MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU
18 iyun 2010-cu il, gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçir.
İlk həmlədə Ermənistan ordusunun çox sayda əsgər və zabitini gözlənilmədən məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan igid döyüşçüsü qeyri-bərabər döyüşdə sabaha saatlarında qəhrəmancasına şəhid olur.
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubu sizə təqdim edirik:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.“
İklim.az