06 Temmuz 2024

2020-ci il gələndə nə xəyallar qurduq, nə planlar, nə niyyətlər düşündük.Hansı gerçəkləşdi, hansı gözümüzdə qaldı, bu gün tərəziyə qoyanda, tərəzi tən gəlmir. Bir qolu yerə çökür, bir qolu göyə qalxır.

Bir də başımızın üstünü Kovid bəlası kəsdirdi, keçən ilin dekabrından dünyada baş qaldıran, martda caynağını bizə keçirən Kovid -19 iblisi-taclı virus şeytanı qara buludunu üstümüzə qara bəla kimi yolladı.Onsuz da erməni bəlası ilan kimi zaman-zaman başını qaldırıb zəhərini axıdır, sərhəd boyu hücumlarını davam edirdi. Bir yandan da virus….

Bu il təhsilimzin onsuz da axsayan yerişi bir az da ləngidi, onlayn tədrisə keçiləndə internet müşkülü yarandı, yeməyə çörək tapmayan insanlar bir də  telefon, kompüter, internet axtarışına başladılar və problemli insanların problemləri bir az da artdı. Kütləvi olaraq təhsildən uzaqlaşıldı.Onlayn təhsilə bəlli bir qruplar cəlb edildi.Virtual məktəb yuxarı siniflərdə yox şəklindədir.Bir şeyi də özəl olaraq deyəcəm ki, onlayn təhsildə rüblük qiymətlər saxta oldu, ali məktəblərdə semestr imtahanlarında kütləvi yüksək və saxta ballar alındı.Böyrü üstə olan təhsil sistemimiz yerdə sürünməyə başladı.Uşaqlar əyləncəsinə qoşulurlar dərslərə.

2020-nin ən çox dillər əzbəri olan daha bir sözü peyda oldu: 190.190 manat təyin edildi imkansız ailələrə.190 manatın yolu yaman dolaşıq oldu, ünvanına çatmadı, kimisi  ehtiyacı olmadığı halda 190 manatı aldı, kimi ehtiyacı olduğu halda ala bilmədi, eyni ilə ünvanlı sosial yardım kimi, xəstəliyə görə verilən təqaüdlər kimi 190 manatlar da yolda qurda rast gəldi.

Biz dözümlü xalqıq, ya səbr deyib bütün bəlalara, bütün  xoşagəlməzliklərə sinə gəririk.Mentalitet var axı! Şikayət etmək olmaz, sonra deyərlər ki, filankəs nə naşükür adamdır, Allah bunu da verib get şükür elə yaşa.

Axır şükür eləyə- eləyə gəldik çıxdıq iyul ayına.Tovuz münaqişəsi bizi sürünmədən bir az dizüstə qaldırdı, sən savaşmağı bacarırsan, sən qürurunu qoruya bilirsən, sən xalqsan, müti deyilsən fikrini bizə aşıladı.Tovuzda çöllərə sel kimi axıb təpələrə yığılan xalqı görəndə başımız dikəldi, erməni kimdi ki, biz varıq dedik, Tovuz iradəmizi oyatdı, kimliyimizi yada saldı.

Ən sonda sentyabr ayının 27-də səhər oyanırıq ki, savaş başlayıb, erməni bizə hücum edib deyəndə bir an donduq, sonra yuxudan ayılmış kimi bütün iradəmizi toplayıb savaşdıq.Mən səfərbərlik olanda gənclərin, orta yaşlıların hərbi komissarlığa necə axın etdiklərinin şahidiyəm, günlərlə  davam etdi bu axın.Hətta savaşa gedənlərin bəzilərinin üzündə qəribə və məni mat qoyan xoşbəxt bir ifadə görürdüm.Mən o günlərdə millətimizə yaxşı mənada heyrət etdim.Bu günlərə qədər deyirdim ki, mən heç nəyə heyrət edə bilmirəm, hər şey mənə adi gəlir, ona görə də yaxşı şair ola bilmədim.Ancaq bu səfərbərlik günlərində gerçək mənada heyrət etdim.Evimiz hərbi komissarlıqla yan yanadır, çox şeylərə şahid olurdum.Pilləkanın altına sığınaraq ağlayır, sonra üzünü gözünü silib gülə-gülə camaaat içinə çıxıb oğlunu gülə-gülə yola salan analar, nənələr, bacılar gördüm.Alqışlarla yola salınan əsgər avtobusları. Bayraqlar yellənir, marş oxunur, alqış sədaları ucalır.Burda duyğulanmamaq imkansız idi.Gənclər, ömrünün qönçə çağında arzuları yarım qalan, sonunda ölüm olan bir yola gedən ürəkli gənclər, 3000 evə, üç min ailəyə kədər yaşadan şəhidlər.Yarımcan olan qazilər…

Sonra qələbə…Dalbadal kəndlər, şəhərlər ermənidən azad olunduqca xalqın yaşadığı qüruru, bu məğrur hissi  sözlə ifadə olmur.Hər şəhidə, hər yaralıya bir dəfə ürəyimiz yandısa, azad olunan hər qarış torpağa, hər yurda, hər kəndə də bir o qədər sevindik.

Millət bu il iki cəbhədə mübarizə apardı: erməni və virus cəbhəsində. Hər iki düşmən can aldı, ürək yandırdı.Erməni can aldısa, artıqlaması ilə can da verdi.Kovid isə hələ də can almaqda davam edir.Kovid cəbhəsində də xalq ikiyə bölündü:virusa inananlar və inanmayanlar.İnanmayanlar özlərini qorumadılar və həm özləri, həm də onların əzizləri, yəni bir sözlə bütünlükdə xalq təhlükə qarşısında qaldı.Təhlükə hələ də davam edir.Bu təhlükəyə böyük ürək ağrısıyla deyirəm ki, mənim qardaşım da qurban getdi.

2020, iki iyirmi yan-yana duranda güzgü rəqəm deyə xoş xəyallar qurarkən fələk məşəqqətli bir il çıxardı qarşımıza, bir çox talelərə acılar yazıldı.Erməni xəbisliyindən çox analar oğulsuz, çox körpələr atasız qaldı.Gənc qadınlar ərini, gənc qızlar sevgilisini itirdi.Bu il şəhidlərə ayrı bir gözəllik gəlmişdi elə bil, bütün şəhidlər yaraşıqlı, üzləri nurlu, auraları xoş idi.Sanki diridir, canlıdırlar…

2020 bizi nə qədər sınasa da, ağrı-acı yaşatsa da həsrətində olduğumuz bir qələbə sevincini də yaşatdı.Heç ağlımıza belə gəlmirdi ki, belə tezliklə Qarabağı ala bilərik, amma aldıq.Dilimizə, məsələn, itiqovan kimi yeni terminlər gəldi, yeni texnikalar yarandı, igidlərimizi vəsf edən yeni sənət əsərləri yarandı, tarix yazıldı.Hamıya bir qəhrəmanlıq havası hakim oldu.Sanki bir anda tamlandıq bütövləndik, bir olduq, diri olduq, dəmir yumruq  havaya qalxdı və xalq əzəli məğrurluğunun fərqinə vardı.Nə gözəl bir duyğu, nə əziz bir hiss idi. Yaxşı ki, yaşadıq, yaxşı ki, bu hissi tanıdıq.

Vayla toy qardaşdır deyib atalar, bir yandan sevindik, bir yandan hüzünləndik.Hər kəsin itkiləri oldu, hamımız kədəri də qürurla yaşadıq.

Artıq 2020-nin son günü və biz yeni il üçün yeni diləklər diləyir, arzular xəyallar düşünürük.2020 ağrı acımızı özüylə aparsın, uzun ilin kədəri getsin gəlməsin, 2021 yeni xoşbəxtliklərin başlanğıcı olsun.

AYİŞƏ NƏBİ

1 thought on “Ah, nə yaman oldu 2020

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir