24 Kasım 2024

Həyat düşüncələri

Sən elə bilmə ki, köçdüyüm zaman

Dünyadan biryolluq köçəcəyəm mən.

Bir dəfə ölüncə

Bəlkə min dəfə

Ölümü tapdayıb keçəcəyəm mən.

Bir gün öz yanında görməsən məni

Çıx yaşıl bağlara quşları dinlə.

Okean qüdrətli Araz nehrini

Saxlamaq istəyən daşları dinlə!

Dinlə küləkləri, küləklərdəyəm!

Ürəklərdən soruş, ürəklərdəyəm!

Bütün ulduzlarda, bütün çaylarda,

Bütün güllərdəyəm, çiçəklərdəyəm!

Buludu şimşəklə paralayaraq,

Zülməti nur ilə boğacağam mən.

Qərbdə ulduz kimi batsam,

Şərqə bax:

Şərqdən günəş kimi doğacağam mən!

Qanadlanacağam sənin yanına

Qışla əlbəyaxa ilk bahar ilə.

Savalan dağının zirvələrindən

Qərbə, Şərqə düşən şüalar ilə!

İtib batmaq üçün yaranmamışam.

Dünənəm!

Bu günəm!

Gələcəyəm mən!

Bir gün bu dünyadan getsəm də nə qəm,

Dünyaya təzədən gələcəyəm mən!                                               

1961

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir