06 Temmuz 2024

Qanadlandım uçmağa.Ordumuzun, qəhrəman əsgərimizin hər zəfərindən sonra qanadlanıram uçmağa.Uçuram, ruhum gedib qonur o görmədiyim, getmədiyim yerlərə, kəndlərə, çöllərə, dağlara, boş qalmış, uçulub  viranəyə dönmüş evlərin damlarına, yarı uçmuş qəbirlərin əyri başdaşlarının üstünə.30 ildir əlimizi uzatmadığımız ağacların, yerə düşüb yadların ayaqları altında əzilən yarpaqların, saralan meşələrin üstündən dövrə vurub qayıdıram.Artıq o yerlər azaddır, bayraqlıdır, təkcə ruhumuz deyil, özümüz də gedəcəyik oralara.Bu ayrı bir duyğu, ayrı aləmdir…

Canlı şahid olduq, ordumuzun yazdığı tarixi şanla, şərəflə danışacağıq bizdən sonrakılara.Ən əsası odur ki, ata-babamızın bizim yanımızda gözükölgəli olduğuna baxmayaraq, biz alnı açıq üzü ağ çıxacağıq gələcəyin hüzuruna.Ata-babamız Qarabağdan, Qərbi Azərbaycandan qovulanda çoxları deyirdi niyə gəldiniz, qalıb döyüşərdiniz, ölərdiniz, adınız sanınız vardı, indi qaçqın, köçkün, didərgin oldunuz.Bəlkə də düz deyirdi, amma savaş da, qalıb döyüşmək də, sadəcə, qoçaqlıqdan asılı deyil.Biz tək-tək kiçik varlıqlarıq, tək  olanda gücsüzük, istənilən düşmənə yenilə bilərik.O zaman Qarabağ insanı meydanda tək qaldı, üstünə atılan topun-tüfəngin qabağında əli yalın tək-tənha qaldı, arxadan vuruldu, siyasətə qurban getdi.

Bu gün o gün deyil, bu gün o günkü kimi tək deyil insanımız, bu gün hər insan o birinə kimsədir, arxadır, hamı bir-birinin umud yeri, güvənc yeridir.Hamımız yumruğu bir yerə vurduğumuz üçün güclüyük.Bir ürək, bir yumruq olduq deyə sözümüzün qabağına söz deyən çəkinir, qorxur, bizdən də qorxu yan keçir.

Bu gün düşmən tapdağında olan hər qarışı azad etməyin sevincini yaşayırıq. İllərdir, niyə qaçqın olmanın boynubüküklüyünün əvəzini çıxırıq.

Bir də bilirsizmi kimlər var, hələ də boynubükük qalan insanımız var.Niyə, hardadır deyə sual edirsinizsə,  onda cavab olaraq sizə rəsmi dövlət məlumatı olan statistikanı təqdim edəcəm.Bunları bilmək, məncə, sizə çox şey deyəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı rəsmi 01.10.2020-ci il tarixinə olan statistik məlumatda deyilir: Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslərin sayı: 3890 nəfər. Bunlardan  3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir ki, onlardan da 71-i uşaq, 267-si qadın, 326-sı qocadır.   

Qeydiyyata alınmış itkinlərdən əsir-girov götürülməsi barədə məlumatları daxil olmuş şəxslər 872 nəfərdir, onlardan 605 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir (29 uşaq, 98 qadın, 112 qoca).

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş  şəxslərlə bağlı statistik məlumata görə əsir və girovluqdan azad edilmiş şəxslər 1480 nəfərdir. Onlardan  378 nəfəri hərbçi, 1102 nəfəri  mülki şəxsdir  (224 uşaq, 357 qadın, 225 qoca). Eləcə də kişilərin sayı 1123 nəfər, qadınların isə 357 nəfərdir. Onların nə yaşadıqlarını bilmirik, xüsusi ilə də qadınların, uşaqların….

Bu rəqəmlər insanın qanını dondurur.Bu taleyi yaşamaq heç kimin haqqı deyil.Həyata gələn heç bir insan təcavüzə, zorakılığa, hücuma, təhqirə, öldürülməyə, işgəncəyə, güllələnməyə məruz qalmağa məhkum deyil.Amma bu yuxarıda açıqladığım rəqəmlər bu məhrumiyyətə məruz qalmış, insanlığa yaraşmayan münasibətlər görmüş insanların sayını göstərir.Yaxud harda necə olduqları, sağmı, ölümü olduqları bilinməyən insanlardır.

Bu rəqəmlər bu sayda qırılmış taleyin sübutudur.Üstəgəl də hər insan ailəsindəki bir neçə nəfərin də taleyini qurur, dəyişir. İlk Qarabağ münaqişəsi başlayandan ta indi artıq Vətən müharibəsi başlayana qədər onlar üçün zaman dayanmışdı.Bəs bu gün onların taleyində nə dəyişəcək, saat onlar üçün yenidən işləməyə başlayacaqmı? Bunu bilmirik.Çünki qarşımızda mərd düşmən yox, namərd hiyləgər tülkü var, harda nə zaman arxadan necə vuracağı bilinməyən tülkü.

MAHMUD MÖVLUDOĞLU

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir