02 Temmuz 2024

UNUDULMAZ BƏSTƏKAR RƏŞİD NƏSİBOĞLUNU GƏNC AMİN NAMAZLININ QƏLƏMİNDƏN XATIRLAYAQ.

Bu dəfə göy suların tər nəğməsini duyan bəstəkardan – Rəşid Nəsiboğludan yazmaq istəyirəm. O bəstəkar ki, barmaqlarını pianinonun dillərində gəzdirəndə, sanki sehrli bir dəniz qoxusu yayılır, ləpələr qırçınlanır, dalğa səsləri yüksəlir. Onun bəstəsi Sahil metro stansiyasında bizi sahildən qabaq qarşılayır.

Əslən Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindən olan Rəşid Nəsiboğlu 1943-cü ildə tanınmış yazıçı Nəsib Əfəndiyevin ailəsində dünyaya göz açır. Yeniyetməlik illərindən musiqiyə maraq göstərən Rəşid, Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldıqdan sonra Konservatoriyanın bəstəkarlıq fakültəsində, Xalq artisti Cövdət Hacıyevin sinfində təhsilini davam etdirir. Bir müddət sonra ziyalı ailəsindən Sveta xanımla ailə həyatı qurur. Bu evlilikdən iki qızı dünyaya gəlir.

Rəşid Nəsiboğlu 70-ə yaxın mahnının, “Sevmək qadağandır”, “Yuxum çin olsa” operettalarının, “Günəşin bacısı” baletinin, müxtəlif sonataların müəllifi olsa da, ona ümumrespublika və ümumittifaq şöhrəti gətirən, Xalq artisti Mirzə Babayevin ifasında dinləyib sevdiyimiz “Limanda” mahnısı olub. Mahnının sözlərini tanınmış şair Adil Rəsul 1968-ci ildə yazır. Əvvəllər də ortaq əsərlər yaratmış sənətkarların yolları bu mahnıda yenidən kəsişir. 1971-ci ildə Rəşid Nəsiboğlu “Limanda” mahnısını bəstələyir. Rəşid Nəsiboğlu mahnını Mirzə Babayev üçün ifa edir. Mirzə Babayevin bu ifadan ürəyi əsir, mahnıya elə vurulur ki, sonradan repertuarında ən çox müraciət etdiyi mahnı bu olur.
“Limanda” Mirzə Babayevə böyük uğur qazandırır. Ömrünün son illərində bu mahnını tez-tez yada salır, klip çəkdirmək qərarına gəlir. Ondan əlavə, mahnını Xalq artistləri Brilliyant Dadaşova, Azər Zeynalov, Zaur Rzayev, Əməkdar artist Teymur Əmrah və bir çox gənc müğənni də ifa edib. Amma bu mahnı yaddaşlara Mirzə Babayevin ifası ilə həkk olub.

“Limanda” mahnısının sözlərinin müəllifi şair Adil Rəsulun da həyatı maraqlı olub. 1997-ci ildə hər iki oğlunu hərbi xidmətə yola salan şair, bir müddət sonra onları ziyarətə gedir. Ziyarətdən qayıdan kimi masa başına əyləşib gördüklərini, hislərini kağıza köçürür. Bu yazılar onun son yazıları olur, istedadlı şair 1997-ci ildə vəfat edir.

Rəşid Nəsiboğlunun Azərbaycan musiqi sənətinə töhfələrindən biri də 1976-cı ildə Sidqi Mustafayev ilə birgə yaratdıqları, 1981-ci ildə dövlət statusu alan “İRS” qədim Azərbaycan musiqi teatrıdır. Onlar illərlə Azərbaycanın müxtəlif bölgələrinə gedərək unudulmuş xalq havalarını toplayır, musiqi alətlərini bərpa edirlər. Azərbaycanın ən qədim musiqilərinə yeni ruh verən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməmiş məşhurluq qazanır.

“İRS” ansamblının ilk solisti Xalq artisti Mələkxanım Eyyubova olur. O zaman Konservatoriyanın 1-ci kursunda təhsil alan Mələkxanımı öz müəllimi Qulu Əsgərov ansamblında oxutmaq üçün dostu Rəşidə məsləhət görür. Mələkxanımın ifası Rəşid bəyin xoşuna gəlir və onu öz ansamblına dəvət edir.

Teatr günü-gündən uğurlar qazanmağa başlayır. Təkcə Azərbaycanda deyil, dünyada da çıxışlar edərək mükafatlar qazanır. “İRS” teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas mükafatını qazanır. Daha sonra İtaliyanın San-Karlo festivalının Qızıl medalına, İranda  keçirilən “Fəcr” beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri “İRS” teatrına həsr olunur. Qısa zamanda teatrın fəaliyyəti Sovet və xarici mətbuat səhifələrində işıqlandırılır. “İRS”in hazırladığı proqram respublika və mərkəzi televiziyada, həmçinin, xarici telekanallarda nümayiş olunur.

İstedadlı bəstəkar Rəşid Nəsiboğlu Sovet dövründə bir çox qadağalara, təqiblərə məruz qalır. Onun Nazim Hikmətin sözlərinə yazdığı “Ceviz ağacı” romansı türkçülük ideyalarını təbliğ edir düşüncəsi ilə efirlərə buraxılmır. Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi, Elmira Rəhimovanın ifasında məşhurlaşan “Zarafat” mahnısı da qadağa görən əsərlərindəndir. Bu mahnı Sovet sisteminə ironik baxış kimi dəyərləndirilərək efirlərə buraxılımır. Rəşid Nəsiboğlunu, rəhbərlik etdiyi “İrs” ansamlı ilə birlikdə Avstriya səfəri zamanı rüşvət alma bəhanəsi ilə həbs edirlər. İşi aparan prokuror erməni olur. Beləliklə, hökm verilir, şərlənən bəstəkara 8 il həbs cəzası kəsilir. Deyilənə görə, o, həbsdə olan zaman taxta parçası üzərinə pianinonun dillərini çəkibmiş. Hücrədə görmədən, eşitmədən musiqilər bəstələyirmiş. Bəstəkarın həyat yoldaşı Sveta xanım SSRİ Bəstəkarlar İttifaqına gedir və İttifaqın sədri SSRİ Xalq artisti Xrennikovla görüşür. Rəşid bəyin başına gələnləri ona deyəndə Xrennikov lazımi yerlərə məktublar göndərir, çağırışlar edir. Bu hadisə o zaman böyük əks-səda doğurur. Tofiq Quliyev, Niyazi, Ziya Bünyadov, Anar, Asif Ata və başqa tanınmış ziyalılar Rəşid Nəsiboğlunun azadlığa qovuşmağı üçün əllərindən gələni edilər. Bütün bu proseslər 2 il 3 ay çəkir. 1987-ci ildə Rəşid Nəsiboğlu bəraət alır. Həbsdən çıxanda incimiş, sarsılmış, lakin mətanətini və işləmək əzmini itirməyən bəstəkar özünü yenidən toparlamağa cəhd edərək ansamblı bəpa etməyə çalışır.

Təəssüf ki, istedadlı bəstəkar bir neçə il sonra – 1993-cü ilin dekabr ayının 30-da ömrünün ən məhsuldar çağında vəfat edir. Azərbaycan öz istedadlı oğlunu çox tez – 51 yaşında əbədi itirir.

Amin NAMAZLI

Ürəyi "limanda" uyuyan bəstəkar - <b style="color:red"> Rəşid Nəsiboğlu</b>

1 thought on “Ürəyi limanda qalan Rəşid Nəsiboğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir