Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.
Min kamalın şöhrətidir, min ürəyin arzusu…
.
Yandırdığın o kitablar alovlanır…Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə…
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə;
O alovlar şölə çəkib şəfəq salır zülmətə…
.
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var…
Hər şikəstəm övladıdır bir müqəddəs diləyin;
De, onları heç duydumu sənin o daş ürəyin?
.
Söylə, sənmi xor baxırsan mənim şer dilimə?
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Sənmi “türkəxər” deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli,
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
.
Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Hər ürəyin öz dünyası bir səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı…
.
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq…
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı!
Hər torpağın öz eşqi var, hər millətin öz adı!
.
Nədir o dar ağacları, de kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Dayan!… Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
.
Cəllad! Sənmi, de, qırırsan fədailər nəslini?
Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!
Zaman gəlir…mən duyuram onun ayaq səsini;
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!…
.
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başımda.
Nəsillərin qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
.
Sür atını, dördnala çap! Meydan sənindir… Ancaq,
Mən görürəm al geyinib gələn bahar fəslini…
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini!
1947.