İnsanın qəlbinə vasitəsiz olaraq dolan hislər var, bu hislər, istəyib istəməməkdən asılı olmadan ağılla idarə edilmir.Ağılla insan elmləri dərk edir, dünyanı idarə edir, ən müşkül düyünləri açırsa da, burada ağıl çarəsiz qalır, ilahidən gələn hisləri və sezgiləri idarə edə bilmədiyi kimi onun qarşısını da ala bilmir.Heç bir səbəb və vasitə olmadan qəlbə dolan bu hislərə hərə bir ad verir.Şairlər buna ilham-ilham pərisi, sənətçilər yaradıcılıq iksiri, sufilər isə hal deyir.
Hal, “şimşək kimi qəlbə bir anda dolar və bir anda da çəkilib gedər”(Cüneyd).Qəlbin mənəvi vəziyyətinə görə hal dəfələlə təkrarlanır və yox olur.Hal gəlməkdə davam edir, hər gəlişində də mənəviyyatda bir dəyişmə olur və bu bir müddət sonra məqama çevrilir.
Din alimlərinin fikrinə görə hal və məqam biri birinə çox oxşayır və hətta, bəzən onları bir biri ilə qarışıq salırlar. Əslində isə, hal və məqam bir birindən çox fərqlidir.Əvvəla, məqam hal ilə başlayır. Hallar keçici və dəyişkəndir, məqam isə bu halın insanda qərar tutub sabit qalmasıdır.
Hal insandan asılı olmadan onun ruh halına uyğun olaraq gəlir. Hal gəldiyi zaman insanın ağlını və məntiqini idarə etməkdə çətinlik çəkməsi klassik ədəbiyyatımızda işlədilmiş olan “hal içrə cünun” təbiri ilə çox gözəl ifadə edilib.
Belə hallar zamanı sufilərdə bir çox qeyri adi hərəkətlər baş verir. Adi zamanlarda söyləyə bilmədikləri sözləri söyləyirlər.Buna görə bəzən ən böyük din adamları kafir belə sayılıb cəzalandırılıblar.Hal üzərində hakim ola bilməyən sufi bəzən halın ona yaxınlaşdığınnı hiss edib dağlara daşlara qaçıb ki, bu halda nə deyəcəyini bilmədən küfrlü sözlərlə kimsəni incitməsin.Bu vaxt övliyalar “söyləyənə deyil söylətdirənə bax” demişlər.Məsələn, Nəsiminin “ənəl haq” deməsi kimi.
Həllac Mənsur deyir: ‘Peyğəmbərlər hallar üzərində tam olaraq hakimiyyət qurmuşlar, onlar bu hallardan istədikləri kimi istifadə edirlər.Digərlərinə isə hallar bəxş olunmuşdur.Bu digərlərinin üzərində hallar hökm edir. Hallar nəbilərin idarəsi və təsiri altındadır’.
Hal dəfələrlə gəlir, onun hər gəlişi ilə məqama hazırlıq gedir.Hal çəkilib gedəndən sonra insan mənən bir pillə yüksəlir.Bəzən haldan heç nə qalmır.Sadəcə, bir meh kimi əsib keçir hal.Belə olanda, insan hala hakim deyil, hal insana hakim olmuş olur.Hal ilə məqamın ən əsas fərqi də elə buradadır: hal keçici, məqam isə qalıcıdır.
Hal ilə qəlbdə özünə yer eləyən hislər, duyumlar, mənəvi hallar zaman keçdikcə durulur, halın bir fırtına, tufan kimi yeri yerindən oynadan, ağlı başdan çıxaran havası yavaş-yavaş durğunlaşır, axan su donaraq necə buza çevrilir və yerində durursa, hal da eləcə durğunlaşaraq axıcılıq xüsusiyyətini dəyişib bərkiyir, insanın qəlbində forma alır.Özünə yer eləyib sabitləşir.Bu təkrar olunduqca, sanki hər dəfə bir daş qoyulub bina hörülür.Məqam olur.İnsan haldan məqama keçir.Artıq ona hal gəlib getmir, o haldan hala düşmür, sabit məqamda bir yolu tutub gedir Cezbə və vəcd olmur məqam əhlində.Halın gətirdiyi bütün mənəvi çırpınışlar məqam əhlinin nəzarətində olur.Məqam əhli öz qəlbində baş verənləri soyuqqanlı şəkildə izləyir, ona müdaxilə edir.
Məqam əhli övliyalar deyirlər, bir məqamdan digər məqama keçmək də hallarla olur.Hər məqamdan bir sonrakına keçmək üçün qula o məqamdan bir hal verilir, sonrakı məqam göstərilir və qul o məqama keçir. Bir məqamda sabit olması üçün isə əvvəlki məqama baxır və içində olduğu məqamı sağlamlaşdırır.Beləcə, qulun məqama yüksəlişi halların artması və çoxalması ilə, əsasən də, o halların rəhmani olub qulun ruhunda ilahi oyanışlara vasitə olması ilə olur.
Hal heç bir əmək və səy olmadan əldə edildiyi üçün verilən-vehbidir, məqam isə çalışmaqla, səylə əldə edilən olduğundan qazanılan-kəsbidir. “Hallar Allah Təalanın könüldə oyandırdığı şeylər, məqam isə bunların yollarıdır.”(Avariful maarif”, Sührevrdi).
Hz. Əli (ə) deyir:”Məndən səmavi yolları soruşun.Çünki mən bu yolları yer üzünün yollarından daha yaxşı bilirəm”.Bu yollar vasitəsi ilə insanın qəlbi səmavi ucalıqlara yüksəlir.
Məqamların birincisi tövbə, axırıncısı isə rızadır.
Halla məqam bir-birindən nə qədər ayrı olsalar da, əslində, həm də bir birinə qarışıqdırlar. Məhəbbətdə hal da var, məqam da.Tövbədə isə hal var.Tövbə halının başlaması qəlbdə meydana gələn bir həyəcandır və görmüş olduğu bir işdən peşman olub çəkinməkdir.Bu hal təkraralanaraq qəlbi qəflətdən çıxararaq insanı yakaza halına gətirir.