Hava sakit…Dəniz şəffaf…Səhər dilbər…
Al günəşin şəfəqləri düşür suya.
Asta-asta oynadıqca göy ləpələr
İlham verir min arzuya, min duyğuya.
Qanad kimi qayıqların ağ yelkəni
Sürüb gedir seyr edirəm onları mən.
Dastan kimi oxuyuram bu dənizdən
Dünya görmüş, zaman görmüş bir ölkəni!
Sahildəyəm, mən dənizi bu ülfətlə
Duymamışdım, sevməmişdim indiyədək.
Nə xoşbəxtəm.İlahi bu məhəbbətlə
Dəniz!- deyir, Dəniz!- deyir bu gün ürək…
Osa açmış öz mehriban qucağını,
Gəlin deyir, sinəm üstə yeriniz var.
İlk baharı seyrə çıxın, gözəl dostlar!
Seyrə çıxın bu ülviyyət ocağını!
Nə gözəlmiş dəniz üstə neyin səsi-
O insanın çiçək açmış arzusudur.
Həyat veriur bir arzunun zümzüməsi,
Azadlığın, səadətin hökmü budur!
Oxu, oxu, ana yurdun körpə qızı!
Mavi dəniz xumarlanır nəfəsinlə,
Günəş belə salamlayır baxtımızı.
Oxu, quzum, öz qəlbinlə, həvəsinlə!
Oxu, bala, dinləyirəm təranəni,
Dodağında gül açımşdı bəxtiyarlıq.
Mən duyduqca, düşündükcə bu gün səni
Ürəyimdə şeir olur bütün varlıq.
Ləkə yoxdur sənin o gül yanağında,
Gözlərində yanan alov ilk bahardır.
Şərqi deyən sənin körpə dodağında
Bir ölkənin haqqı vardır.
Oxu qızım! Alnı açıq, ürəyin şad,
Al günəşdən heç ayırma əlini sən:
Qəlbi azad, fikri azad, eşqi azad
Yurdumuzun sabahkı bir gəlinisən.
Bir analıq şərəfin də vardır sənin,
Qoynundadır insanlığın saf diləyi.
Övladları azad olmuş bir vətənin,
Al şəfəqə bürünmüşdür gələcəyi.
Oxu, dedim sənə, quzum, gülür bahar!
Bir ilhamdır nəfəsindən gələn avaz.
Söylə neçin gülümsədin, sözünmü var?