06 Temmuz 2024

Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvoludur.

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb və dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq onun dövlət rəmzlərini və dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəng, XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirliyi” ifadə edir. Bu formulun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir