02 Temmuz 2024

Yel atlı yel qanadlı əfsanəvi Xıdır Nəbi günləridir. Bəzi yerlərdə Xıdır Nəbi günləri fevralın 9-11, bəzi yerlərdə isə 12-15-də olurdu. Bu günlərdə mütləq güclü külək əsir, el dilində buna Xıdır Nəbi atının yelidir deyirlər. Xıdır Nəbi yazın gəlməsini müjdələyir, öz nəfəsi ilə soyuq havaya bir ilıqlıq qatır, “ocağa təpən” kiçik çillənin gözünə sanki bir əlçim umud qatır. Xıdır Nəbi, bildiyimiz kimi əfsanəvi obraz olmaqla tarixdə min il yaşamış Xızır peyğəmbərdir, Allah ona ölümsüzlük verib, darda qalana yardım etmək, yel qanadlı atla tayyi məkanlıq- bir göz qırpımında uzaq məsafələri qət etmək, gözə görünməməklə yanaşı Allah dostu uca ruhlu insanların gözünə görünmə özəllikləri verib. Ab-i Həyat, dirlik suyu içmişdir.

İndi Xıdır Nəbinin gəlişini səssiz -soraqsız yola versək də, əvvəlllər bu günlərə xüsusi bir ritualla hazırlaşırdılar. Xıdır Nəbinin gəlişinə süfrələr bolluq, ürəklər sevinc umudlu, niyyətlər dillərdə olardı. Bu günlərin ən özəl neməti qovutdur. Qovut qovrulmuş buğdadan kirkirədə çəkilmiş bir növ iri dənəli un kimidir. Onu bal (qənd) şərbəti ilə qatıb yeyirlər, unla qarışdırılımış qovutdan xaşıl da bişirilir.

Uşaq vaxtı əyləncəsinə bir-birimizə, ağzına bir ovuc qovut al Alpout de, deyərdik. Alpout deyənin ağzındakı qovud nəfəsi ilə havaya püskürülürdü, gülüşürdük.

Niyyət tutulardı Xıdır Nəbi gecəsi. Niyyətlər müxtəlif cür edilirdi. Yuxu görmə sınanırdı. Axşam yatı vaxtı bir qaba qovud töküb eşikdə hündür bir yerə qoyardılar. Əgər Xıdır Nəbi gəlib bu qovuda barmaq bassa, ya da çəliyini batırsa, demək Xıdır Nəbi burdan keçib, həm də bu diləyinin yerinə yetəcəyinə işarə idi.

Bir də yenə hündür bir yerə, adətən bacalara, damlara bir yumurta, yanına da əvvəllər ağla qırmızı ip, sonralar qırmızı və qara qələm, ya da boya qoyardılar. Sabah niyyət tutan dan ağaran kimi hamıdan qabaq durar qoyduğu sınağa baxardı. Əgər yumurtaya ağ sap bağlanıb, ya da qırmızı rənglə xətt çəkilibsə, onda demək niyyətin yerinə yetəcək, sevinərdi və doğrudan da adamın niyyəti yerinə yetirdi. Əgər qara rəng və ya qara ip istifadə edilibsə, o niyyət olmurdu.

Dan atmaq vardı Xıdır Nəbi günlərində. İndi bu axır çərşənbəyə aid edilsə də, əslində Xıdır Nəbidə atılardı dan. Dan atmaq, bir niyyəti hasil olubsa sabaha qədər yatmayıb günəş çıxana qədər oyaq qalmaqdır. Gecə boyu yaxın adamlar yığılır, yığnaqda kimi ibadər-dua edilir, şənlənilir, bol nemətli süfrələr açılır, sevinc göstərisi olur. Bu gecə çox dua edilir, çünki Allahın seçilmiş, üstün vəzifə verdiyi Xıdır Nəbi  yaxınlardadır, yel nəfəsi, atının qanadının yeli sənə xəbərlər gətirir, səndən də qeybə xəbər aparır.

Bütün bunlara mövhumat deməyin, hər mövhumatın bir az da gerçəklik payı var. Nağıllara, əfsanələrə baxın, orda deyilənlərin çoxu indi gerçək olub, amma heç ağlımıza da gəlmir ki, bu filan nağıldakı uydurmadır. Bəli, insan ağlına gələn heç bir şey uydurma deyil, unudulmuş qədim yaddaşın qırıntılarıdır.Bu başqa söhbətdir.  

Bu gün əsl Xıdır Nəbi günüdür, küləyi ilə günəşi ilə, duyulan yaz havası ilə.

Xıdır Nəbi bütün türk xalqlarında müqəddəs bilinir və onun yellə gəlişi bayram edilir.Bu türk xalqlarının daha bir ortaq özəlliyi, eyni kültürə sahib olmasıdır.

Allah yurdumuzun yaz nəfəsli Xıdır Nəbi sevincini əksik etməsin.

A.NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir