21 Kasım 2024

Şeirin yolu uzaqdır. Bəzən ilğım, bəzən gerçək. Şairin qəlbi “keçmişlə gələcəyin müharibə meydanıdır”. Şairin ruhu “arxaik yazılmamış qanunlara” tabe olmaz. “Qara qarğanın qaranlığa qarğışı” qum saatını durdurmaz. Biz isə İKLİM.AZ olaraq gənc şair Fuad Novruzluya uğur diləyərək onun ümidli şeirlərini “qorxma”dan sizə təqdim edirik.

QORXMA

Qulaq as, qorxma…

Düzdür, qaranlıqdır,

Amma ümid var ki,

Kimdəsə fənər var,

Kimdəsə gələcəyə ümidlə baxmağa səbəb var,

Kimdəsə ilk son zəngin xatirəsi var,

Kiminsə qəlbində əvvəlki sakit ahəngin ilğımı var.

Qulaq as,

Sənin həssas qəlbin

Keçmişlə gələcəyin müharibə meydanı deyil.

Qorxma,

Sənin sabahın heç kimin dünənində başlamalı deyil.

Sənin mənəvi sərvətin

arxaik yazılmamış qanunlardan ibarət olmalı deyil.

Heç kimin hədə-qorxusu sənin dinin deyil.

Sənin cənnətin də, heç kimin ayağı altında deyil.

Qaranlıqdır, amma qorxma,

Səndə də fənər var.

Səndə də gələcəyə ümidlə baxmağa səbəb var.

Səndə də sakit ahəngin işartısı var,

Sənin də qaranlıq səmanda minlərlə parlaq ulduz var…

İŞIQ İLLƏRİ

…Keçmiş.

Doğma yataq,

Bir azdan bu yox, o dünya.

Köhnə xəstəxana və gələcək…

Kəskin, yeni nəfəsli gələcək.

Bəlkə mələk-şeytanla çığırışıb qara pişikləri qovacaq.

Bəlkə elə həmin zalım keçmişə dadanacaq,

Bəlkə qum saatının axını aşağıdan yuxarıya fışqıracaq?

İndi isə

İlıq rahatlıq dalğaları

Ağrını yerində boğacaq.

İlğımlar qanayan yaraların üstünü yüngül qıdıqlayacaq,

Tanrı mənim yorğun gözlərimin işığını

Nəvazişlə alıb,

Gələcək körpə baxışlara hədiyyə edəcək.

ƏZAB VƏ ÜMİD

Qara qarğanın qaranlığa qarğışı.

İslanmışın qiyamət yağışı.

Anamın göz yaşı.

Mübarizənin ağası,

Qorxularının köləsi.

Həyatının ölümü titrədən kölgəsi.

Zəif gözümün son pərdəsi.

Arzularının sakit, nəhayət sonluğu.

Zaman küçüyünün zalımdan betər bədheybətə çevrilməsi.

Əbədi əzab,

Əbədi əzab.

Anlıq ümid… və tanış dövran.

TƏCAVÜZ

Qızıl Ordu, sonra qızıl xaçlı gümbəz kölgəsində

Əsrlərdən saniyələrə parçalanmış milli mənlik,

Əbədiyyətdən dövrlərə bölünmüş mədəni boşluq

Və dünənki mənəvi heçlik.

Nəhəng şimali aqressiya,

Format dəyişmiş imperializm.

İkibaşlı anti-demokratiya və xalqlar zindanı reaktoru.

Papağı qırmızı ulduzlu zalım alimin

Öz qanlı təcrübələrinin

Vəhşi nəticələrinin

Əbədi təhkiminə çevrilməsi.

Dünya birliyinin öz ədalətsizliyinə dözümü.

***

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir