“Azərbaycan dilinin frazeologiya lüğəti” dilçiliyimizin leksikoqrafiya tarixində misli görünməmiş frazeologiya lüğətidir. Lüğətin orjinallığı təkcə onun həcmi ilə deyil, birinci növbədə lüğətin xüsusi elmi-nəzəri bazası ilə, lüğət məqalələrinin vahid struktur prinsiplərinə riayət etməklə tərtib olunması ilə ölçülür. Xüsusi elmi-nəzəri baza dedikdə biz frazeologiya nəzəriyyəsi məkanında irəli sürülmüş TRANSDİL ideyasını nəzərdə tuturuq, yəni dilin frazeologiya fondunun TRANSDİL mahiyyətli bir fenomen olması ideyasını qabardırıq. Frazeologiyanın TRANSDİL konsepsiyası akademik Kamal Abdullayevin və professor İlyas Həmidovun Moskvada Rusiya Federasiyası Elmlər Akademiyasının Dilçilik institutunun sabiq direktoru REA müxbir üzvü V.A.Vinoqradovun yubileyinə həsr olunmuş “В пространстве языка и культуры. Звук, знак, смысл (М., ЯСК, 2010) adlı çox ciddi bir elmi məqalələr toplusunda nəşr olunmuş, Rusiya frazeoloqlar cəmiyyətində bir növ aprobasiyadan keçmişdir. Sözügedən konsepsiya barədə lüğətin “Ön söz” bölməsində də müfəssəl məlumat verilir. Həmin bölmədə lüğət məqalələrinin spesifik strukturunu təşkil edən informasion blokların vaciblik dərəcəsi aydınlaşdırılır.
Lüğət məqaləsinin quruluşu birinci növbədə aşağıdakı tələb və prinsiplərlə şərtlənir: a) vokabula – ifadənin dominant forması olmalıdır və b) bu dominant formasının leksik-qrammatik variantları semantik baxımdan dominantdan heç bir konnotasiya ilə fərqlənməməlidir ki, c) dominant formanın (vokabulanın) məna izahı və ya izahları variantların da adekvat məna izahı kimi çıxış edə bilsin; d) məna izahının hər iki pozisiya üçün adekvat olmasını isə klassik ədəbiyyatdan cəlb olunmuş illüstrativ materialın köməyi ilə işıqlandırmış oluruq; e) növbəti pozisiyada vokabula ilə (dominant forma ilə) bu və ya digər semasioloji nisbətdə olan, onların mənalarını bu və ya digər səpgidə – etimoloji baxımdan, sinonimiya-variativlik və ya “daxili forma” baxımından açıqlayan dil vasitələrinin toplusu təqdim edilir ki, bu da dilimizin real, amma bəzən unudulmuş rəngarəng ifadələrinin oxucu yaddaşında canlandırmaq, oyatmaq məqsədini güdür; ə) o ki qaldı dominant ifadələrin rus dilinə tərcümə-ekvivalentlər blokunun lüğətdə yer tutmasına, demək lazımdır ki, tərcüməçilik praktikasında məhz frazeoloji vahidlərin tərcüməsi xüsusi çətinliklərlə qarşılaşır. Bu mənada lüğətdə təqdim olunan tərcümə materialları ali məktəblərin tərcüməçilik fakultələrində təhsil alan tələbələr üçün və ümumiyyətlə, tərcümə işi ilə məşğul olan ixtisasçılar üçün böyük kömək ola bilər. Bu mənada təqdim olunan Lüğət polifunksional (izahlı-tərcümə) xarakterli leksikoqrafik mənbə kimi çıxış edir: polifunksional leksikoqrafik əsərlər leksikoqrafiya tarixində heç də istisna olmamışdır – rusistikada, qermanistikada bu qəbildən olan lüğətlər mövcuddur.
Təqdim olunmuş lüğətin digər əsaslı – nəzəri, praktik, funksional – xüsusiyyətlərindən biri də əsərin Azərbaycan dilinin frazeoloji leksikoqrafiyasında aça biləcəyi perspektivlərdir:
1. Doğma dilimizin frazeologiya fonduna ixtisasçı-tədqiqatçı marağının çoxalması, dilimizin frazeologiyasının zənginliyinin aşılanması işində dəyərli təsir effektinin yaranması.
2. Lüğətimizin materialları əsasında orta məktəb şagirdləri üçün frazeoloji minimum lüğətinin tərtibi probleminin asanlaşması perspektivi.
3. Azərbaycan dilinin frazeoloji sinonimlər lüğətinin tərtibi sahəsində görülə biləcək işlərin aktuallaşması.
4. İrihəcmli azərbaycanca-rusca frazeologiya lüğətinin tərtibinin gündəmə gətirilməsi və s.
Lüğətin üz qabığında göstərilən statistik məlumatlar dediklərimizə əyani sübut kimi çıxış edə bilər.
“Azərbaycan dilinin frazeolofiya lüğəti”nin mükafata təqdim olunma səbəblərini yuxarıda ərz elədiyimiz sistemli faktlarda görürük. Əlavə göstəricilər qismində qeyd edək: Lüğətin yaradıcı kollektivinin üzvlərinin fədakar əməyi (kiçik bir qrup təşəbbüskar alimin 15 ildə gördüyü iş heç də əzabsız olmamışdır) öz bəhrəsini bu şəkildə vermişdir. Necə deyərlər, bizim bacardığımız bütün ilklər kimi heç də möqsansız deyil. Nöqsansız, mükəmməl lüğəti ancaq Allah-təala tərtib edə bilər (Pyer Büast). Bizim ən ümdə işimiz gələcək tədqiqatçılara qida vermək oldu. Qoy, bizdən sonra gələn alimlər daha yaxşısını yaratsın. Bu nəhəng və dərin dərya olan Azərbaycan frazeologiyasında hamı üçün genişdən geniş fəaliyyət dairəsi vardır.
Digər bir fakt da, fikrimizcə, önəmlidir. Adı çəkilən lüğətin tərtibçiləri rusistika üzrə ixtisasçılardır. Amma həmin müəlliflərdən üç nəfəri – layihənin rəhbəri professor İ.H. Həmidov, professor M.Q. Qocayev və dosent R.Ə. Məmmədova – orta məktəbi Azərbaycan dilində oxumuşlar, yəni azərbaycandilli alimlərdir. Yalnız dosent L.İ. Həmidova rus dili təhsilli mütəxəssisdir, ancaq azərbaycan dilini mükəmməl bilir və namizədlik dissertasiyası da rus-Azərbaycan frazeoloji tipologiya və tərcüməçilik məsələlərinə həsr olunmuş bir təqqiqat əsəridir.
1. Professor İlyas Həmidulla oğlu Həmidov– rus dilinin frazeoloji sintaksisi üzrə mütəxəssisdir. Bu sahədə bir neçə monoqrafik əsərin müəllifidir. Üç irihəcmli rusca-azərbaycanca paremiya-frazeologiya lüğətinin müəllifi kimi özünü səriştəli bir leksikoqraf kimi tanıtmışdır. Azərbaycan dilində də bir sıra elmi əsərlər yazmışdır. yetişdirdiyi elmlər namizədləri və doktorları sırasında (21 nəfər) 8 nəfəri azərbaycan-rus paremiya-frazeologiyası üzrə mütəxəssislərdir.
2. Professor Məmməd Qoca oğlu Qocayev əməkdar elm xadimi, klassik rus və Azərbaycan ədəbiyyatı tarixi üzrə tanınmış mütəxəssisdir. Azərbaycan və rus dilini ana dili səviyyəsində mükəmməl bilir. F.M. Dostoyevskinin 13 irili-xırdalı romanını Azərbaycan dilinə tərcümə etmiş, ədəbi tərcüməçilər sırasında özünəməxsus yer tutmuşdur.
3. Dosent Rəna Əlyar qızı Məmmədova Azərbaycan-rus tipoloji (müqayisəli) frazeologiyası üzrə təcrübəli və sanballı mütəxəssisdir. Azərbaycan dilinin frazeologiya sisteminin praktik səpkidə çox gözəl bilicisidir və bir leksikoqraf kimi yetişmişdir. Lüğətin çoxminli kartoteka bazasının təşkil olunmasında, onun sistemləşdirilməsində layihə rəhbəri ilə bərabər əmək sərf etmiş və onu əsaslı surətdə dəstəkləmişdir.
4. Dosent Leyla İlyas qızı Həmidova, yuxarıda qeyd etdiyimiz kimi filologiya elmləri namizədi, Azərbaycan-rus tipoloji frazeologiyası üzrə ixtisasçıdır, 3 rusca-azərbaycanca lüğətin müəllifi kimi özünü bacarıqlı leksikoqraf kimi tanıtmışdır. Hazırda Azərbaycan Dillər Universitetində çalışır.
İKLİM.AZ