04 Temmuz 2024

ŞAİQ VƏLİNİN ŞEİRLƏRİ

Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsininin məzunudur.

O, 1990-1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra maddi durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub.

1996-cı ildən YAP üzvü olan şair 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk edib. Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib.

* * *

Mən kiminsə yarası,

Ahı, nəvasıyam.

Mən kiminsə yarısı,

Eyş-işrəti – səfasıyam.

.

Dayazda, dərində üzərəm,

Sözün dürründə üzərəm,

Dünyanın sirrində üzərəm –

Mən qəvvaslar qəvvasıyam.

.

Mən odumun havası,

Mən atamın bəbəsi,

Mən Adəmin babası,

Mən oğlumun nəvəsiyəm.

.

Mən könlümün şahı,

Mən aləmin pənahı –

Mən gedənin ruhu,

Mən gələnin nəfəsiyəm.

* * *

Gözlər, gözlər – nərgizlər,

Sərxoşluq nərgizlikdir.

Eşq yaxar, könül sızlar,

Yol gözləmək – gözlükdür.

.

Gün batır, qəmli qürub…

Aramızda dağlar durub.

Dünya – qürbət, mən -qərib,

Qəriblik əzizlikdir.

.

Dünya bizlə əyrişdi,

Cuna yaylıqlar yaşdı…

Fələk əli daşdı

Nişan alıb, bizlikdir.

.

Ürək quzutək mələdi,

Sındı – piyalədir…

Barış, bu, taledir,

Nə bizlik, nə sizlikdir.

* * *

Dünya gözəllər gözəlidir –

Fateh dərdidir, sultan dərdidir.

Eşq quş dilidir,

Dərd Süleyman dərdidir.

Yüyürüb enim qarşına,

Hərlənib dönüm başına.

Ulduzları Günün başına

Eşq yığıb – heyran dərdidir.

Hər qul bir qul quludur,

hər hal bir hal halıdır, –

hər çöl bir çöl çölüdür,

Çöl özü bir pünhan dərdidir.

Ahım ki, ahındandır…

Günahım ki, günahındandır.

Ruhum ki, ruhundandır…

Bu nə “sən-mən” dərdidir.

Ömür dolu camdı içilir,

İçirsən, qəmdi – açılır.

Şaiq Vəli şamdı kiçilir,

Qeyb olur – toran dərdidir.

***

Var

Hər zülmət gecənin başında

Bir ağ üzlü sabah var, var.

Hər almaz üzük qaşında

Bir damla zəhər var, ah var!..

Bu dünyayla aran sərin,

Şam işığı göz yaşı pərvanələrin…

Səni ağladan dilbərin

Kirpiklərində şeh var, var!

O qapı var, axı, sən döyən döy,

Açılan deyil, ha döyəclə… yeyin döy.

Tərəzinin sən tərəfi əyən döy,

Hər sevdada bir zərər var, var.

Sanma insan quşdu,

Fələk daş atdı – uçdu.

Ölüm də bir doğuluşdu –

Əbədi bir dərgah var, var!

Qismətin yer üzündə əvvəl yaranıb,

Göz yaşın gözündən əvvəl yaranıb,

Başdaşın özündən əvvəl yaranıb,

Alın yazısı var, tale var, var!..

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir