04 Temmuz 2024

Böyüklərin, “Ey gənc…” müraciətini çox eşitmşik, bunun müxtəlif cavablarını da.Bu cavablar arasında ən çox sevdiyimiz qarşıdakı gəncin iradəli, məntiqli, savadlı və ağıllı cavabları olur. O ki, qarşıdakı gənc ölüvay duruşuyla nə cavab verim deyə ata-anasının üzünə baxır, siz burda yanılmayın, o gənc mentalitet düşünüb böyüyə hörmət mənasında baxmır ana-atasının üzünə, cavab verməkdə aciz olur deyə baxır.

Bu günlərdə iki gənclə söhbətim məni xeyli düşündürdü. Hər iki gənc ata-ana qurbanıdır. Hər iki gənc ali təhsil almaq üçün ana-atanın seçimiylə razılaşıb və hər ikisi də ali məktəbə “yalandan” gedir, yəni oxumur. Bu cür gənclər minlərlədir.

Ali təhsil bir bəla kimi düşüb canımıza, illah da hamının ali təhsili olmalıdır.Bu, təbii ki, hələ də davam edən köhnə söhbətdir. Amma bir şey var ki, formasiya dəyişdi, sosializmdən kapitalizmə keçdik, çağ atladıq, amma beyinlərimiz dəyişmədi, yenə də bir parça kağıza-diploma hədər ömür tükətmək iştahası azalmadı. Hələ də desinlər filankəsin uşağı oxuyub cümləsi aktualdır. Elə mənim üçün də.

  Burda məni incidən başqa məqamdır. Oxusun oxumağına, ancaq bu, oxumaq deyil, ömür çürütməkdir. Gənclərdən biri üçüncü kurs tələbəsidir, ixtisasını dəyişmək istəyir. Niyəsini soruşuram, deyir anayla ata belə istəyir. Bəs ixtisas seçəndə niyə istədiyini seçmədin, deyir anayla ata özü seçdi. Bəs indi üçüncü ixtisası niyə özün seçmirsən? Deyir, mən heç birini istəmirəm. Sual: bəs necə oxuyacaqsan? Cavab: atayla ana oxuyacaq, özləri bilsin. Anayla ata ixtisas dəyişimində bir dəfə dolandırılıblar, ikinciyə həvəslidirlər. Nə olur olsun, təki uşağın əlində bir parça kağız, yəni diplom olsun.Mən oxumamışam, çalışıram ki, uşaq oxusun, deyir.

İkinci gənc də deyir, mən incəsənət sahəsinə getmək istəyirəm, atam qoymur. Uşağı “salıblar” meşəçilik ixtisasına. Deyir yalandan gedib gəlirəm, diplomu alıb verəcəm atama. Düzdür, çox tanış cümlələrdir, nə zamansa mən də eyni şəkildə diplomu gətirib anama verdim və heç vaxt da mənə lazım olmadı. İndi bu uşaqlar da eyni şəkildə heç vaxt istifadə etməyəcəkləri diplom üçün dörd il vaxt öldürürlər.Keçən il ali məktəbi qurtaran uşaqların işlədikləri sahələrə baxıram, heç birinin işinin oxuduğu ixtisasla əlaqəsi yoxdur.Biri supermarketdə satıcı, biri taksi şirkətində operator, biri  başqa  bir supermarketdə satıcı, biri qeydiyyatçı, ən yaxşı iş tapdım deyən kargüzardır. Məzun olanların hamısı iş axtarır.Təhsil sistemində heç nə dəyişməyib.Çünki beyinlər dəyişməyib.

Arzuları cücərməyən gənclərin iradəsizliyi məni narahat edir. Ata-analar qayğı çəkmək adı ilə uşağı elə gözübağlı, iradəsiz böyüdürlər ki, adamın ürəyi ağrıyır. 21 yaşlı gənc, nə soruşsan “ana bilir” deyir. ( Bir də uşaqlar mücərrəd şəkildə ana-ata deyirlər, ən yaxşısı atam-anam deyin ki, bilinsin kimdən söhbət getdiyi, həm də bu bir dəyərdir) Analar nə zamana qədər uşaqları idarə edəcəklərini sanırlar. Buraxın, bu uşaqlar qol qanad açsınlar, arzu- istəklərinin dalınca getməyə özlərində iradə tapsınlar.Bu uşaqların gələcəklərini məhv eləməyək. Biz, bizi sovet məhv etdi deyirik, bəs indi günahı kimin üstünə atacaqsınız?

Mən, gəncləri iradəsiz böyütmüsüz deyə nə qədər böyükləri qınayıramsa, bir o qədər də gəncləri qınayıram. Ata-ana savadsız ola bilər, yanlış düşünə bilər, ancaq indiki zamanda sizin inkişaf üçün əliniz hər yerə çatır, internet imkanı var, özünüz özünüzü inkişaf etdirin, böyüklərdən irəli keçin, öz iradəniz olsun, bəzən böyüklərə hörmətli şəkildə qarşı gəlin, dediklərini etməyin. Əgər öz istəyinizdə qərarlı olsanız, sözünüzün üstündə möhkəm durun, geri çəkilməyin, ana-atanıza inandırın haqlı olduğunuzu. Bu evliliklərdə də belədir. Alınmayan evliliklərdə çox zaman ana-atam evləndirdi deyə özlərini təmizə çıxarır gənclər.İstəmədiyinizlə evlənməyin, ana-ata da bir az inciyib, sonra sizin xoşbəxt olduğunuzu görüb barışacaqlar.Yoxsa, anam dedi südümü sənə halal etmərəm mənim qohumumla evlənməsən, kimi sözləri çox eşitmişəm.İnanmayın, analar sizin duyğularınıza təsir edib sözünü keçirmək istəyir.Bütün analar müqəddəsdir, amma bütün analar anlayışlı və savadlı deyil.Bəzən ana-ataların sözünü yerə salın, amma bunu hörmətlə edin, əgər arzularınız gözəldirsə, gələcəyinizin, xoşbəxtliyinizin təməlidirsə iradəli olun və arzularınzın dalınca gedin. Ana-atalar sizi başa düşəcək, sizi bağışlayacaq.Çünki siz bu il bir daha erməniyə çaldığınız qələbə ilə özünzü sübut etdiniz, dəyərli gənclik.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir