RAFİQ HÜMMƏT
ÇOBANIN ARVADI
Gecəni yatmadı çobanın arvadı.
Termosda itburnu çayı dəmlədi,
Yumşaq fətirləri selofana qoydu,
Ərinin çəkməsini, yapıncısını qurutdu,
Tüyündü irəli-geri səhərə kimi –
Əcəba nə yadından çıxdı, nəyi unutdu…
Dan üzü açılar-açılmaz
Ərini uğurladı çobanın arvadı.
Çantasını, çomağını gətirdi,
Yapıncısını kürəyinə sərdi.
“Havalar yağmurludur,
Göy guruldayanda, şimşək çaxanda,
Telefonunu söndür,
Tanrı səni ildırımdan qorusun” – dedi…
***
TİFLİSDƏ YAY YAĞMURU
Nə gözəl yağırdı bu gün, ilahi,
Nə gözəl çimirdi bu şəhər bu gün.
Göydə buludların bitirdi ahı,
Yerdə qəhr olurdu qəm-qəhər bu gün.
Tiflisin mən bilən küçəsi ilə
Özüm özüm ilə danışa-gülə,
Adamdan, heyvandan, quşdan aralı,
Bir azca bəxtiyar, bir az yaralı,
Yağmuru canıma sarıb gedirdim,
Sahibsiz dəlitək varıb gedirdim…
Gedirdim… getdiyim yollar dar idi,
Qulaqlar tıxalı, gözlər kor idi.
Vəzirə, vəkilə ağız açmağım
Yaman çətin idi, yaman zor idi.
…Ölmüş o sonuncu ümidə baxdım,
İlahi, nəbzində atış var idi…
…Gedirdim gözləri boşala-dola,
Nə sağa baxırdım, nə də ki sola.
Tanrı su səpirdi yanan ümidə,
Əriyən asfalta, alışan yola…