04 Temmuz 2024

BU SEVGİYƏ DƏYƏRMİ

     Yerdə bir çörək qırığı görəndə nemətdir deyib tez götürür öpüb başımıza qoyuruq.Biz çörəyə hörmət edən millətik.El arasında “Çörək qurandan qabaq enib”kimi bir deyim də var. Yəni, biz çörəyə hər şeydən, hətta insandan da çox dəyər veririk.Yerdə gördüyümüz çörəyi götürdüyümüzə baxmayaraq qarşımıza çıxıb, məsələn ayağımızı tapdalayan adama eyni hörməti göstərmirik, hələ üstünə qışqırırıq da. Bu rəftarlardan adama elə gəlir ki, bizdə hər şey insan üçün deyil də insan hər şey üçün, maddiyyat üçün yaradılıb.Bizim ən az qoruduğumuz varlıq insandır.Biz hər şeyi-əşyamızı, evimizi, paltarımızı, hətta çox nadir halda bizə lazım olan əşyalarımızı belə ciddi cəhdlə qoruyuruq.Elə bil biz əbədi yaşayacağıq, bu əşyalar da bizim əbədiyyət gərəyimiz, həyatımızın anlamı olacaq.

     Əslində, sahib olduğumuz əşyalardan bir çoxunu götürüb atsaq həyatımızda heç nə dəyişməz, ən bahalı əşyamızı belə yox etsək həyatımızdan heç nə əksilməz.Amma nədənsə biz bunu düşünmür, sahib olduğumuz əşyalardan dörd əllə yapışır, həyatımızın ən önəmli parçası kimi qoruyuruq.Bəzən bu əşyalar üçün ən yaxın adamlarmızın qəlbini qırır, incidirik.Əşya üstündə düşmənçiliklər yaranır, biri birinə yağı kəsilir insanlar.Bəzən adam fikirləşir ki, görəsən, doğrudanmı, əşya insanı xoşbəxt edə bilər? Niyə bu qədər əşyapərəstik,  dəyərmi bu sevgiyə?Bu əşyalardan hansı xoş duyğuyu, hansı məmnunluğu alırıq?

    Belə suallar qarşısında insanların cavabları müxtəlifdir.Bəzi insanlar, doğrudan da, əşya ilə xoşbəxt ola bilirlər.Amma bu xoşbəxtliyin keçici olduğunu, bir müddət sonra bu xoşbəxtliyin az qala bədbəxtliyə çevriləcəyini düşünmür. Çox dəyərli bir əşyaya sahib olub özünü dəhşətli dərəcədə xoşbəxt hiss edən adamın iki gündən sonra həmin əşya gözündən düşür, yüksək dəyərini itirir, gözünü yorur, usandırır,  bir az əvvəl hiss etdiyi o dəhşətli xoşbəxtlik bir anda yox olub gedir.Əvəzində qəlbinə səbəbini anlamadığı bir bədbəxtlik hissi dolur.Qəlb boş olduğu zaman oraya hər cür lazımsız fikir, ən yad düşüncə girər, maddi şeylər, əşyalar öz evi kimi rahatca istədiyi vaxt gələr, istədiyi vaxt gedər.Qəlb boş olanda qapısı daim açıq olar.Açıq qapı da oğrulara gəl- gəl deyər.O qəlb ki, Allah sevgisi ilə doludur, o qəlbdə ki, Allah taxt qurub, orada əşyalar, maddi şeylər hökm edə bilmir, yazıq yazıq kənardan baxır.Əşyanın bütünə tapan qəlb hər an mənəvi böhranlara düşmə təhlükəsi qarşısındadır. 

Əşya insan üçündür, insan əşya üçün deyil

     Hər şey insan üçündür, necə ki,“Yer üzündə nə varsa, hamısını sizin üçün yaratdı…” (Bəqərə s.,29) deyir.Ardınca da: “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam,-dedi…”(Bəqərə s., 30) deyərək, mələkləri belə səcdə etdirərək “kainatı Onun(sav) üzü suyu hörmətinə yaratdım” dediyi bütün varlıqları insanın xidmətinə verdi, insana tabe etdi.İnsanı o qədər üstün qıldı ki, ona mələklərə belə öyrətmədiyi “əşyanın adını” öyrətdi, öz “indindən(yanından)” Elm-i lədünni verdi. Uca Allahın bu qədər dəyər verdiyi, sevdiyi, qoruduğu  bir varlığı-insanı biz qoruya bilmirik.Biz əşyalarımıza xidmət edirik, ömrümüzü maddi varlıqlarla bəzəyirik.Bir birimizə qarşı maddi üstünlüyümüzlə qürrələnirik.

  İnsana dəyər vermək onun mahiyyətini dərk etmək, onu sevmək, onunla gözəl rəftar etməkdir,”…insanlara gözəl söz söyləyin…”(Bəqərə,83) əmrini yerinə yetirməkdir.Əşyanı bütləşdirib, həyatını əşya toplamağa, maddiyyata həsr edən insana Uca Allahın çox sadə bir sözü var:”Sizin üçün Allahdan başqa nə bir dost, nə də bir yardımçı vardır”(Bəqərə,107).

   “…Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir…”(Bəqərə,134). İnsan öləndə sevdiyi, tapdığı əşyalar onunla ölmür, xəstə olanda ağrılarını onunla bərabər çəkmir, ən sevdiyi əşya belə can ağrısını yüngülləşdirmir.Can ağrıyarsa bütün dünya aləm gözündə bir heç olur, parpar yanan, gözün işığını çəkən, bir vaxt ürəyini riqqətə gətirən ləl cəvahirat belə soyuq və yad olur, canına can qatmır.Onu əldə etmək üçün xərclənən ömrünə yanırsan, ancaq gedən ömür geri gəlmir.Xərclədiyin həyatında məna daşıyan, bu gün canının ağrılarını azaldan bir məqam tapmırsan.Özünlə qəbir evinə nə bir əşya apara bilirsən, nə mal, nə mülk.Əməllərdən başqa hər şey əlindən düşüb burada qalır.İnsan onu sevənə yönəlir.Təkcə qəlbində daşıdığı sevgi yoluna işıq tutur, Allah sevgisi.

2 thoughts on “Ayişə Nəbi

  1. Allah sevgisi qəlbimizə hakim olsun.Amin!
    Gözəl izahat. Təşəkkürlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir