04 Temmuz 2024

Dil ünsiyyət vasitəsidir deyirik, əslində isə insan ünsiyyətə dildən əvvəl  başlayır;  baxmaqla, toxunmaqla, hiss etməklə və s.Demək, dil ünisyyətin sadəcə, ifadə formasıdır. Bir alimin fikridir deyir, ana dili demək səni dünyaya gətirən ananın dili demək deyil, ana dil, yəni əsas, önəmli olan dil mənasındadır.Hər kəs fikrini deyə bilər təbii ki.Biri də deyir, insanın doğulub böyüdüyü ailənin, toplumun dili onun üçün ana dilidir.Belə çıxır ki, bir türk bir ingilis ailəsində doğulub böyüsə, ana dili ingilis dili olur? Bu da onun fikridir, deməkdə sərbəstdir.

Mənim üçün ana dili, həm anamın, həm də millətimin dili olduğu üçün ana dildir, önəmli, əsas dildir.Bu gün ana dili günüdür, bəs biz anamız qədər hörmət edirikmi anamızın dilinə? Şübhəliyəm bundan. Niyə? Çünki dilə hörmət edən dili qoruyar.Dövlət, dili qorumaq üçün qərar verdi, bəs biz dili nə qədər qoruyuruq? Yox, axı təmiz Azərbaycan türkcəsində danışmaq geriçilikdir. Bəs nə bilmisən? Dilə gərəkdir ki, əcnəbidən söz qatasan “kiiii, səni sayalar intiligent” . Danışanda ləhcəni bənzədəsən ingilisə, rusa, ya da heç olmasa Osmanlı türkcəsinə kiii, desinlər bu da nəsə qanır.Bir də görürsən, vətən sərhəddini o üzə keçib iki aydan sonra qayıdır, deyir dili unutmuşam, əcaib qəraib danışır.Ya da elə sərhəddi ömrü boyu bir dəfə də keçməyən ədəbazlar var e, guya müasir görünsünlər deyə əcnəbicə danışırlar küçədə, orda-burda.Buna da sözüm yoxdur, məharətini göstərir. Sözüm o ana dilini əcnəbi dillərlərlə qatıb qarışdırıb, həftəbecər dilində danışanlaradır. Başqa dilləri qarışdırıb danışmaq müasirlik və ya dil biliciliyi deyil, tam da dili bilməzlikdir. Dili yaxşı bilən adam bir dildə təmiz danışar, sonra keçib digər dildə də təmiz danışar. Əsl məharət budur.Öz dilinə xor baxmaq heç kimə hörmət gətirmir, elə birinci dilini danışdığın millətin nümayəndələrinin yanında hörmətdən düşürsən.

Danışıqdan başqa yazıda da dilin saflığına əməl edilməli. Bu mənada çox vaxt dil inkişaf etməli, dilə yeni sözlər gəlməli, dil zənginləşməlidir deyərək dilə yeri oldu- olmadı sözlər qatırlar. Buna da etiraz  etmirəm, bəli, dil zənginləşməldiir. Amma bu zənginlik  belə olmur, dilin özündə olan sözləri unudub yerinə əcnəbi sözləri qoymaqla zənginləşmir, onda dil bayağılaşır. Dilimiz zəngindir, sadəcə, bir çox sözümüzü yerlidir, ləhcədir deyə yazıya almağa layiq bilmirlər, özlərini dildə passiv göstərməmək üçün öz dilimizdə olan qədim-qayım sözlərin yerinə  hansısa əcnəbi sözləri  gətirirlər. İnanın ki, o sözlərin ruhu var, unudulmuş insan kimi unudulmuş, xor görülmüş sözlər də inciyir, onların da ruhları əzilir və sizdən qisas alacaqlar.

Müasirlik gözəl işdir, ancaq şəhərin vitrinlərində öz dilini əzib, tapdayıb hansısa əcnəbiyə xoş gəlsin deyə yazılan obyekt adları lap ürək ağrıdıcıdır. Çox yazılıb bilirəm, hələ də heç nə dəyişmədiyinə görə bir də mən yazım. Bu şəhəri də, milləti də hörmətli etmir. Özünə hörmət edənə başqaları da hörmət edir, ən azından iki dildə yazılsa, bu başa düşüləndir, amma bir dəfəlik əcnəbi dildə yazmaq millətə təhqirdir, dili aşağılamaqdır.Bu millət bu təhqirə layiq deyil, bunu unutmayın, əcnəbisevərlər.

Mən demirəm ki, dünya dillərindən qopun, xeyr, poliqlot olun, amma birinci yerdə öz diliniz dursun.Bu sizə başucalığı gətirər.

Hələ əlifbadan danışmıram, burda Qəribi lap ağlamaq tutur.Milləti nə qədər sındırmaq olar axı? Tarix  hər dəyişən hərflə yazı yaddaşımızı neçə dəfə itirmişdir? Faciədir.

Hərflərin, yazının bir də ruhu olduğunu, insanı ruhani, mənəvi aləmdə necə ifadə etdiyini, hərflərin dəyişməyi ilə nələri itirdiyimizi hələ demirəm. Bu başqa və daha böyük söhbətdir. Ana dilimizin sonsuzluğunu (əbədiliyini) diləyirəm.Dilimizə düyün düşməsin.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir