayrı havalar çalsın. Xam deyil ki, şirin sözlərə aldansın. Vağ quşu deyil ki, hürkəndə uçub getsin … “
Balıqçılar çuxurun yanına düşdülər. Qayıqlarına minəndə, sanki göl geri qayıdacaqdı… Balıqçılar sarıldılar kürəklərinə. Məhkum kimi sarıldılar.Gölə məhkumdurlar.
Rusiyadakı Bolotnikovo gölü bir gecədə yox oldu. Bu böyük qaçışdan, balıqçılar səhər göldə balıq tutmağa gedəndə xəbərdar oldular. Bu hadisə nəhəng bir qüvvətin su qapağını çəkməyinə bənzəyir. Xəbər agentliklərinin məlumatına görə, ruslar yoxa çıxan göldə qalan palçıq qalıntılarına baxaraq bu hadisənin sirrini açmağa çalışırlar. Paytaxt Moskvadan 250 km. aralıda yerləşən Bolotnikovoda yox olan göllə bağlı müxtəlif açıqlamalar verirlər. Gölün suyunun yeraltı bir çaya töküldüyünü söyləyənlər olduğu kimi, gölün yeraltı bir mağaraya sızmış ola biləcəyini iddia edənlər də vardı. Bu vaxt o ərazidə qəribə söz-söhbətlər dolaşırdı. Bunlardan biri də 70 il əvvəl bölgədə bir neçə evin də bu göl kimi yox olduğu hadisəsidir.
Bir səhər, xəyallarınızı yarımçıq tərk edərək digər xəyallarınızı tamamlamaq istəyəcəksiniz. Çünki sevdiyiniz hər şeyin yerini əlinizlə qoymuş kimi bilirsiniz. Ancaq dan ağarmadan düşdüyünüz yollar, bəlkə də ürək təbillərinizin müşayəti ilə sizi, həyatınızda açılmış böyük bir çuxurun önünə gətirəcək.
Azərbaycan türkcəsinə uyğunlaşdırma:İklim.az