Böyük Vətən aşiqi, fədaisi, milli ideoloji lider Əbülfəz Elçibəyin “BÜTÖV AZƏRBAYCAN YOLUNDA” kitabından seçmələr
Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır.
***
Azərbaycanın yüz illərlə parçalanmış, bölünmüş, dağıdılmış cisminin bütünlüyü müqəddəs arzumdur.
***
İnsanın fikrində daima özünün arzu və ideyalarının həyata keçməsi dolaşır. Mənim fikirlərimin mayasını Azərbaycanın tam müstəqil olması, Qarabağın erməni işğalından azad olunması, qaçqınların hamısının öz yerlərinə qayıtması və bütöv Azərbaycan ideyasının yaşaması və gerçəkləşməsi təşkil edir.
***
Ruhi baxımdan Azərbaycan həmişə bütöv olub. Bunun çox adi misalları var. Azərbaycanın quzeyində öyrəndiyimiz tarix və ədəbiyyatda heç zaman ayrılmamışıq. Şah İsmayılı həm dövlətimizin böyük hökmdarı, həm böyük sərkərdəmiz, həm də böyük şairimiz kimi öyrənmişik. Yaxud Təbriz neçə-neçə
dövlətimizin paytaxtı olub və biz onun tarixini öyrənmişik. Ağqoyunlu, Qaraqoyunlu, Elxanlılar, Atabəylər dövlətlərini biz öz dövlətimiz sayırıq.
***
Mirzəli Möcüzü də öyrənirik, Şəhriyarı da. Xaqani, deyək ki, Quzeydə doğulub, Güneydə vəfat edib, Təbrizin Surxab qəbiristanlığında dəfn olunub. Buna görə də biz mənəvi-mədəni cəhətdən birik – heç şey parçalanmayıb.
***
Azərbaycanın güneyi ilə quzeyi arasında əlaqənin möhkəmlənməsi üçün hər iki tərəfin latın qrafikalı Azərbaycan əlifbasına keçməsi əsas şərtlərdən biridir.
++
Azərbaycan hələ özünü tam formalaşdırmayıb, birləşdirməyib, bütövləşdirməyib.
***
Bütün paniranistlər anlayırlar ki, Azərbaycan xalqının azadlıq mübarizəsi başlayıb və o, qarşısıalınmazdır.
***
Hamını qurtuluşçu yoluna çağırıram. Quzeydə erməni işğalçılarını rədd eləmək, Dərbəndi almaq, güneydə fars şovinizmini, İran rejimini rədd etmək, Azərbaycanın
müstəqilliyinə nail olmaq və Azərbaycanı birləşdirmək – bu ideya qalib gələcək! Bu, gec də ola bilər, tez də.
***
Məncə, Azərbaycanın bütövləşməsi tarixi o qədər də yaxın deyil. Güney Azərbaycanın müstəqillik, yaxud yarımmüstəqillik əldə etməsi qarşıdakı ən azı 3-4 ilin hadisəsidir. Bu, 2001- 2002-ci ilədək çəkə bilər – bir il irəli, yaxud geri ola bilər.
Bütövləşməsə, ola bilsin, uzunmüddətli prosesə çevrilsin.
***
Azadlığı əldə etməninsə çox üsulları var. Azərbaycanın güneyindən olan siyasətçilərdən biri belə yazmışdı ki, slovaklar çexlərdən ayrıldılar – Çexoslovakiya iki dövlətə ağrısız bölündü. Bu, ayrılmanın ən demokratik və sivil formasıdır.
Əlbəttə, bu formanı Tehran rejimindən gözləmək mümkün deyil.
Başqa yol da mümkündür – Güneydəki həmvətənlərimiz Tehrana təzyiq etməklə Avropada olan muxtariyyət tipli, yaxud Hindistanın ştatları kimi dövlət qazana bilər. Hind ştatlarında müəyyən idarəçilik orqanları müstəqildir; bu ştatların öz pulu var, daxili idarəçilik də tam sərbəstdir… və s. Güneydə bu forma da mümkündür. Sonra gələcəkdə o biri addım atıla bilər. Üçüncü yol odur ki, xalq birbaşa ayağa qalxır və öz azadlığına sahib olur. Mənim buna daha çox umudum var, çünki Tehranın islahatlar yoluyla xalqların azadlığını təmin edəcəyinə inanmıram – bu xətt daha çox avropalıların şüuruna yaxındır; baxmayaraq ki, İngiltərə şotlandların müstəqil məclisinin olmasına hələ indi icazə verib. Bəlkə də haçansa İranda da daxili nisbi sərbəstliyi olan idarəçilik sistemi yarana bilər (belə
olsa bir addım irəli gedərik), amma mən buna inanmıram. Bəli, mənim fikrimcə, ən yaxşı və doğru bircə yol var ki, Azərbaycan xalqı öz azadlığı uğrunda qəti və sərt mübarizəyə qalxıb istəyini əldə etsin.
***
Əsas odur ki, müstəqil dövlət olandan sonra azad ruhun varlığı, bundan sonrasa onun ifadə edilməsi həll olunmuş olsun. Sonra qalır məsələnin texniki tərəfləri (iqtisadi sistem, mülkiyyətə münasibət və s.). Məsələn, Güneydə xüsusi mülkiyyətdir. İslahatlar yaxşı aparılsa Quzeydə də xüsusi mülkiyyət əsaslı bərqərar olar. Bu, münasibətlərin doğmalaşmasının onlarca şərtindən biridir. Başqa şərtlər də var. Məsələn, birləşmiş dövlətin konstitusiyaca quruluşu necə olsun? Onun paytaxtı hansı şəhərdə yerləşsin? Bunlar məsələnin texniki tərəfidir.
**
Bunun (bütövləşmənin) necə baş verəcəyini qabaqcadan demək mümkün deyil. Burada bir neçə yol, üsul var. Bizim fikrimizcə, Azərbaycan xalqının azadlıq əzmini səfərbər etmək, bir məcraya yönəltmək mümkün olardısa ən yaxşı yol budur ki, Quzeydəki dövlətimiz güclənsin, müstəqilliyi dönməz olsun, getmiş torpaqları geri qaytarılsın. Bu iş bir yandan, Güneydə milli azadlıq hərəkatının genişlənməsi və bir dövlətin də yaranması başqa yandan getsin. Sonra bu iki tərəf arasında birləşmənin yolları müəyyənləşdirilsin ki, bu iş böyük çaxnaşmalarla baş verməsin. İndiki ziyalılar, siyasətçilər, politoloqlar daha çox bu ehtimalı önə çəkirlər. Bu, ən düzgün yoldur.
***
Mənim ehtimal etdiyim ən düzgün, sakit variant Quzeydəki dövlətin möhkəmlənməsi, güclənməsi, Güneydə yeni dövlətin yaranması və sonradan bunların arasında danışıqlar aparılıb birləşdirilməsidir.
***
Güney Azərbaycan Türk Cümhuriyyəti yaratmaq şüarı da meydana atılıb. Hətta onun Konstitusiyası da yazılıb və qəzetlərdə çap edilib; indisə Bütöv Azərbaycanın Konstitusiyası yazılır.
***
Mən bildirəndə ki, Bütöv Azərbaycan hərəkatı başlayıb, deyirlər ki, yox, bu hərəkat çox çətindir, hələ tezdir, buna zaman lazımdır, ortada hələ heç şey yoxdur. Amma bu düşüncələr düzgün deyil. Hərəkatın başlanması nə deməkdir? Azərbaycanın quzeyində …40-dan çox partiya və təqribən o qədər də ictimai təşkilat …Azərbaycanın bütövlüyünün tərəfdarıdır.[…]Azərbaycanın güneyində də son vaxtlar 50-yədək təşkilat yaranıb. Bunlar həm ictimai, həm siyasi, həm də mədəni təşkilatlardır, ancaq hamısı Azərbaycan idealıyla yaşayır, Azərbaycanın gələcəyi haqqında düşünür və onu müdafiə edir. Məsələn, Azərbaycanın güneyində olan tələbələr Tehranda bəyanat verdilər. Bu bəyanat bütün dünyaya yayıldı, Azərbaycanın quzeyində də böyük əks-səda verərək dəstəkləndi. Onu təşkil edənlər Təbriz və Meşkin tələbələriydi. İranda onlarca Azərbaycan türkü həbs
edilir və Azərbaycanın quzeyində də onların müdafiəsinə səslər ucalır. Bir sıra məsələlərlə bağlı İranın Azərbaycandakı səfirliyi qarşısında piketlər də keçirilir.
Başqa tərəfdən, dünyanın müxtəlif yerlərinə səpələnmiş Güneydən və Quzeydən olan soydaşlarımız Amerikada, Avropada və yaşadıqları digər yerlərdə səslərini ucaldır və Vətənimizə azadlıq istəyir. Bunlar hələ imkansızlıq şəraitində edilir. Onların böyük maddi imkanları, xüsusi televiziya kanalları və radioları olsaydı,
əlbəttə, dəfələrlə artıq iş görə bilərdilər. Hələlik imkan tapan kimi qəzet buraxırlar. Deməli, Bütöv Azərbaycan hərəkatı başlayıb və bu ideyanın daşıyıcıları artıq on milyonlarcadır. […] Deməli, birinci mərhələ – fikir birliyi yaranıb.
***
İkinci mərhələ – dildə birlik də artıq mövcuddur. […] Son vaxtlar, gördüyünüz kimi, dildə birlik uğrunda da ciddi iş gedir. Azərbaycanın güneyindəki milyonlarca yurddaşımız istəyir ki, İranda türk dili dövlət dili olsun. Demək, dil uğrunda
da mübarizə gedir. Bu dildə biz eyni zamanda Təbrizin radio verilişlərinə də asanlıqla qulaq asırıq, baxmayaraq ki, Tehran rejiminin xüsusi tapşırığıyla Təbriz televiziya və radiosunun dili əyilir, saxtalaşdırılır – çalışırlar ki, bu cür qüsurlu
danışıqla əhalinin beynində fars dilinin, fars sözlərinin təsiri yox olmasın. Ancaq Güney əhli Quzeydə işlənən və artıq ədəbi dil kimi formalaşmış dili inadla öyrənir… […] Bu ədəbi dilin yaranmasında Həsənoğlunun, Nəsiminin,
Füzulinin, Şah İsmayıl Xətayinin, M.P.Vaqifin, M.F.Axundzadənin, A.A.Bakıxanovun, H.B.Zərdabinin misilsiz əməyi olub. XX əsrin başlanğıcındasa o,
C.Məmmədquluzadənin, Ə.B.Haqverdiyevin, Ü.Hacıbəylinin, C.Cabbarlının, S.Vurğunun, Şəhriyarın… əsərləriylə daha da cilalandı, ərəb-fars tərkiblərindən təmizləndi. İndi bu dili Bütöv Azərbaycanda çox həvəslə öyrənir və çox gözəl bilirlər. Buna görə dildə də birlik yaranmaqdadır.
***
Qalır [üçüncü mərhələ olan] işdə birlik. İndi həmin mərhələnin astanasındayıq.Güney Azərbaycan Türk Cümhuriyyəti yaratmaq şüarı da meydana atılıb. Hətta, onun Konstitusiyası da yazılıb və qəzetlərdə çap edilib; indisə Bütöv Azərbaycanın Konstitusiyası yazılır.
***
…Onu (birləşmə uğrunda hərəkatı) tənzimləmək, təşkilatlandırmaq lazımdır. Elə bir təşkilat qurmaq gərəkdir ki, bu hərəkatı idarə edə bilsin. Təşkilat məsələlərində zəif olduğumuza, bu işlərə meylli olmadığımıza, aramızda ixtilafların çox olduğuna görə hərəkat bizi qabaqlayacaq; bu, qorxulu hazırlıqsızlıqdır. Hərəkat baş verəcək və idarəsi qalacaq hələ yetişməmiş təşkilatların əlində. Bütöv Azərbaycan hərəkatını bütövləşmiş Azərbaycan təşkilatı idarə etməlidir. Ona görə bu hissə çox məsuliyyətli və ağrılıdır.
,