ağca duman yayılıb dağları bələkləyir
GÖY ÜZÜNÜN ŞƏKİLİ
yollar payıza sarı,
yarpaq-yarpaq bükülür;
naxır-naxır buludlar,
ilmə-ilmə sökülür;
*
dərd açıbdı qucağın,
töküb saçın-saçağın;
dünən sönən ocağın,
nə közü var, nə külü;
*
yuxum bir ağ yağışdı,
saçlarımdan axışdı;
ruhum hara yığışdı,
körü-köçü tökülü;
*
ürəyimin qanı var,
həsrətimin canı var;
yerdən küsən tanrılar,
göy üzünə çəkilir;
*
torpağına, suyuna,
payızına, yayına;
bu dünyanın boyuna,
ayrılıqlar biçilir;
*
ah, bu necə görüşdü,
canımı çox üşütdü;
gözlərimə düşübdü,
göy üzünün şəkili.
.
NƏ QALDI SON BAHARDAN
burdan bir ov keçibdi,
hara gedib çəhlimi;
atım qançır olubdu,
dəh deyirəm, ləhliyir;
*
harda yatıb-ayılıb,
buludlardan soyulub;
ağca duman yayılıb,
dağları bələkləyir;
*
nə qaldı, son bahardan,
könlüm qalmaz qubardan;
xəbər çıxmadı yardan,
həsrətim küləkliyir;
*
hər gözələ naz düşür,
saçıma bəyaz düşür;
könlümə bir yaz düşür,
həsrətim lələkliyir;
*
hanı, dağın yatımı,
hardan sürüm, atımı;
anam sacın altını,
yuxumda ətəkliyir;
*
getdim üzü küləyə,
düşdüm qışa-çilləyə;
fələk yığıb ələyə,
hamını ələkləyir.