21 oktyabrda böyük türk, böyük şair Xəlil Rza Ulutürk dünyaya gəlib.Unutmuruq.
TÜRK sözündən qorxan gəda
Qəribədir şakərin:
TÜRK sözünü eşitcək, dərhal omba durursan,
Bacarsan həmin sözün düz gözündən vurursan.
Qardaşım oğlu—Türkel,
Doğma kəndim də—Türkan.
Şeirimdə görsən, dərhal pozub qaralayırsan.
Ya Mərdəkan yazırsan,
Ya Şüvəlan yazırsan,
Təki Türkan olmasın.
Dodaqaltı mırtdanıb, söylənib xısın-xısın
Bəzən aşkar deyirsən:
—Qardaş, “Türkan” olmasın.
Yox, “qardaş” sözünü sən götür geri, ey gəda!
Sözdən qorxan hərifdən qardaş olmaz dünyada
nə yaxına, nə yada.
Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən:
Oddan, sudan, dənizdən, ilandan qorxan da var.
Həyulədən, teyfdən, xortdandan qorxan da var.
Ancaq sözdən qorxanı dünyada görən hanı?
— Yox, bu adi söz deyil,TÜRK sözüdür, ay canım!
Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!
Otuz yeddinci ilin lap dibinin xıltısan.
Sən neçənci ildənsən?
Qırxıncıdan?
nə fərqi?
Hələ heç doğulmamış qorxuludur qorxaqlar,
Bütün cinayətlərdə qorxağın barmağı var.
Sənin kimilərini süpürməsək cahandan,
Inan, bir də qayıdar bəlkə o qırğın, o qan.
Sənə xitab etməyi ar bilsəm də özümə,
Gərək davam eləyim başladığım sözümə.
Dinlə: hər halda səndən beş-altı yaş böyüyəm,
Ərzin ən böyük çayı Nilə bənzəyən TÜRKƏM!
AZƏRBAYCAN TÜRKÜYƏM, bu soyun şah budağı,
Neçə-neçə eranın köksümdədir qaynağı.
Ərzin buz laylarını əridən qüdrət mənəm,
Daş dövrünü yaşayan tunc,
Dəmir dövründə polad əridən qüdrət mənəm.
Avropanı oyatdı Atillanın qılıncı,
O qılıncı Füzuli qələminə çevirən
Cürət, ləyaqət mənəm.
Raketlərin anası arabanı kəşf edən,
Nə qədər uluslara: yunanlara, ruslara,
Tunquslara, lehlərə, almanlara, çexlərə
Min-min sözü bəxş edən bəşər atası TÜRKƏM!
Qulaq as, ey əqli kəm:
Məndən başlanır tarix,
Tarix qədər qocaman, tarix qədər müdrikəm.
TÜRKƏM, neçə millətə öz qanımı vermişəm,
Dənizlər bətnimdədir, ümmanımı vermişəm.
Get dolan Kamçatkanı, Alyaskaya gedib çat,
Amerikaya kəmənd at, orda rişəm var mənim.
Dillərini araşdır,
Öz doğmaca balamdır qədim hindular mənim.
Mən cığır yox, tarixin kəhkəşantək yoluyam,
Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.
Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm,
Türküstanda Farabi, İraqda Nəsimiyəm.
Bir qanadım Nəvai, o biri Yunis Əmrə,
Öyrən, hansı məqamda endim səmadan yerə.
Neçə millətin saçı əllərimlə darandı,
Iohan, İvan sözləri
Bizim “Xan”dan yarandı.
Uluq—Oleq qardaşdır, bəs Uğur—İqor necə?
Bunlar nə tapmacadır, nə ovsun, nə bilməcə.
Volqa—İrtış, Yenisey, Qızılirmaq – qollarım,
Ərzin şah damarıdır mənim döyüş yollarım.
Yox, biganə qalmadım nə xeyirə, nə şərə,
Mən “çelovek” sözünü bəxş eylədim bəşərə.
Sınırlanma boş yerə,
TÜRKƏ qarşı tuşlanmış cəsuslar görmüşəm mən,
Bulanlıqkən durulmuş,
Öyrənərkən ayrılıb özü TÜRKƏ vurulmuş.
TÜRKƏM!
Bircə həyatım yetmiş dəniz yelkəni,
Sən get anandan öyrən kimdən qazanmış səni?!