02 Temmuz 2024

Dünyasını dəyişən hörmətli İslam bəyin əziz xatirəsinə

O oluşan xoş yaddaşlardan biri də indi haqqında danışacağım, barəsində hörmətlə kəlimə kəsəcəyim insandır. O kəsəcəyim kəlməni, dumanlı bir gündə onun Ağdaşdakı evində ailə üzvləri ilə birgə süfrəsi başında kəsdiyim çörək kimi kəsməyə niyyətliyəm.

Bu insanla  o qədər də yaxın ünsiyyətdə olmamış, tez-tez görüşməmişik. Onunla dostlarım Siyavuş bəy və onun qardaşı Vəfadar bəy vasitəsilə bir neçə dəfə bir yerdə olub görüşmüş, ordan -burdan söhbətləşmiş, ünsiyyətdə olma fürsətimiz olmuşdur.

Son zamanlar, təəssüf ki, xəstə olduğunu eşitmişdim. Elə həmin vaxtlar Bakıda ayaqüstü görüşüb salam-sağolsuz ötüşməmişdik. Bakının Ə. Rəcəbli küçəsindəki ofisdə onunla göz -gözə gəldiyimi xatırlayıram. O gözlərin mahiyyətində olan dərin bir üzüntü elə hey özünü büruzə verərək onu görən hər kəsə görünməkdən vaz keçmirdi. Üzgün, yorğun və bitgin idi. Elə biləsən, bu dünyanın ağrı-acıları inadla məhz onu nişangaha almışdı. İllərin dözülməz kədəri gəlib birbaşa onu tapmışdı. Hələ bu nişangah bəs deyilmiş kimi, sanki ağrının tətiyi də çəkilmişdi. Ancaq çəkilən bu tətikdən geriyə qalan onun yaralı vücudundan ötə, yaralı bir varlığı onu tanıyanların cızdağını çıxarırdı.

Kim idi o? Ağır sualdı, deyilmi? Kim olacaq, qədim – qayım Ağdaş elində dədə – babalarının hər kəsin xatirində iz qoyub getdiyi unudulmaz cizgilərinin daşıyıcısı. Adı kimi əxlaqı da islami idi ki, o İslam idi. Qədirbilən gözəl ailəyə və övladlara sahibdi. Bu illər ərzində qazandığı əziz dostları da az deyildi. Mən o dostları onun yasında gözlərindən tanıyırdım. Onu canlarından artıq sevən, istəyən qardaşları vardı və bu qardaşların içi özünü, çölü özgəsini yandırıb yaxırdı. Yandırıb yaxırdı ki, niyə bu qədər tez, nədən bu qədər erkən bizlərdən, doğmalarının o şirin ünsiyyətindən ayrılıb getdi. O qardaşları indi də eyni halla və eyni şəkildə onu sevirlər. Ancaq, görəsən, o dünyadakı İslamın, ona olan bu sevgidən xəbəri varmı? Bilmirəm, ancaq təxmin etdiklərimdən mənə ayandır ki, sevdiklərini bu dünyada qoyub gedənlər davamlı olaraq onlarla təmas halındadırlar. Onların bu dünyadakılarla təması daha aydın və görünə bilənmiş. Ancaq bu dünyadakılar hələ ki, o görmə şəffaflığı qarşısında yalnız ruhlarına, şüuraltlarına və ürəklərinə güvənə bilərlər. Burdakıların təsəllisi inancları gərəyincə, heç olmasa o dünyada digər doğmaları ilə hüzur içində bir həyat sürməyidir.  

Dünyasını dəyişməmişdən bir neçə həftə əvvəl anası Allahın rəhmətinə qovuşmuşdu.  O yasdan sonra İslamı daha da sınıxmış gördüm. Sanki beli bükülmüş, o sakit şuxluğu əyilmiş, üz-gözündəki fanilik rüzgarı daha da sərt şəkildə görsənməyə başlamışdı. Sonra eşitdim ki, əməliyyat olunub. O əməliyyatdan sonra doğmalara əlvida deməyi elə də uzun sürmədi.

Dilimizdə bir feil var ki, min bir oyundan, feldən çıxır. Bu feil bəzən adamın cızdağını çıxardır. “Get”mək sözü. Bir də bu sözü deməkdən, deyə bilməkdən, səsinin hansısa tonuna salıb dilləndirməkdən çox şey asılıdır. Bu söz, sanki mənasını birbaşa elə qeyb aləmindən almışdır. Bir zaman o da ordan çıxıb gələnlərdən biriydi. İndi isə burdan daha çox, bizlərdən çıxıb “ged”ən oldu.

Elədir, o da çıxıb getdi. Tərk etdi. Bu  yerlərdən, onu tanıyan-bilən simalardan uzaqlaşdı. Ardınca çəkilməz ağrı, nisgil, xiffət, adamı boğan qəhər qoyub getdi. Ardında övladlarını, əzizlərini qoyub getdi. Ardında xatirələrini qoyub getdi. İllahım da, gedərkən, hər şeyi yır-yığış edib özüylə aparmadı. İnsaflı çıxdı, əxlaqlı olduğu zatən bəlliydi. Elə ayrılığı də göstərdi ki, onu tanıyan, sevən, hörmət edənlərə xərclədikcə tükənməyəcək xatirələrini qoyub getdi.  Biz insaflı olsaq, özümüzdən sonrakılara da ondan, İslam kimi insanların əxlaq və dürüstlüyündən nələrsə ötürə bilərik.

İslamın dünyasını dəyişməyinin məni ağrıtmağı bir başqa yanğıysa, onun bu hüzünlü gedişinə için-için qovrulan qardaşlarının verdiyi yanğı isə daha betərdi. Böyük qardaşı İlhamın, Vəfadarın, son beşiklərinin gözlərinə baxmaq olmur. O gözlərin önündə durmaq, dayanmaq mümkün deyil. Bilirsən ki, içlərinə dünyanın sellərini – sularını, gürşad yağışlarını axıdırlar. İçdə ki, içdi ha, Rəbbim. Qardaş dağının gətirdiyi qardaşların içində tufan qoparan o leysanın tutması istər – istəməz adamı tutur.

Dostumuz İslamın, dostlarımızın qardaşı İslam Hacıyevin bu dünyadan ayrılışından 40 gün keçir. İslamın sevdiyi gözəlim bu yurd, bu torpaq indi üzərində onun övladlarını gəzdirir. O övladlar gələcəyə, insanlara həmişə alnıaçıq, üzüağ olaraq baxacaqlar. Çünki onun geridə qoyduğu ən gözəl varidat elə halallıqla böyütdüyü övladlarıdır. Yunus İmrə demiş: “ Biz dünyadan gedər olduq, Qalanlara salam olsun.”  Biz də deyirik: İslam bəyin o dünyasına, o dünyadakı yeni başlayan həyatına salam olsun.

X.TELMANOĞLU

1 thought on “Yeni həyatına salam olsun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir