21 Kasım 2024

HEKAYƏ

Bütün  yalanlarda gizli bir həqiqət var.

                                                                                              Qədim atalar sözü.

 Bu yaxınlarda oriental tədqiqatla məşğul olarkən, hətta, Avropaya belə məlum olmayan, “məşhur Amerika ədəbiyyatı”  yazarlarından  başqa,  bildiyimə görə indiyə qədər heç bir Amerika  aliminin  istinad etmədiyi, (Simon İohaydesin “Zohara” adlı əsərinə oxşayan)  “Təklinetli” adlı bir  əsərə rast gəldim,  bu, olduqca maraqlı əsərin  bir-iki səhifəsini vərəqləyəndə  ədəbiyyat aləminə vəzirin qızı Şəhrizadın taleyinin “Ərəb gecələri”ndə  indiyə qədər səhv təqdim edildiyini görəndə, yəni burada denouement(frans.)- nəticənin səhv olmasını deyil də, hekayənin  başa çatmadığını görəndə mən çox təəccübləndim.

            Bu  diqqətəlayiq  hadisənin  təfərrüatı ilə maraqlanan diqqətli oxuculara mən elə “Təklinetli”nin özünü  oxumağı məsləhət görürəm və indi isə oradan oxuduqlarımın qısa məzmununu  sizə çatdırıram.

            Nağılların, qəbul etdiyimiz ümumi versiyasına uyğun olaraq bilirik ki,  öz şahzadə  arvadını  müəyyən  səbəblərə görə qısqanan bir padşah, öz saqqalına və  peyğəmbərinə and içir ki,  o təkcə  arvadını öldürməklə  kifayətlənməyəcək, həm də hər gün ölkəsinin ən gözəl bir qızını  alacaq və ertəsi sabah da onu cəlladların  əlinə verəcək.

            Qızının ağlına bir  fikir gələn baş vəzir, bir axşamüstü (yəqin ki, ibadət saatında), uzun illər boyu  əhdinə  sadiq qalaraq  saleh və ağıllı insan kimi  şöhrət qazanmış padşahın yanına gəldi.

             Qızın  adı Şəhrizad idi, onun məqsədi ölkəni  bu insafsız gözəllik vergisindən  xilas etmək və ya bu yolda bir qəhrəman  kimi həlak olmaq idi.Buna görə də,  bir ildir  ki, bu iş o qədər də vüsət almırdı (elə  bu da onun qurbanını  daha da təqdirəlayiq edirdi), o öz atası baş vəziri  padşahın yanına göndərib, ona evlənmə təkilf etdi.Padşah bu təklifi həvəslə qəbul etmək istəyirdisə də etmirdi (onun özünün belə bir niyyəti  vardı, ancaq vəzirdən qorxduğu üçün onu  günü-gündən təxirə salırdı), lakin bu işlə əlaqəsi olan hamıya aydın idi ki, vəzirin vəzirliyi öz yerində, o isə padşahdır və o heç vaxt  öz əhdinə xilaf çıxmaz, öz imtiyazlarından  imtina   etməz.Buna görə də  gözəl Şəhrizad əgər padşaha ərə getmək istəyirsə, qoy getsin, o öz müdrik atasının  məsləhətinə qulaq asmayacaqsa,  nə etmək olar, təkrar edirəm, o ərə getmək istəyir və   ərə  gedəndən sonra başına nələr gələcəksə, hamısını bir-bir o qəşəng qara gözlərinin  qabağına gətirirdi.

Lakin bu müdrik qızın (şübhəsiz ki, Makiavellini oxuyan) çox ağıllı bir planı vardı.Toy gecəsində, bilmirəm hansı ağlabatan bir bəhanə taparaq, o, öz bacısının oturduğu yeri  padşah xanımlarının oturduğu yerin  lap yaxınlığında, rahat söhbər edə biləcəkləri qədər yaxın bir yerdə  qurmuşdu.Xoruzların ilk banından bir az əvvəl o, öz ərini ( sabah boğmaq niyyətində olduğuna görə onunla heç cür pis davranmayan), öz alicənab  ağasını  oyatdı, bacısına  (əlbəttə ki, yarıpıçıltı ilə)maraqlı bir əhvalat danışdı ( səhv etmirəmsə, burada söhbət qara pişik və siçandan gedirdi).Hava işıqlaşanda məlum oldu ki,  hekayə hələ tam qurtarmayıb, Şəhrizad isə təbii ki, bunu tamamlaya bilməyəcəkdi, çünki onun artıq qalxmaq  və  asılmaqdan daha  nəcib bir edam sayılan boğularaq öldürülmək vaxtı idi. 

            Burada təəssüf hissi ilə qeyd etməliyəm ki, hətta, dini prinsiplərinə belə həmişə üstün gələn maraq padşahı elə bürümüşdü  ki, siçana və qara pişiyə  (deyəsən, məhz qara pişiyə) nə olduğunu  eşitmək üçün  öz əhdini yerinə yetirməyi təxirə salaraq sabaha saxladı.Lakin Şəhrizad xanım  bu gecə təkcə qara pişiyin (siçan mavi idi) axırına çıxmadı, o həm də fərqində olmadan  (səhv etmirəmsə) açarla qurulmuş kimi bütün gücü ilə  dörd nala çapan  yaşıl qanadlı  çəhrayı at haqqında daha mürəkkəb bir əhvalat danışmağa başladı.Bu əhvalat padşahı birincidən daha çox maraqlandırdı, belə ki, artıq sabah açılsa  da Şəhrizad hələ də öldürülməmişdi ( şahzadənin  vaxtında boğulmaq üçün  bütün səylərinə baxmayaraq), edam  mərasimini bu gün də  təxirə salmalı oldular.

Növbəti gecə də  eyni şey təkrar  olundu, sonra yenə də, yenə də beləcə davam etdi, axırda şanlı padşah düz min bir gecə öz  əhdinə əməl edə bilmədi, bu vaxt ərzində onu  ya unutdu, ya bütün qaydaları ilə birlkdə  ləğv etdi,  ya da (ən inandırıcı olan da budur) ki, bir dəfəlik hamısını  cəhənnəmə vasil elədi.

 Hər halda  Həvvanın nəslindən gələn Şəhrizad yəqin ki, öz boxçasını cənnət bağlarındakı ağaclardan topladığı yeddi xurcun söz-nağıl meyvləri ilə doldurmuşdu.Beləcə, Şəhrizad  qalib gəldi və gözəllik vergisi ləğv olundu.

            Belə bir nəticə (hamıya məlum olan mənbədə o məhz belə verilib) əlbəttə ki, çox xoş və layiqincədir, ancaq təəssüf ki,   insana xoş gələn hər şey həqiqət olmur, axı, bu da doğru deyil, səhvi düzəltmək üçün isə mən, bütünlükdə “Təklinetli”yə borcluyam. “Le  mieux, est l’ennemi du  bien” (frans.) fransız  atalar sözü “Ən yaxşı şey odur ki, düşmənin  yaxşı olsun” deyir, Şəhrizada qalan  yeddi xurcun  söz mirası isə, qeyd edim ki, artıb yetmiş yeddi olmuşdur.

            -Əziz bacım,- o min  ikinci gecədə dedi  (burada mən “Təklinetli”ni verbatim(latın.)- sözbəsöz oxuyuram – əziz bacım, -dedi o,-indi artıq xoşbəxtlikdən bu düyünlü məsələ həll edilərək lənətli vergi ləğv olundu, ancaq mən  özümü yenə də günahkar  sayıram, çünki  ( o da təəssüf ki, heç bir  kübar adamın özünə yaraşdırmayacağı  tərzdə xoruldayır)  Dənizçi Sindbad   əhvalatının axırını  səndən və padşahdan gizlətmişəm. Bu adamın başına sizə danışdıqlarımdan başqa çox hadisə gəlib, ancaq açığını deyim ki, o gecə mənim  çox yuxum gəlirdi və   yatmaq istədiyimdən, Allah məni bağışlasın, axmaq hərəkət edib  günah edərək onu qısaltdım.Ancaq səhvimi düzəltmək hələ də gec deyil, heç olmasa bu dəhşətli xoruldamağını kəssin deyə padşahı iki dəfə çimdikləyəcəm, sonra sənə (ona da, əgər  dinləmək istəsə) bu çox maraqlı hekayənin davamını danışacam.

            “Təklinetli”nin yazdığına görə  Şəhrizadın bacısı bu sözlərə o qədər də  təəccüblənmədi, ancaq padşah  iki çimdikdən sonra xoruldamağı kəsdi və “hm!”, sonra “x-xo!” kimi səslər  çıxarmağa başladı, şahzadə  bu sözləri  (yəqin ki, ərəbcə idi) bütün diqqətini toplayıb bir daha  xoruldamayacağı kimi başa düşdü, şahzadə hər şeyi öz zövqünə görə yerbəyer etdikdən sonra Dənizçi Sindbadın hekayəsinin davamını danışmağa başladı.

            -“  Uzun illər boyu( Şəhrizad, Sindbadın  sözlərini belə  təqdim edirdi) evimdə rahat yaşadıqdan sonra,  qocalana yaxın məndə  yad ölkələri görmək həvəsi oyandı və bir gün evdəkilərə heç bir  xəbər vermədən,bəzi çəkidən yüngül, vəzndən ağır əşyalardan  toplayıb tay bağladım, bir hambal tutaraq onunla birlikdə dəniz sahilinə yollandım, burada məni, heç vaxt görmədiyim yerlərə aparacaq bir gəminin  gəlməyini  gözləməyə başladım.

            Biz tayı qumun üstünə qoyub ağacların kölgəsində oturub dənizə baxaraq  gəmi  gözləyirdik, bir  neçə saat keçdi, ancaq heç bir gəmi gəlmədi.Axırda mənim qulağıma qəribə bir uğultu və cırıltı səsi gəldi, hambal da diqqət edərək bu səsi eşitdiyini dedi.O səs  getdikcə güclənirdi və artıq bilirdik ki, bu səsi çıxaran hər nədirsə bizə yaxınlaşır.Nəhayət, biz üfiqdə qara bir ləkə  gördük, bu ləkə  sürətlə böyüdü və  yaxınlaşdıqda, gövdəsinin böyük  bir hissəsi   suyun üstündə olaraq dənizdə üzən nəhəng bir div olduğunu gördük.O  köpüklü dalğalara sinə gərərək və uzağa vuran atəş zolağı ilə dənizi işıqlandıraraq, görünməmiş bir sürətlə  yaxınlaşırdı.

              Yaxınlaşanda, biz onu aydın görə bildik.Onun uzunluğu üç  nəhəng ağac boyda, eni isə, ey Xəlifələrin ən  ulusu və ən alicənabı, sizin bu böyük salonunuzdan heç də az olmazdı. Bədəni adi balıq  bədəninə oxşamırdı, o qaya kimi bərk idi, dənizin altından görünən hissəsi tamamilə qara idi, ensiz  qan qırmızı  zolaqlarını nəzərə almasaq, kəmərli idi.  Suyun altında qalaraq hərdən görünən qarnının, bu div məxluq  dalğaların üstünə çıxanda buludlar arasından görünən Ayın rəngini xatırladan metal pullarla örtüldüyünü gördük. Beli düz  və  ağ idi, uzunluğu təxminən gövdəsinin yarısı qədər olan altı dənə qol irəli uzanmışdı.

            Bu qorxunc  məxluqun, görünür, ağzı yox idi, bu əksikliyin əvəzində  onun yerinə, yaşıl cırcıramalardakı kimi bərəlmiş, bütün bədəninin ətrafında qırmızı  zolağa paralel olaraq bir-birinin üstündə iki sırada  düzülmüş, sanki qaşları əvəz edən  səksən gözü vardı.Bu dəhşətli gözlərdən  ikisi və ya üçü  digərlərindən olduqca böyük idi və sanki  təmiz qızıldan  düzəldilmişdi.

            Mən, bu div çox böyük  sürətlə  bizə yaxınlaşır, dedim, amma o elə bil ki,   bir möcüzə ilə hərəkət edirdi, çünki onun nə balıq kimi üzgəcləri vardı, nə  ördək kimi  kürəkayaqlı idi, nə qanadı vardı, nə də bir sal üstündə üzürdü, onu sanki küləklər qovurdu, ancaq ilan balığı kimi heç də qıvrılmırdı.Onun başı ilə quyruğu  eyni formada idi, ancaq quyruğunun yanında bu divin böyük bir güclə və yüksək iyrənc bir səs çıxararaq nəfəs verdiyi o qədər də böyük olmayan burun deşiyi kimi  iki deşik vardı.

            Bu eybəcər məxluqu görəndə biz həddən artıq çox qorxduq, yaxından baxanda  gördük ki,    onun üstündə insan boyda və insana oxşayan çoxlu varlıqlar var, amma bu insana bənzərlərin  əyinlərində paltar əvəzinə (yəqin ki, təbiətdən idi) qabığa oxşayan parçadan olan uyğunsuz çirkin geyim vardı, bu paltar o qədər dar idi ki, yazıqlara məzəli və yöndəmsiz  bir görkəm verirdi, üstəlik yəqin ki, həm də onları incidirdi, bunu görəndə biz qorxudan  çox heyrət etdik.

            Onların  üst hissəsində əvvəlcə mənə rəngli əmmamə kimi  görünən kvadrat qutular var idi, sonra onların olduqca ağır və qalın olduğunu gördüm, onlar bu canlıların başlarını çiyinlərinin üstündə daha asan saxlamaq üçün nəzərdə tutulduğunu  başa düşdüm.Onların boyunlarında bizim itin boğazına taxdığımız, ancaq ondan bir az enli və  sərt olan  qara boyunluq (yəqin ki,  köləlik nişanı idi) vardı, bu boyunluq yazıqların bütün bədəni dönməsə boyunlarını  döndərməyə qoymurdu və onlar baxıb heyran olmaq üçün yalnızca öz dik burunlarını görməyə məhkum idilər.

            Bu div sahilə, bizim durduğumuz yerə lap yaxınlaşdı və birdən onun gözlərindən biri irəli çıxaraq qalın tüstü dumanı və göy gurultusu kimi yüksək bir səslə müşayiət olunan alov püskürdü.Tüstü dumanı seyrələndə biz qəribə insana bənzər məxluqlardan birinin  əlində bir  boru tutaraq  divin  baş tərəfində durduğunu gördük, o borunu ağzına yaxınlaşdırıb, əgər burundan çıxmasa söz hesab edəcəyimiz kəskin  və eybəcər səslər çıxararaq bizə  müraciət etdi.Bu müraciətə necə cavab verəcəyimi  bilmirdim, çünki onun nə dediyini başa düşmürdüm, çaşaraq  qorxudan   keyləşmiş hambala tərəf  dönüb  soruşdum ki, səncə, bunlar hansı cinsdəndir və bu qəribə məxluqların bellərində sürünən o varlıqlar  nədir.Qorxudan titrəyən hambal mızıldadı ki, o bir dəfə bu dəniz vəhşisi haqqında eşidib, deyirlər, onun içalatının əvəzində yanan kükürd, qan əvəzində isə içində qor atəş olan qəzəbli şeytan insanalara əzab vermək üçün pis cinlər tərəfindən yaradılıb,  bellərindəki isə hərdən itlərdə və pişiklərdə də əmələ gələn, ancaq bunlarda daha böyük və daha  zəhərli olan parazitlərdir; zərərli olsalar da onların da öz vəzifələri var, yəni onlar divi dişləyərək və dalayaraq dəli olmaq həddinə gətirirlər və beləliklə də, pis cinlərin qisasalma və xain  niyyətlərini həyata  keçirə bilmələri üçün onları kükrəməyə və hər cür pislik etməyə vadar edir.  

            Bu izahat məni dabanıma tüpürməyə sövq etdi, mən  başımı belə qaldırmadan düz təpələrə tərəf qaçdım, hambal da eynilə mənim kimi sürətlə qaçmağa çalışırdı, ancaq o mənim taylarımı qorumaq üçün əks tərəfə qaçırdı və yəqin ki,  onu tam olaraq qoruyacaqdı, əslində, mən bunu  deyə  də bilmərəm, çünki bundan sonra onunla bir daha görüşdüyümü xatırlamıram. 

 O insana bənzər parazitlər (qayıqlarda gəlib  sahilə düşənlər) məni qovmağa başladılar və tezliklə  tutdular, əllərimi-ayaqlarımı bağlayıb, bir az bundan qabaq dənizə yelkən açmış o divin  belinə qoyub apardılar.Mən indi  ağılsızlıq edərək evdən çıxıb həyatımı belə  təhlükəyə atdığım üçün acı bir təəssüf hissi keçiriəm, ancaq təəssüflənməyin heç bir xeyri olmadığını görsəm də   ruhdan düşməyərək, öz yol yoldaşları üzərində  bir səlahiyyət sahibi olan  bu, əlində boru tutan insana bənzəyən  varlığın  yerini tapmağa çalışım deyə qərara gəldim.Mən buna elə nail oldum ki, bir neçə gündən sonra o mənə  müxtəlif yaxşı əlamətlər göstərməyə başladı, sonra isə o   öz aləmində dil  hesab etdiyi mənasız şeyi mənə öyrətmək zəhmətini öz üzərinə götürdü,belə ki,  mən artıq onlarla sərbəst danışaraq,  mənim o ehtiraslı dünyanı görmək arzumu onlara dedim.

            Bir dəfə nahardan sonra o mənə,- “Uoşiş skuoşiş, skuik, Sindbad, hey didl, didl, qrant znd qrambl, xiss, fiss, yuiss”,-dedi, ancaq üzrə üstəyirəm!Mən unutmuşam ki, siz, əlahəzrət, kok-neev dilini axı bilmirsiniz (bunlar kişnəmə ilə cikkildəmənin qarışığı  səslərdir).İcazə verin tərcümə edim.”Uoşiş skuoşiş” və s. davam edənlər, yəni “Mən məmnunam, cənab Sindbad, çünki siz ağıllı oğlansınız, biz indi üzərək yer kürəsinin ətrafında dövrə vururuq, əgər sən dünyanı görməyi bu qədər çox istəyirsənsə, mən səni bu  divin üstündə pulsuz aparacam.”

            Xanım Şəhrizad bu yerə çatanda, “Təklinetli”nin dediyinə görə, padşah sol böyrü üstündən sağ böyrü üstünə  döndü və belə dedi:

            -Əziz şahzadəm, doğrudan da, çox heyrətamizdir ki, sən Sindbadın bu son macərasını  ötürmüsən.Bilirsənmi, məncə onlar çox əyləncəli və qeyri-adidir.

            Padşah öz fikrini bu şəkildə deyəndən sonra gözəl Şəhrizad   nağılını danışmağa davam etdi:

            -Sindbad xəlifəyə danışdığı hekayəni  davam edərək belə dedi:”Mən heyvan-adama onun xeyirxahlığı üçün  öz minnətdalığımı bildirdim və tezliklə okeanda sürətlə üzdüyünə əmin olduğum o divin üstünə tam yerləşdim, ancaq dünyanın bu hissələrində onun beli hamar deyildi, nar meyvəsi kimi qabarıq idi, çünki  biz  hər zaman gah dağlara tərəf üzürdük, gah da dağların üstündə.

            -Bu mənə çox qəribə gəlir, -padşah onun sözünü kəsdi.

            -Buna  baxmayaraq, bu, sırf həqiqətdir,-Şəhrizad da belə cavab verdi.

            -Şübhə edirəm,-padşah etiraz etdi,-ancaq, xahiş edirəm, danışmağa davam et.

            -Mən elə belə də edirəm,- Şəhrizad dedi,-“Div,- Sindbad, xəlifəyə müraciətlə davam etdi,-dediyim kimi gah yuxarı, gah aşağı üzərək axırda gəlib sahəsi bir neçə mil olan,  sanki, dənizin ortasında tırtıl kimi xırda  varlıqlar sürüsü üçün yaradılmış bir adaya çatdıq” (Mərcan yumruları).

            -Hm!,- şahzadə dedi.

            “Bu adanı geridə qoyaraq,- Sindbad davam etdi (çünki Şəhrizad  ərinin  kiçik iradına  fikir vermədi) –bu adanı geridə qoyaraq biz  başqa bir adaya  gəlib çatdıq, buradakı ağaclar sal daşdan  və həm də o qədər bərk idi ki, yarmaq istəyəndə bizim ən iti  baltamız belə ona dəyib parçalandı.”(Texasın  nəhəng təbiət möcüzələrindən biri də Pasinyo çayının mənbəyindəki bu daşlaşmış  meşə idi.Bu meşə bir neçə yüz daşa dönmüş, dirək kimi  duran ağaclardan ibarət idi.Digər  boy atmaqda olan ağacların da bir hissəsi artıq daşa dönmüşdü. Bu, heyrətamiz bir faktdır və  bu fakt təbiət tədqiqatçılarını, Kennedinin mövcud   “daşlaşma” nəzəriyyəsini dəyişdirməyə məcbur edir. Qayalıq  dağların  Qara təpələrindən axan Şayenn, yaxud da Şyenn çayının yuxarılarında tamamilə daşa dönmüş bir meşə aşkar ediləndə, ilk baxışda inandırıcı gəlməyən bu xəbər təsdiqləndi.

            Geoloqlar üçün yer üzündə Qahirə  yaxınlığındakı bu  daş meşədən daha  təəccüblü  mənzərəsi olan bir yer varmı? Şəhər qapısının düz  arxasında  xəlifələrin türbəsini keçən kimi səyyah, Sues səhrasından keçən yola nisbətən təxminən düz bucaq altında cənuba tərəf  yollanır və qumla, çınqıl  və   balıqqulağı ilə örtülmüş, sanki axşam leysan yağmış kimi nəmli olan, boş  çöllərdə bir neçə mil gedib  yol  boyu  uzanan alçaq qum təpələrini keçdi.Onun qarşısında görünən mənzərə qeyri-adi dərəcədə qəribə və  sakit idi. Ətrafdakı bir neçə mil  məsafədə ölü meşə kəsiyi uzanıb  gedirdi, burada daşa dönmüş və at  nalları altında  dəmir kimi cingildəyən saysız-hesabsız  ağac qırıqları vardı.Ağaclar öz formalarını olduğu kimi saxlasa da rəngləri tünd palıdıya çalırdı,  ağac qırıqlarının uzunluğu bir futdan on beş futa,  qalınlığı  yarım futdan üç futa  qədər idi.Onlar, bir misir eşşəyinin aralarından  zorla keçəcəyi qədər sıx yerləşmişdilər, həm də bura elə təbii görünürdü  ki,  belə bir yeri  Şotlandiyada, ya da İrlandiyada quru gövdələri uzanaraq günəşin altında  çürüyən geniş qurudulmuş bataqlıq hesab edərdilər.Kökləri və budaqları yaxşı qalıblar, bəzən dağılmış qurd qabıqlarının altında,  hətta deşikləri ayırd etmək olurdu.Oduncağın ən  incə lifləri də,  özəyinin quruluşu  da olduğu kimi dururdu, onlara  hər ölçüdə baxmaq mümkündür.Və bütün bunlar o dərəcədə daşa dönüb ki, onunla istənilən şüşəni  cızmaq və istənilən  şəkildə cilalamaq olardı.-“Aziatik meqezin”.

            -Hm!-padşah yenə  dilləndi, ancaq Şəhrizad  yenə də ona fikir vermədən Sindbadın  hekayəsini danışmağa davam etdi.

            -“Bu adanı da keçib  gəldik bir ölkəyə çatdıq, burada yerin dərinliklərinə qədər otuz-qırx metr uzanan bir mağara və  Şamda, Bağdadda olanlardan daha çox, böyük və daha möhtəşəm  saraylar  vardı.Bu sarayların tavanlarından almaza bənzəyən, lakin insanın boyundan daha  hündür olan milyonlarla ləl-cəvahirat asılmışdı, qüllələrin, piramida və  məbədlərin əmələ gətirdikləri yeraltı küçələrdə isə kor balıqların  yaşadıqları (Kəntukkidə mamont mağarasında)  qaraağac  kimi qara, nəhəng çaylar axırdı.

            -Hm!-padşah dedi.

            -“Sonra biz okeanın elə bir hissəsinə gəlib çatdıq ki, burada sıldırım qayaların yamaclarından  ərimiş metal fışqırıb axan, eni on iki mil, uzunluğu altımış mil olan yüksək dağlar vardı  (İslandiyada 1783-cü ildə),  onun  zirvəsindəki dibsiz bir deşikdən külli miqdarda  kül fışqırıb çıxaraq günəşi elə örtürdü ki, elə bil   zülmət gecələrdəki kimi  qaranlıq çökmüşdü, dağdan hətta yüz əlli mil  məsafədəki ən parlaq əşyanı belə gözünə yaxınlaşdırıb baxmasan seçmək olmurdu” (“1766-cı ildə Hekla vulkanı püskürəndə Qlaumba  səmalarını buna oxşar buludlar elə tutmuşdu ki, vulkandan  əlli  liq aralıda yerləşən əhali belə kor kimi yeriyirdi.1794-cü ildə Vezuvi vulkanı püskürəndə ondan dörd liq məsafədəki Kazertide ancaq əlində məşəllə gəzə bilərdin.1812-ci ildə mayın birində Müqəddəs Vinset adasında  püskürən vulkandan yaranan kül və  qum  buludu bütün Barbados  adasını elə bürümüş, oraya elə bir zülmət çökdürmüşdü ki, günün günorta çağı  açıq səma altında  ən yaxındakı ağacları və digər əşyaları, hətta ağ  dəsmalı belə altı düym məsafədən görə bilməzdin”.-Merrey, 215-ci səhifə, Phil.edit.).

            -Hm!-padşah dedi.

            -“Bu  sahillərdən aralanan div, biz  hələ hər şeyin tərsinə olduğu bir ölkəyə gəlib çatana qədər öz yoluna davam etdi, biz orada səthindən yüz futdan daha artıq aşağıda – dərinlikdə geniş yaşıl meşəsi göyərən böyük bir göl gördük”(“ 1970-ci ildə, Karakasdakı zərzələ zamanı mərmər qruntlar əriyərək diametri  səkkiz yüz yard, dərinliyi səksən-yüz fut olan bir göl əmələ gətirmişdi.Aripao  meşəsinin bir hissəsi bu yerlərdə yerləşirdi və ağaclar  suyun altında  bir neçə ay beləcə yaşıl qaldılar”.-Merrey, səh.221.).

            -Bah!-padşah dedi.

            -“Daha bir neçə mil  getdikdən sonra biz elə bir iqlimə gəlib çıxdıq ki, bu  havanın sıxlığında dəmir və polad, bizdə tükün durduğu kimi dururdu”(İndiyə qədər hazırlanmış ən bərk polad, lehimləmə borusunun köməyi ilə atmosfer  havasında asanlıqla asılı dura bilən qeyri-maddi  toza çevrilər.)

            -Gopçular!- dedi padşah.

            -“Bu istiqamətdə  yenə də üzərək, biz  dünyanın ən gözəl  ölkəsinə çatdıq.Burada uzunluğu bir neçə mil olan  gözəl bir çay axırdı.Bu çay qeyri- adi dərəcədə dərin və kəhraba kimi  şəffaf idi.Onun eni üç- altı  mil idi, sahilində isə min iki yüz fut  hündürlüyündəki dikdirdə,   ətrafı  dəbdəbəli bir bağa oxşadan əbədi çiçəkləyən ağac və  solmayan ətirli güllər bitmişdi.Ancaq bu çiçəkləyən ölkə Dəhşətlər şahlığı adlanırdı və buraya ayaq basmaq ölümə addımlamaq demək idi” (Nigeriya əyaləti.Simmondsın “Koloniel  meqezin”ə bax.).

            -Hm!- padşah dedi.

            -”Biz bu ölkəni tezcə tərk etməyə tələsdik və bir neçə gündən sonra başqa bir ölkəyə gəldik, burada saysız-hesabsız başında dəryaz kimi iti buynuzları olan əcayib şeylər gördük.Bu murdar  canlılar torpaqda krater formasında geniş yuvalar qazır və onun ətrafında da daşları bir-birinin üstünə elə düzürdülər ki, hər hansı başqa bir  heyvan  oraya çıxan kimi ora uçur və o heyvan  həmin əcayib heyvanın yuvasına düşür, orada onun qanını  əmir, cəsədini isə bu ölüm mağarasından nifrətlə çox uzağa atırdılar (Murmeleon, ya da qarışqa aslanı.  Bu “möcüzə” “qulyabani” ifadəsi böyük anormallıqlar haqqında deyildiyi kimi, eləcə də kiçiklərə də deyilir, ancaq “geniş” epiteti isə nisbidir. Qarışqa aslanının norası adi qırmızı qarışqanın norası ilə müqayisədə  genişdir.Ancaq qum dənəsi də  bir “daşdır”.)

            -Tfu, sənə!-padşah dedi.

            -“Yolumuza davam edərək, biz bitki bolluğu olan elə bir diyara gəlib çıxdıq ki, burada  bitkilər  yerdə deyil, havada bitirdi (Orkidələr  ailəsindən Epidendron, Flos Aeris bitir, kökü ağaca və ya hər hansı bir  əşyaya bağlansa da, ondan qida  maddələri almırdı, onu qidası  bir mənalı olaraq hava idi.). Bir də elələri də var ki, onlar da başqa  bitkilərdə bitir ( Qəribə Rofflesia Arnoldi parazitləri kimi.), ya da canlı varlıqların bədənlərində böyüyür (Şou, heyvanların bədənlərində  bitən xüsusi kateqoriyada bitkilər olduğunu  sübut edir,- Plantae Epizone.Onlara Fuei və  Algae aiddir.Massaçuest ştatı, Salemadan mister C. B. Vilyam Milli instituta aşağıdakı qeydlə birlikdə  yeni Zelandiya həşəratı  hədiyyə etmişdi: “Şübhəsiz ki, özlüyündə bir qurd və ya  tırtıl təşkil edən Hotte, Rata ağacının ətəyində yerləşir, onun başında  isə   toxum cücərir.Bu qeyri-adi həşərat Rata ağacına dırmaşır və Puriri ağaca yuxarıdan nüfuz edərək   kökünə çatana qədər gövdəsini yeyir.Oradan düşəndə isə o ya ölür, ya da qış yuxusuna gedir, onun başından isə cücərtilər cücərməyə başlayır, həşəratın bədəni  olduğu kimi qalır və o canlı  olduğu halından daha da bərkiyir.Buranın  yerliləri bu həşəratdan döymə üçün rəng hazırlayırlar”.), yaxud da  parlaq işıq saçırlar, (Ştatlardakı  təbii mağaralarda güclü işıq saçan toxumsuz köbələklər fungus tapmaq olar.), elələri də vardır ki, istədikləri tərəfə hərəkət edə bilirlər,(səhləb çiçəyi,qotur və vallisneriya.)burada daha  heyrətamiz çiçəklər də tapdıq, onlar yaşayır, nəfəs alır, hər tərəfləri ilə sərbəstcə hərəkət edirdilər və üstəlik onlarda da insanlardakı kimi digər canlıları əsarəti altına almaq meyli də vardı, o, birisinə verdiyi tapşırığı yerin yetirənə qədər onu qaranlıq bir hücrəyə salırdı.”(“bu çiçəyin boru şəklindəki  tacı (Aristolochia Clematitis) yuxarıda dil ilə qurtararaq, aşağıda  kürə formasında genişlənir.Boruvari hissədə, içəridən aşağıya doğru istiqamətlənmiş sərt qıllar səpələnib.Kürə şəklindəki genişləmədə ətraf orqanlarla birlikdə yumurtalıqlardan və başcıqlardan ibarət olan  dişilik orqanı yerləşir.Lakin əgər erkəklik orqanı  yumurtalıqdan  daha qısadırsa, ondan qopan tozcuq stiqmaya düşə bilmir, çünki çiçək  tozlanana qədər şaquli durur.Beləliklə, kənardan heç bir kömək olmadan da tozcuq çiçəyin yuvasna düşə bilir.Belə olan halda Təbiət Tipula  Pennicornis şəklində bir  yardım hazırlayır -bal axtarmaq üçün kiçik həşəratın boruvari tacına nüfuz edir, onun dibinə düşür və tozla örtülənə qədər orada batır qalır; aşağıya tərəf yönələn və siçan tələsindəki kimi  çal-keçir yerləşən  tüklərə görə oradan çıxış tapa bilməyəndə, həşəratlar oraya can atır və burada hər küncə dürtülür, dəfələrlə stiqmalara sürtünərək, tozlanmaq üçün kifayət qədər toz buraxır və  çiçəklər yamacdan üzü aşağı gələndə, qıllar tacı divara sıxışdırıraq həşərata, çölə asanca çıxmağa imkan verir”. Rahib P.Kvit, “Botanikanın fizioloji sistemi”.).

-Pah!,- padşah dedi.

-“Bu ölkəni tərk edib elə bir  ölkəyə gəldik ki, bu ölkədə arılar və quşlar hər gün, ən bilikli  adamlara həndəsə dərsi keçən dahi riyaziyyat alimləri idi.O yerlərin padşahı bir dəfə iki çox çətin  tapşırığın həlli üçün mükafat təyin etmişdi, onda o tapşırıqlardan birinin həllini arılar tapdı, o birininkini isə quşlar.Ancaq padşah tapşırıqların bu həllini gizli saxladığı üçün  riyaziyyatçılar uzun  zəhmət və tədqiqatlardan, qalın cildlər əmələ gətirən saysız-hesabsız hesablamalardan sonra nəhayət ki, quşların və arıların bir müddət əvvəl  tapdıqları həmin həlli indi tapdılar” (arılar mövcud olduqları gündən bəri öz yuvalarının divarını, məhz elə miqdarda və elə istiqamətdə  (ən mürəkəb riyazi hesablamalar yolu ilə)    qururdular ki, onların həm   çox geniş yerləri qalırdı, həm də  yuvalarının  maksimal möhkəmliyi  təmin   olunurdu.

Keçən əsrin axırlarında  riyazyyatçılar arasında belə bir fikir meydana çıxdı: “fırlanan pərlərdən və eləcə də fırlanma mərkəzindən mümkün olan istənilən məsafədə  yel dəyirmanının qanadı üçün ən münasib formanı necə təyin etmək olar?”. Bu, sonsuz sayda məsafənin və sonsuz sayda nöqtələrin hesablanaraq ən yaxşı vəziyyəti təyin etmək məsələsi çox çətin məsələ idi.Ən məşhur riyaziyyatçılar bunu dəfələrlə həll etməyə çalışdılar, ancaq  həlli  edə  bilmədilər, axırda məlum oldu ki, onun həllini  quşların ilk havaya qalxdıqları zaman qanadlarının quruluşunda  tapmaq olarmış).

            -Ah, ey mənim Allahım!-padşah dedi.

            -“Bu ölkə yenicə gözdən itirdi ki, biz  yeni bir ölkəyə yaxınlaşdıq,burada bizim başımızın üstündən sahildən eni bir mil, uzunluğu isə iki yüz qırx mil olan quş dəstəsi uçdu. Dəqiqədə bir mil sürətlə uçmalarına baxmayaraq, içində milyonlarla quşun olduğu bu dəstənin bizim başımızın üstündən  uçub geçməsi üçün  onlara dörd saat vaxt lazım idi “(O, Frankfurtla İndiana  ərazisi arasında uçan, eni  bir mildən az olmayan göyərçin dəstəsini müşahidə edirdi, onların sürəti  dəqiqədə bir mil olsa da,  uçuşu dörd saat davam etdi,  bu isə dəqiqədə bir mil sürətlə 240 mil məsafəyə bərabərdir, beləliklə,  hər kvadrat yarda üç göyərçin düşərsə, dəstədə 2230272000 dənə göyərçin  varmış, demək.-Leytenant F.Holl, “Kanadaya və  Birləşmiş Ştatlarına səyahət”.).

-Lənət olsun!- padşah dedi.

-“Bizi xeyli narahat edən bu quşlardan xilas olmağa macal tapmamış, başqa bir növ-onlarla müqayisədə daha iri, hətta,  əvvəlki səyahətlərimdə   rast gəldiyim Rux quşundan da   böyük bir quşu görüb qorxuya düşdük.Ey səxavətli xəlifə, çünki o sənin sarayının üstündəki künbəzlərin ən böyüyündən böyük idi.Bu dəhşətli quşun başı görünmürdü, onun yalnız heyrətamiz dərəcədə  kök və yumru, buna görə də  yumşaq,  sığıallı, parlaq, rəngarəng zolaqları olan qarnı görünürdü.Bu möcüzəvi quş caynağında  öz nəhəng yuvasına  bütöv bir evi aparırdı, o evin damını  qoparmışdı, evin içində isə çarəsiz halda öz aqibətlərinin  qorxunc  sonunu gözləyən adamları görürdük.Biz, quşu qorxutmaq üçün və  ovunu buraxacağı  ümidi ilə bütün gücümüzlə qışqırırdıq,   o isə bundan  daha da qəzəblənərək fınxırdı və  qabardı, sonra  qumla dolu  kisəni  bizim başımıza  saldı”.

-Boş şeydir!- padşah dedi.

-“Bu macəradan elə o saat sonra  biz  gedib bir materikə çatdıq, bura, özünün  nəhəng sahəsinə və sıxlığına  baxmayaraq, bütünlükdə dörd yüzə yaxın buynuzu olan, göy mavisi rəngində inəyin belində  dururdu.”(Yer, mavi rəngli, dörd yüz buynuzu olan inəyin belində durur”. Seylin tərcümə etdiyi Quran.)

-Bax, buna mən inanıram,- padşah dedi, çünki buna oxşar  bir şey oxumuşdum kitabda.

-“Biz bu materikin altından  keçdik ( inəyin ayaqları  arasından keçərək) və bir  neçə saat sonra  həqiqətən də,  qəribə bir  ölkəyə gəlib çıxdıq, heyvan-insanın  sözünə görə burada onun poy- tayfası- onun kimi varlıqlar yaşayırdı.Bu,o  heyvan-insanı mənim gözümdə çox ucaltdı, mən, hətta tanış olanda onu xor görməyimdən, indiyə qədər ona olan münasibətimdən utandım, çünki gördüm ki, heyvan- insanların  tayfası güclü  sehirbaz imiş lar,  onların beyinlərində qurdlar gəzirdi (Entozoa, ya da  bağırsaq qurduna  tez-tez  insan beynində və əzələsində rast gəlinir.- Bax: Uayet, “Fiziologiya”, səh.13),və orada tərpəndikdə beynin daha da sürətlə işləməsini təmin edir”.

-Hədyandır!-padşah dedi.

-“Bu cadugərlər bir neçə çox qəribə  heyvan  növünü  öyrədiblər, məsələn, dəmir sümüklü və qanının əvəzinə  qaynar su olan at.O yulaf əvəzinə  daim  qara daşlarla qidalanır, ancaq bu qədər sərt qida ilə qidalansa da , o  böyük gücə və çevikliyə malikdir, o buradakı ən  böyük məbədin çəkisindən daha ağır yük daşıyır,  həm də  quşlarn bir çoxunun belə uça bilmədiyi bir sürətlə gedir.”( Londonla Ekseter arasında Qərb dəmir yolunda sürət  saatda  71  milə çatmışdır.Qatar  90 ton  ağırlığında yüklə Paddinqton vağzalından Didkota (53 mil) 51 dəqiqədə  gedib çatmışdır.).

-Yox, əşşi!-padşah dedi.

-“Mən camaatın  içində   dəvədən  hündür, lələkləri olmayan toyuqlar gördüm.Onun  əti və sümüklərinin əvəzində  dəmir və kərpiçlər vardı.Onun da qanı atınkı kimi ( o nəsildən gəlir) qaynar sudan ibarətdir, onun kimi  o da yalnız ağac parçaları və  qara daşlarla qidalanır.Bu toyuq çox vaxt gündə  yüzlərlə  cücə çıxarır və bu cücələr  daha  bir  neçə həftə də ananın qarnında  qalır” (Eccaleobion, İnkubator)).

-Sayıqlamadır!-padşah dedi.

-“Bu dahi sehirbazlardan biri insanı bal, ağac və dəridən yaratmış və ona elə bir müdriklik vermişdir ki, o şahmat oyununda  qüdrətli  xəlifə Harun ər-Rəşiddən başqa dünyada kimi istəsən, hamını  udur (Melsel  şahmatında avtomatik  oyunçu.).Başqa bir sehirbaz isə  (elə bu materiallardan) elə bir  məxluq düzəldib ki, o, hətta, öz dahi yaradıcısını rüsvay edib.  Çünki onun dərrakəsi elə  dərindir ki,  əlli min adamın bir əl ərzində çalışıb etdiyi hesabı o,  bir saniyə ərzində hesablayır (Bebbicin hesablama makinası).Sonra daha ağıllı sehrbaz isə qatrana bənzər hansısa qara bir maddədən və qurğuşundan beyni, inanılmaz sürətlə və cəldliklə hərəkət edən  barmaqları olan nə insana, nə də heyvana oxşamayan elə bir şey düzəldib ki,  o bir saat ərzində tam iyirmi min Quran nüsxəsi  çıxara bilir, həm də elə bir dəqiqliklə ki, onun heç bir nüsxəsi digərindən bir tük qədər də fərqlənmir.Bu  yaradılanda ona elə bir güc bəxş edilib ki, bir nəfəsdə böyük imperiyaları  qurur və  dağıdır, çünki onun gücü həm  xeyir, həm də şər işlərdə istifadə olunur”.

-Gülüncdür!-padşah dedi.

-“Bu cadugərlər xalqı arasında  biri var ki, onun damarlarından səməndər qanı axır, çünki naharı hazırlanana qədər o  heç nə olmamış kimi yanan ocaqda oturub öz  qəlyanını çəkə bilir. (Şaber və ondan sonra yüzlərlə başqaları).Başqa birisi ona heç baxmadan adi metalı götürüb  qızıla çevirə bilir (Elektrotipiya).Üçüncü biri  elə incə toxunuş bilir ki, bununla o gözlə görünməyən  tel  hazırlayır (Vollaston  teleskop üçün  qalınlığı on səkkiz mində bir  düym olan platin  tel hazırlayıb.Onu ancaq mikroskopla görmək olar.).Dördüncü elə sürətli düşünə bilir ki, saniyədə doqquz yüz miliyon dəfə sürətlə titrəyən  elastiki bir bədənin hərəkətlərini saya bilir” (Nyuton  sübut etdi ki, bənövşəyi şüanın spektri altında  gözün retinası saniyədə 900 000 000 dəfə titrəyir.

-Mənasızdır!-padşah dedi.

-“Elə bir cadugər də olub ki, o indiyə qədər heç kimin  görmədiyi bir mayenin köməyi ilə öz dostlarının  meyidlərinin əllərini  yellətdirib, ayaqlarını çəkdirib, döyüşdürüb, hətta ayağa qaldırıb  rəqs etdiribdir (gərginlik dirəyi).Bir başqası  da öz səsini o qədər inkişaf etdirib ki, o diyarbədiyar dünyanın hər yerində eşidilir (Elektrik teleqrafı istənilən yer məsafəsində  xəbəri  bir anda  ötürür.).Üçüncünün o qədər uzun əli vardır ki, o şamda oturduğu halda  Bağdadda, eləcə də dünyanın  istənilən yerində  məktub yaza bilir.(Elektroteleqraf çap makinası).Dördüncüsü,  ildırıma əmr edərək, onu göydən çağıra bilir və  çağıranda da onunla oyuncaq kimi əylənir.Beşinci iki ən  yüksək  səsi götürüb ondan səssizlik yaradır.Altıncı iki ən parlaq  işıq şüasından  qatı qaranlıq çıxarır (Təbiət elmlərində adi təcrübələrdir).Əgər iki  işıq mənbəyindən iki  qırmızı şüanı, uzunluqları arasındakı fərqi 0,0000258 düym  götürərək, ağ lövhəyə düşmək şərti ilə qara kameradan  keçirsək, onda  onların parlaqlığı ikiqat artacaq.Əgər  uzunluqların  fərqi bu  kəsrin tam ədəd olan istənilən misli qədər olarsa, yenə də belə olacaq.Əgər bu misillər- 2_1/4, 3_1/4 və s. olarsa, bir şüanın  parıltısını alırıq, 2_1/2, 3_1/2  misli  olarsa da, onda  tam qaranlıq alınır. Bənövşəyi şüalar üçün də uzunluqların fərqi 0,000157 düym olanda belə bir  hadisə baş verir, uzunluqların  fərqi  bənövşəyidən qırmızıya tərəf  bərabər artarsa, bütün  digər  şüa spektrləri də belə  nəticə verər.

Səslərlə də anoloji  təcrübə oxşaq nəticələr verir).

Başqa biri yanan sobada  buz hazırlayır (platin potasını  spirt lampasının üstünə qoyun və onu  qızarana qədər isidin, oraya adi temperaturda çox asan buxarlanma xüsusiyyəti  olan sulfat turşusu  tökün, o  qızmış potada bərk olacaq, bir damlası da buxarlanmayacaq, çünki o, öz atmosferi ilə əhatə olumuşdur və qabın divarlarına toxunmur.Əgər buraya  bir neçə damcı su  əlavə etsək, onda  turşu  həmin anda  qızmış potanın divarları ilə təmasa girəcək və kükürd  turşusunun buxarına çevriləcək, bu elə bir sürətlə baş verir ki, onunla eyni zamanda  suyun istiliyi də  gedir, qabın dibində isə  bir buz parçası qalır.Ancaq əgər tələsərək  onu əriməyə  qoymasaq, onda qıpqırmızı qızarmış qabdan buz  parçasını götürə bilərik.).

Başqa biri günəşə əmr edib ki, onun  portretini çəksin və günəş ona tabe olub (Daqerrotip.).Başqa biri bu işığı, eləcə də,  ayı və  planeti  götürüb onu   ciddi bir dəqiqliklə tərəzidə çəkdi, sonra onların  yeraltını  tədqiq edərək, onları təşkil edən maddələrin sıxlığını təyin etdi.Bir sözlə, bütün oranın yerli xalqı  sehrbazlıqda o qədər ustadır ki, nəinki balaca uşaqlar, eyni zamanda  adi pişiklər və itlər də ya heç mövcud olmayan əşyaları, ya da bu xalqın özünün  dünyaya gəlişindən iyirmi  min il  əvvəl  yer üzündən silinmiş olanları çətinlik çəkmədən görə bilirlər” (İşıq sürəti  saniyədə 200000 mil  olsa da, bizim bildiyimizə görə, ən yaxın  hərəkətsiz ulduza (Sirus) qədər məsafə sonsuz sayılacaq qədər  uzaq olduğundan, onun şüalarının yerə gəlib çatması üçün ən azı üç il vaxt lazımdır.Daha uzaq ulduzlar  üçün isə  ən adi hesablamalara görə 20, hətta 1000 il vaxt lazım olur.Belə ki, əgər onlar 20 və ya  1000 il əvvəl itmişlərsə, onda onların 20 və ya 1000 il əvvəl əks etdikləri işığı biz indi görürük.Bizim indi hər gün gördüyümüz ulduzların çoxları, bəlkə, yox,  hətta dəqiq deyə bilərəm ki, çoxdan sönüblər.

(Gerşel-Böyük iddia edir ki, onun  böyük teleskopunun gördüyü ən uzaq duman qatının  işığı yerə 3000000  ildə gəlib  çatır.Bu halda lord Rossun alətinin köməyi ilə görünən bəzi ulduzlar üçün bu ən azı  20000000  il olar.(Qrisvoldun  qeydi))).

-Ağlasığmazdır!-padşah dedi.

-“Bu qüdrətli  cadugərlərin qızları və  arvadları,- Şəhrizad,  ərinin dönə-dönə və nadancasına  etirazlarına fikir  verməyərək davam etdi,-bu  böyük maqların  arvadları və qızları  hər cür istedada və gözəlliyə sahib idilər, lakin   atalarının və ərlərinin  möcüzələr yaradan güclərinin belə xilas etməkdə  aciz qaldıqları  bir neçə ölümcül xətaları  olmasa, onlar daha mükəmməl olardılar.Bu xəta gah bir cildə girirdi,  gah da başqa   və  mənim  bəhs etdiyim bu xəta onları təlaşa salmışdı”.

-Nəyə?-padşah yenə soruşdu.

-Təlaşa salmışdı,- Şəhrizad dedi .-“daim pislik edən bədniyyət cinlərdən biri zərif xanımlara inandırıb ki, bizim  bədən gözəlliyi adlandırdığımız şey bədənin beldən aşağıdakı bir hissəsində yerləşir.Onların   hesab etdiyi kimi  gözəllik idealı  birbaşa  bu qabarıqlığın böyüklüyündən asılıdır,  belə ki, onlar bunu çoxdan düşünübmüşlər,  bu diyarlarda isə  yastıq çox ucuz idi, o vaxtlardan bəri   qadını  bir hörgüçlü dəvəyə oxşadırlar…” 

-Kifayətdir!-padşah dedi.- Mən bundan artıq  eşitmək istəmirəm  və eşitməyəcəm də.Sənin yalanlarından mənim onsuz da artıq başım  ağrıyır.Həm də mən artıq görürəm ki, sabah açılıb.Biz neçə müddətdir ki, evləmişik?Mənim yenə də  vicdanım oyandı.Bir hörgüçlü dəvə!Sən, deyəsən, məni eşşək hesab edirsən.Sözün qısası, sənin  boğulmaq vaxtın çatıb.

Mənim  “Təklinetli”dən  öyrəndiyimə görə  bu sözlər Şəhrizadı  təəccübləndirdi və məyus etdi, ancaq o padşahın  alicənab adam olduğunu və  vədinə xilaf çıxmadığını  bildiyinə görə  müqavimət göstərmədən öz taleyinə  boyun əydi.Düzdür,  boğazına  ilgək taxana qədər o, hələ də öz fikrində  xeyli təsəlli  tapırdı ki, onun hələ nə qədər danışmadığı nağılları  var və qəzəbli əri daha maraqlı  nağıllar eşitməkdən məhrum olaraq, sadəcə, özünü cəzalandırmış oldu.

                                               Ruscadan çevirdi: AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir