Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır,
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.
Səməd Vurğun
Bəzən əlində yetərincə material, beynində yazı hazır olur, amma sən heç cür oturub yaza bilmirsən.Yazı, ya da mövzu sənə izin vermir. Yanıb-yaxılırsan, yazmaq istəyirsən, vaxt gedir, ömür tükənir, amma sən yazmalı olduğunu yaza bilmirsən.Mən Şuşa qalası haqqındakı yazını başlayarkən eyni ilə bu şəkildə oldu.Xeyli vaxt başlaya bilmədim. Əksik qalan nəsə var, nəsə yerində deyil hissindəydim, amma tapa bilmirdim, əksik olan nədir.Yazıya doğmalaşmaq üçün atacağım bir addım var, ata bilmirəm, bir söz, bir işarə, bir şəkil, bir ruh lazımdır, nəsə olmalıdır, amma nə? Bilmirəm, bilmirəm, bilmirəm.
Əksik olan bir şey var.Üç gün kompüterdə ağ bir səhifəyə Şuşa qalası başlığını yazdım.Ekranla üzbəüz üç gün baxışdıq durduq. Yazı mənə açılmadı.Mən bir cümlə belə yazmadım, Yunus kimi dilimin bağı çözülmədi ki, çözülmədi.Axtardım, araşdırdım.Boşuna.Üç gündən sonra əski Göytürkçə sözlüyündə qala sözünün mənasını tapdım.”Şuşa”dan xəbər yox.
Qala göytürkcədə böyük, ulu deməkdir.Sonra keçdim şumer sözlüyünə. Burada da qala sözünü tapdım, qala ulu, böyük və saray deməkdir.Axır ki, gözümün kökü saralandan sonra Şuşa sözünə rast gəldim. Bu qədər.Daş gədiyə oturdu.Axtardığım bu imiş, ürəyimə bir rahatlıq gəldi, yazı, mövzu artıq üzümə durmadı, yumşalıb geri çəkildi, yol verdi mənə.Şuşanın əski ruhu oyandı, daşa dönmüş sözün özündə dondurduğu ruhu, canı bir kəliməylə oyatdım, o da mənə izin verdi, başla, yol sənindir dedi və mən başladım. Allah izin verərsə dəvə iynənin gözündən keçər.
++
Üstündə insan əli ilə işlənmiş təsvir, yazı, cizgi оlan hər tikili, hər daş tarixin uzaq bir məqamında yaşamış bir insanın daşa çevrilmiş ruhu, arzuları, qəlbi, tarixidir. Tarix boyu insan “tikdim ki, izim qala” deyərək yaddaşlara hopan əsərlər yaradıb. Belə əsərlərdən ən uzun ömürlüləri qalalardır. Azərbaycanın bir çox yerində özündə şanlı tariximizi yaşadan irili-xırdalı müxtəlif qalalara rast gəlinir. Bəziləri tarixin tozunda təhrif olsa, qismən itsə də, bir çox qala hələ də öz ilkinliyini qoruyub saxlayır.
Qalaların çoxu elə insanlıq qədər qədimdir, bəzilərinin tarixi bilinir, bəzilərinin tarixi əfsanələrə, nağıllara, bədii əsərlərə mövzu olub. Bunlardan biri də inci şəhərimiz Şuşanın igid, şərəfli qalası-Şuşa qalasıdır. Şuşa şəhəri özü ayrıca bir möcüzə, təbiətin saflıq və qürur nişanəsidir. “Qarabağ bir üzükdürsə, Şuşa onun qaşıdır” sözü çox haqlı deyilmişdir. Üzüyümüzün qaşı olan Şuşanın bir də qəlbi var, onun qəlbi Şuşa qalasıdır.
Qalalar hər xalqın taleyində önəmli yer tutur, savaşçı türklərin tarixində qala ulusun özü kimi möhtəşəmlik və qüdrət rəmzidir.Türkün ilk qalası dağlar olub, türk xaraktercə sinsi olmadığından aşağılara deyil, mərd olduğundan hər zaman ucalıqlara sığınıb.Bu cümləni yazarkən ağlıma Xıdır Zində baba gəlir. Onun yaşadığı Beşbarmaq dağı necə sıldırım, çıxılması mümkün olmayan bir qayadır. Amma Xıdır Zində baba uzun illər orada yaşayıb, bu dağ sağlığında özünün, indi isə ruhunun qalasıdır.
İnanan hər insanın qəlbi Allahın məkanıdır, insan inamını, sevgisini, hislərini, sirlərini qəlbində qoruyur.Qəlb insanın ən əlçatmaz qalasıdır.Eləcə də düşmənlərin hər zaman göz qoyduğu Qarabağın ürəyi Şuşa qalası da tarixin hər üzündə əlçatmaz olub. Hətta, mənfur düşmənlər hiylə ilə onu ələ keçirəndə də Şuşa qalası yenilməyib.Bu fikrim absurd kimi görünə bilər. Lakin Şuşa qalası düşmən əlində olduğu zaman da öz türk ruhunu qoruyub saxlayıb və bir zaman qayıdacağını bildiyi sahiblərinin yolunu gözləyib.
Qala sözü Göytürkçədə qal(a)-ulu, hörmətli, sayılıb seçilən, şumer dilində isə qal(a)- böyük, saray demək olsa da, bir mənada da qala(n)- qoruyandır. Şuşa qalası öz divarlarında möhtəşəm türk ruhunu qoruyub.Əks halda, bu gün 8 noyabr şanlı zəfərimizdən sonra Şuşaya gedən soydaşlarımız özlərini orada yad hiss edərdilər. Amma etmədilər.Çünki biz oraya- öz evimizə qayıtdıq, Şuşaya, Şuşa qalasına toxunan ilk əsgər nəfəsi o, divarlara sinmiş yad qoxunu sildi və Şuşa öz qədim doğmalığını göstərdi.Biz doğmayıq, əziz Şuşa, çünki qan yaddaşı itmir.Biz Şuşanı unutmadıq, Şuşa da divarlarına, daşına-torpağına, qayasına-dağına çökən nəfəsimizi, ruhumuzu, sözümüzü, izimizi silmədi, çünki doğmalıq, qan yaddaşı örtülüb gizlədilsə də, sonra yenidən bir nəfəslə, bir şəfəqlə, bir munis toxunuşla oyanır. Sən doğmasan, əziz Şuşa.
Şuşa qalasının əsası nə zaman qoyulub? Mənbələr min illiyin o üzünü göstərir və qalanın tikildiyi deyil, monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı xəbərini verir.
Şuşa qalası tikilmədən min illiklərin əvvəlində Azərbaycan türklərinin qədim yurdu olan Şuşa yaşayış məskəni-böyük kəndi vardı və bura Qarabağ bəylərbəyliyinin ərazisi olaraq tanınırdı. XVI əsrin ortalarında Azərbaycan Səfəvilər dövləti tərəfindən Gəncə və Qarabağ xanlığı olmaq üzrə Qarabağ bəylərbəyliyi ikiyə bölündü.1738-ci ildə Nadir şahın sarayını tərk edən Pənahəli xan Qarabağa gəldi və 1747-ci ildə Qarabağ xanlığının əsasını qoydu. Ancaq xanlığın yerləşdiyi şəhər o dövrün siyasi və iqtisadi tələbatına uyğun bir mərkəz deyildi, ona görə də paytaxt şəhəri olsun deyə Pənah xan, Bayat və Şahbulaq qalalarını tikdirdi.
Pənah xan artıq güclənir və tanınırdı, bu da ətraf xanlıqları narahat etməyə başladı və 1748-ci ildə Hacı Çələbi xan ətraf xanlıqlardan qoşun toplayıb Bayat qalasına hücum etdi və savaşı uduzdu. Məğlub olub geri qayıdan Hacı Çələbi xan,” Pənahəli özünü xan elan etmişdi, mən gəlib ona uduzaraq xanlığını təsdiq etmiş oldum” deyə peşman olmuşdur.
Pənah xan öz xanlığını daha etibarlı qorumaq üçün 1749-cu ildə Şahbulaq qalasını tikdirdi.Bu qala ilə də qane olmayan Pənah xan daha sonra üç tərəfdən təbii istehkam kimi hündür qayalar və xəndəklə əhatə olunan Şuşa qalasını tikdirdi. Qalanın tikintisində İsfahandan, Təbrizdən, Ərdəbildən gələn ustalar da işləyirdi.Bu qala- şəhərə Pənahabad adı verildi.
Qalanın inşası başa çatmadan Məhəmmədhəsən xan Qacar Pənahabada hücum etdi və məğlub olaraq geri qayıtdı.1759-cu ildə Nadir şahın sərkərdəsi Fətəli xan Əfşar yenidən qalaya hücum edib altı ay qalanı mühasirədə saxladı.Qalada əvvəllər 2-3 şor su vardı deyə çox yerdə quyu qazıb şirin su kəhrizləri qurmuşdular.Ona görə də xalq sudan korluq çəkməsə də, ərzaq tükənmək üzrə idi və Pənahəli xan danışıq apararaq böyük oğlu, varisi İbrahimxəlili girov verdi.
Cənubi Qafqazda siyasi vəziyyət gərginləşincə İranla Rusiya arasında çıxılmaz vəziyyətdə qalan Pənah xan dəfələrdə Osmanlı Sultanı 1-ci Əbdülhəmidə məktublar yazaraq hərbi kömək istədi.Lakin Rusiya-Türkiyə savaşlarında uduzan Türkiyə Qarabağa yardım edə bilmədi.XVII əsrin 80-90-cı illərində Qarabağ xanlığı ağır beynəlxalq vəziyyətlə üzləşdi.
Pənah xan İbrahimxəlili girovluqdan azad etmək istəyirdi. Bunu bilən Kərim xan Zənd, Fətəli xan Əfşara qarşı Pənah xanla birləşərək onu məğlub etdi. Kərim xan Pənah xanı qonaq adı ilə Şiraza apardı.İbrahimxəlil ağanı azad edib Qarabağa göndərdi, o, Kərim xanın namərdliyinə dözməyib 1763-cü ildə Şirazda vəfat etdi. Onun cənazəsini Qarabağa gətirərək Ağdamdakı mülkiyyəti İmarətdə dəfn etdilər.
Qarabağ xanı İbrahimxəlil dövründə- 1795-ci ildə Ağaməhəmməd xan Qacar Şuşa qalasını mühasirəyə aldı. 33 günlük mühasirədə mərdlik göstərən xalqın iradəsini sındıra bilməyən Qacaq geri çəkildi.1797-ci ildə Qacar bu dəfə şah olaraq hücum etdi. Quraqlıq və iqtisadi cəhətdən zəifləmiş xalq müqavimət göstərə bilmədi və Şuşa işğal olundu. Şuşanın Tehrandan belə böyüklüyünə, əzəməti və gözəlliyinə heyran olan Qacar 7 gündən sonra öldürüldü.
İbrahimxəlil xan təslim omaq istəmirdi, o, Qacarın Qızıl qaya və Çaxmaq meşəsi arasındakı ərazidə yerləşən toplarını məhv etdi, ancaq bütün yollar tutulduğundan Şuşaya qayıda bilməyib şimala yürüdü.Topların məhv edildiyi həmin ərazi isə Topxana adlandı.
Şuşada Batmanqılınc ləqəbli Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ keçirib Xanın sadiq adamlarını, o cümlədən oğlu Əli bəylə Molla Pənah Vaqifi də qətl etdi.Qısa zaman sonra İbrahimxəlil xan Şuşaya qayıtdı.
1797-ci ilə qədər siyasi və iqtisadi cəhətdən inkişaf etmiş Şuşaya düşmən ayağı dəyməmişdir. 1797-ci ildə Qacarın, 1805-ci ildə Kürəkçay müqaviləsinə görə Rusiya qoşunları Şuşaya girdi. İbrahimxəlil xan səhvini tez başa düşsə də, artıq gec idi, 1806-cı ildə ruslar ailəsi və yaxınları ilə birgə İbrahimxəlil xanı öldürdülər.1805-ci ildə Şuşa qalasının qapı açarları Rusiyaya göndərildi və Sankt Peterburqda Ermitaj muzeyində saxlanılır.
1804-13-cü illərdə Azərbaycan ərazisində gedən rus-İran müharibəsində öz qoşunu ilə savaşan Abbas Mirzə, bu ədalətsiz savaşda uduzdu. Qarabağda hakimiyyət səlahiyyətləri ruslar tərəfindən əlindən alınmış Mehdiqulu xan çarəsiz qalıb İrana getdi və beləcə də 1822-ci ildə Qarabağ xanlığı ləğv edildi.
Böyük bir tarixin davam etməsinə, Qarabağ xanlığının güclənməsi və böyüməsinə imkan vermədilər. Sonradan Şuşa qalasına qayıdan Mehdiqulu xan artıq rusların nəzarətində idi, bununla da cavanşirlər sülaləsi süqut etdi. Bunu demək nə qədər ağır olsa da, Qarabağ Rusiyanın əyalətinə çevrildi. Qarabağı ruslar idarə etdilər. 1923-cü ildə isə az sayda erməninin xeyrinə Dağlıq Qarabağ Muxtar vilayəti yaradıldı və Şuşa Qarabağın mərkəzi olma hüququndan məhrum edilib ərazisinin çox hissəsi ondan alındı.
Qeylü-qaldan qurtulmayan, gözəlliyi göz tökən Şuşanın (dağları) başı dumanlı… Tarixdə türk milləti, eləcə də Azərbaycan türkləri savaşqan kimi tanınsalar da, əslində türklər sülhpərəstdirlər. Sadəcə, ətraf qərəzli qonşular və məkrli ölkələr, türk güclənəcək, üstün olacaq deyə qorxduqları üçün türklərə hücum etmişlər.
Şuşa qalası da düşmən işğalında olduğu zaman, sanki həbsdə, darda olmuşdur, incidilmişdir.Körpə ruhlu qədim Şuşam, igid Şuşam, igidim şəhər.
Şuşa sözü indiyə qədər müxtəlif cür izah olunub.Bizim eranın II əsr Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu şəhərinin olduğunu yazırdı.Sosu keçib Şuşa olub. Deyilənə görə, buranın havası saf və şəfalı olduğu üçün buraya şüşə mənasında “Şuşa” deyiblər.
Başqa bir variantda “Şuşa” sözünün skiflərə aid olduğu fərz edilir. “Ş” səsi sonrakı “s” səsini özünə uydurmuş və “Şuşa” sözü yaranmışdır. Şiş qayalarla əhatə oluduğuna görə Şişə də ola biləcəyi ehtimal edilir. Hətta, türk dilində “uc”, “yüksək” mənasında “şiş” deyimi ilə və ya başqa fərziyyələrlə də izah edirlər. Bu fərziyyələrin heç biri məni qane etmədi və mən Şuşa sözünün mənşəyini araşdırmağa başladım.Axtarışım ən əski tarixlərə qədər gedib çıxdı, Göytürk və Şumer sözlüklərini araşdırdım.
Şumer sözlüyündə Şe sözünə rast gəldim, mənası soyuq, şe-şə üşümək deməkdir.Transkripsiyalara baxdım. Çox düşündüm və digər izahlarla da müqayisə edib, Şuşanın təbiəti, coğrafiyasını da nəzərə alaraq belə qərara gəldim ki, Şuşa sözünün mənası soyuq və üşümək deməkdir.Şuşa, bilirsiniz ki, hər zaman soyuq olan yerdir, orada ilin ən yüksək temperaturu 19 dərəcə olur. Adlar isə çox vaxt yerlərin təbiətinə uyğun təbii şəkildə formalaşır.Şuşa məkanca qədim olduğu kimi ad olaraq da onu qədimlərdə aramaq gərəkdir, bu sözə qədim şumerlərdə rastlanır və iqlimi mülayim isti və soyuq olan “şuşa” şumer dilində soyuq və üşümək mənasını daşıyır.
Şuşa qalasıarxasını möhkəm bir dağa söykəyib.Şəhər-qala iki tərəfdən qaya və uçurumlarla əhatələnib, bir tərəfdən böyük bir dağa dirənib, dördüncü tərəf isə gediş-gəliş üçün açıq saxlanılıb. Şuşanın ərazisi dağlıqdır, çoxlu mağaralar, dərələr, mineral suları və çayları vardır.
1824-cü ildə Albemarl qrafı Corc Keppel İrandan Şuşaya gəlib bu şəhəri görərkən heyrətini belə bildirmişdir: “Şəhər hündür qayalı dağların yamacında tikilib. Yamac o qədər dikdir ki, sanki evlər oradan quş qəfəsləri kimi asılıb. Mən zirvəyə çatana kimi iki saat yuxarı qalxdım.”
Pənahəli xan Şuşa qalasını tikmədən öncə də Şuşa vardı, ancaq bu qədər inkişaf edib böyüməmişdir.Salnaməçilərin dediyinə görə, Şuşanın tarixi yazılı mənbələrdə min il əvvələ gedib çıxır.Şuşa əvvəllər də ticarətə açıq idi.Lakin Pənah xan üçüncü qala olaraq Şuşa qalasının salıb inkişaf etdirdikdən sonra qalaya hücumlar başladı.Əvvəlki Şuşaya böyük hücumlar olmurdu.Türk böyük, güclü olanda qorxu saçır.Şuşa qalası böyüklüyü, şəhər quruluşu, inkişafı və gözəlliyi ilə əcnəbi səyyah və tacirlərin, siyasi qonaqların diqqətini çəkdi və bundan sonra qonşu dövlətlərin sinsi hücumlarına məruz qaldı.
Bayat qalasından Şuşa qalasına Pənah xan yaxşı qorunmaq, yaxşı yaşayış üçün köçdü.Türkün köç anlayışının təməlində hər nə qədər iqtisadi, siyasi maraq durursa, bir o qədər də sağlam düşüncə, mənəviyyat durur.Türk zalıma qarşı məzlumu qorumaq üçün hücum edir, tarixən fəthləri dini qorumaq, barışı bərqərar etmək olur.Məsələn, elə Şuşa qalasının misalındakı kimi. Xan dağa söykənib əmin amanlıqda yaşamaq istəyir, yadellilər acgözlüklə bu şəhəri ələ keçirmək üçün hücum edib qan tökür.Tarix türkə savaşçı deyil, barışçı adı verməli.
Şuşada Pənahəli xan və oğlu İbrahixəlil xanın hakimiyyəti dövründə xüsusi ilə yeni tikinti və quruculuq işləri aparıldı. Şuşa qalası orta əsrlər şəhərsalma mədəniyyətinin nadir üsullarını təzahür etdirirdi. Arran memarlıq məktəbi üslubunda inşa edilən Qalanın tikilməsində, əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalada dairəvi mühafizə bürcləri, müşahidə yerləri və bürclər qurulurdu. Qala xarici aləmlə yaxınlıqda tikilən körpü ilə əlaqə qururdu. Bu, Qala körpüsü adlanırdı.
Hasarlar daş və əhəngdən tikilmişdi, Pənah xandan sonra İbrahim xan həmin tikililəri yenidən möhkəmləndirdi.Bu işlərdə baş Vəzir Molla Pənah Vaqif də iştirak edirdi.1783-cü ildə qala yenidən bərpa olundu.
Bürcləri və müşahidə nöqtələri olan Qalanın divarının uzunluğu 2.5 km. İdi. Şuşa qalasının üç əsas qapısı vardı: qalanın şimal tərəfində yerləşən Gəncə və ya Çiləbörd qapısı, digərləri isə İrəvan və Ağoğlan qapılarıdır. XIX əsrin 60-cı illərinə qədər şəhər üçün önəmli olan bu qapıların adı tarixi mənbələrdə və şəhərin baş planlarında qeyd olunub.
Ağoğlan və İrəvan qapılarından yüksək şəxslər keçir və yük daşınırdı, Gəncə qapısı isə arabaların keçməsi üçün idi. Qədim dövrlərdən şəhərlər qala divarlarından başlanır və şəhərin memarlığını qala divarlarına görə müəyyən edirdilər. Şuşa qalasının zəfər tağı onun əsas, yəni şimal qapısı idi. Bu qapıdan çıxan yol Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalına aparırdı. Şimal qapısı Ağoğlan və İrəvan qapılarının arasında, ortada yerləşirdi.
Qalanın tağlı girişini şahmatvari və şam ağacı düzülüşlü ağ – qara daşlı hörgü əhatə edirdi. Arasında mazğallar və ya qala bacalar yerləşən girişdə simmetrik pəncərə izləri var. O dövr memarlığında binaların fasadlarının yalançı və həqiqi pəncərə çıxışlarının sıralaması geniş istifadə edilirdi.Qapının qarşısında bir tərəfi divarın fasadına dirənən müdafiə divarı vardı. Gözətçilər üçün tikilmiş xüsusi yer Qala tərəfdən qapıya birləşirdi.
Qərbdən, müxtəlif yerlərində pərakəndə mazğallar yerləşdirilmiş qapıya üç mərtəbəli dairəvi qüllə birləşirdi. Gəncə qapısının ikinci yarusunda silahlar saxlanılırdı.Şimal qapısının memarlıq simasını yaxınlıqda tikilmiş daş çardaqlı bulaq tamamlayırdı.
Şuşa qalasının digər qalalardan bir fərqi onun İç qalasının olmamasıdır.Çünki Şuşa qalası, içindəki malikanələr, müdafiə qurğuları hündür divarlarla əhatələnmişdir.Tikililər, xanlara, bəylərə, həbçilərə, imkanlı adamlara aid olan binalar saf daşdan və əhəngdən tikilmiş və hasarlanmışdır. Ortasından keçən daş döşəli yol Qalanı iki hissəyə bölür.Xanların sarayları Çölqala məhəlləsinə gedən yolda yerləşir. Xanlıq ara məhəlləsi adlanan bu yerdə Xan sarayının böyük darvazası vardı.Bu memarlıq abidəsi daş hasarla əhatələnmişdir.
Saatlı məhəlləsi dik yamacda salınmışdır.Məhəllədə əsas və sapma yollara da daş döşənmişdir.Məhəllə meydanından aşağıda şirin sulu bulaq var. Bu və digər bulaqlara gələn su 1873-cü ildə Xuşrudbanu Natəvanın çəkdirdiyi su kəmərindən gəlirdi.
Saatlıdan solda Köçərli məhəhəlləsidir. XX əsrin 40-cı illərində sökülən bu körpüyə Şahlıq körpüsü deyilirdi.Xoca Mərcanlı, Mamayı, Dəmirçi, Hamam qabağı məhəllərində də oxşar mənzərələr vardır.
Ən böyük körpü Təzə məhəllə körpüsü idi.
Yuxarı məhəllələrdən fərqli olaraq Aşağı məhəllə nisbətən düzənlik olub meydanı və küçələri daha geniş, memarlıq üslubu fərqli idi.Burada su quyuları, kəhrizlər çox, binalar daha əzəmətli idi.Bəzilərinin qalıqları son dövrə qədər duran tikililər, İbrahim xanın oğlu Məhəmmədhəsən ağanın, Hacı Qulunun, Salman bəyin, Batmanqılıncın, Qarabağ xanlığının divanxanası və sairlər burada yerləşirdi.
Qalanın içində müsəlman türklər üçün 18 hamam, Qalanın çölündə isə xristianlar üçün 1 hamam tikilmişdi.Çünki müsəlman türklər erməniləri murdar hesab edir, onlarla eyni hamama girmirdilər, hətta bayram və yağışlı günlərdə ermənilərin müsəlman bulağına getməmə adəti vardı.
Şuşalılar ermənilərə “qaxtaqan”, yəni qaçqın deyirdilər. Dədə-babadan ermənilərin oraya sonradan gəldikləri bilinirdi və el arasında da bu daima dilə gətirilirdi.
Şuşada o dövrdə ən inkişaf etmiş şəhərlərdə belə az-az rast gəlinən tağbənd kanalizasiya sistemi var idi.Dünya miqyasında kiçik görünən sahəsi 289 kvadrat kilometr olan Şuşa mədəni mənəvi dəyər baxımından öz maddi ölçüsündən çox-çox böyük idi.
Şuşa qalası ərazisindəki bəzi yer adlarını sadalamaqla buranın ən qədim türk yurdu olduğunu sübut etmiş oluruq.
Bulaq adları:İsa bulağı, Şor bulaq, Xan bulağı,Qaya bulaq, Qotur bulaq, Şəmilin bulağı, Səkili bulaq,Çömçəli bulaq, Saxsı bulaq,Kəblə Abbas bulağı,Göy bulaq, Əjdər ölən bulaq, Qoşa bulaq,Lomba bulaq.
Ərazilər:Topxana, Qorxpilləkan, Cıdır düzü, Potu, Kərim yatağı,İbrahimxəlil xanın qaya istirahət kompleksi, Ağvan düzü, Ağvan təpəsi, Topgörməz,Əsgər dərəsi, At qoruğu, Mıxtökən, Eminli düzü, Topgörməz ərazi, Əsgər dərəsi, Turşsu yaylağı.
Qaya adları:Gəlin qayası, Xəzinə, Qızıl, Şiş qaya,Bağrıqan dağı,Qara qaya,Böyük və Kiçik Kirs dağları, Sarıbaba dağı, Qartalllı qaya,Humay qaya,
Kahalar:Damcılı kaha, Şuşa, Ağzıyastı,Qara,Əmcik, Sulu kaha,Qara kaha,
Meşələr:Çaxmaq meşə, Dovşanlı meşə,Zoğallı meşə,Xarıbülbül talası, Fındıqlı meşə, Əlikli tala, Böyük və Kiçik tala və s.
Şuşada hər məhəllədə məscid olduğu kimi ayrıca hər məhəllənin piri-müqəddəs ocağı da vardı. Bunlardan Cıdır düzünə gedən yol üzərində yerləşən Seyid Xəlil ocağı, Çuxur məhəllədə olan Xaki-Şəfa ( buradakı göyrüş ağacının dibindəki torpaqdan bir ovuc suya atar, o suyu xəstələrə içirər, şəfa taparmışlar) Saqqaxana ocağı, Xoca Mərcanlı məhəlləsində həzrət Abbas ocağı, Köçəri məhəlləsində Şahlıq ocağı, Cıdır düzündə, əsasən qadınların ziyarət etdiyi Mir Fəseh ocağı, Şahi Qəriban ocağı, Qurdlar məhəlləsində Qurdlar ocağı, yaylaq yolunun solunda bəd nəzərdən qoruyan və uşaq istəyənlər üçün Cindirli pir, Mir Həsən qəbristanında yerləşən Seyid ocağı, Çuxur məhəllədə Sərqa ocağı, Xan qoruğundakı kahada yerləşən Əli ocağı daim xalqın ziyarət yerləri olmuşdur.
Şuşa qalasının məhəllələri: Yuxarı məhəllələr- Xanlıq, Saatlı, Köçəri, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.
Aşağı məhəllələr-Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər qurdu, Hacı Yusifli, Dörd Çinar, Çölqala.
Şuşanın Qarabağ xanlığı dövründə tikilən abidələri 1920-ci ildən sonra dağıdılmağa başlanıldı.Şuşanın yenidən qurulması adı ilə Qalanın sənət əsəri olan malikanələri, imarətləri, dəyirmanları, hamamları söküldü. 1950-ci ildə dağıdılan Bazarbaşı hamamı 1980-ci ildə bərpa olsa da, əvvəlki şəklini tamam itirdi.
Şuşa qalasında on karvansaray vardı.Hacı Məhərrəmin karvansarası, Hacı Əmiraslan bəyin karvansarası, Uğurlu bəyin, Mir Səyyaf oğlunun, Murad bəyin, Hacı Hüseyinin, Gövhər ağanın, Hacı Abbas bəyin, Cavad ağanın, xanlıq Muxtarın karvansarası. Ticarət məqsədi ilə gələnlər, şəhərin qonaqları burada qalırdılar.Karvansaraylar məşhur Şuşa bazarında 1828-ci ilə- Gülüstan müqaviləsinə qədər davam edən beynəlxalq ticarətə xidmət edirdi.
Qalada tarixi abidə dəyərində 18 hamam vardı: ilk hamamı 1750-ci ildə İbrahimxəlil xanın əmisi oğlu Əbdüssəməd, ikinci Uğurlu bəy, digərlərini Qazi Mirzəli, Hacı Saleh, Əli bəy Fuladov, Rüstəm bəy Cavanşir, Bəhmən bəy Qacar, Məşədi Qulu xanın qızı (2 hamam), Hacı Rzaqulu Şəmsibəyovun qızı ilə Natəvanın şərikli tikdiyi 2 hamam, Ağakişi (2 hamam), Hacı Əbdürrəhim bəy, Xeyrənsə xanım, Şahbaz, Xan qızı Natəvan (Bazar başındakı bu hamam memarlığı ilə fərqlənirdi) tərəfindən tikilmişdir. Xan qızının Qala camaatına hədiyyəsi olan bu hamam erməni işğalına qədər fəaliyyət göstərir və Şirinsu hamamı adlanırdı.On səkkizinci hamam isə Qalanın çölündə idi və bu, rus ordusu, zabitləri və onların ailələri üçün tikilmişdi.
Şuşa orta əsrlərdə artıq şəhər kimi formalaşmış və şərqin məşhur ticarət şəhərlərindən biri idi.O dövrlərdə Şuşada yüzlərlə sənət və peşə sahibləri vardı.Bunlardan xalçaçılıq daha geniş yayılmış və ticarətin əsasını təşkil edirdi.Xalçaçılıqdan başqa toxuculuq, dəmirçilik, dərzilik, dulusçuluq, papaqçılıq, zərgərlik, qalayçılıq, boyaqçılıq, misgərlik, nəqqaşlıq,dəyirman daşı hazırlama, hətta barıt istehsalı və sair peşələr inkişaf etmişdi.
XVIII əsrdə Azərbaycanın ən mühim şəhərlərindən biri olan, İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayan Şuşanın öz pulu vardı, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.Bundan əlavə Şuşanın digər dövlət rəmzi – gerbi də olmuşdur.
Şuşa şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiqlənmişdir. Qalxan şəkilli gerbin ikiyə bölünmüş lövhəsinin yuxarı hissəsindəki pələng və yerdən çıxan alov dilimləri təsviri Xəzər vilayətinin gerbindəki ilə eyni idi. Gerbin alt yarım hissəsində otluqda yəhərli qızılı at təsvir edilmişdir. Bu məşhur Qarabağ atlarının rəmzidir və atların Qarabağ türklərinin həyatındakı önəmini bir daha göstərir.
Şuşa qalasında əvvəllər başqa millətin nümayəndəsi yaşamayıb.Pənahabadın ilk sakinləri 1753-cü ildə Bayat qalasından köçən türklər olublar, yəni yerli şuşalılar.
Şuşa əhalisi mədəni həyata önəm vermişdir.Hələ xanlıq dövründən buradakı məscidlərdə mədrəsələr və evlərdə isə mollaxanalar tədris fəaliyyəti göstərirdi.1830-cu ildə Şuşada dini və dünyəvi elmlərin öyrədildiyi qəza məktəbi açıldı, ancaq burada dərs rus dilində keçilirdi.
Şuşa mədəniyyət, sənət və elm sahəsində inkişaf etmiş, çox məşhur insanlar, ziyalılar yetirmiş, bir çox ədəbi məclisin vətəni olmuşdur.1864-cü ildə Natəvanın yaratdığı “Məclisi üns”, 1872-ci ildə M.M.Nəvvabın yaratdığı “Məclisi-fəramuşan” ədəbi məclisləri Şuşanın ədəbi həyatında böyük rol oynamışdır.
Şuşa şəhər-qalası daim ətraf xalqların və dövlətlərin marağını çəkmiş, xanlar, padşahlar bu möhtəşəm qala- şəhərə sahib olmaq istəmişlər.”Dalımı dağa söykərəm gör sənə neylərəm” zərb məsəlindəki kimi arxa tərəfdən möhtəşəm bir dağa söykənən Şuşa qalası tarix boyu olunan hücumlara qarşı mübarizə aparıb, can-mal bahasına öz azadlığını qorumuşdur.Lakin hər gücün bir hüdudu var, sonsuz güc yalnız Allaha aiddir, Şuşanın da bəlli vaxtlarda gücü tükənərək uduzduğu oldu.
1905-ci ildə hücuma başlayan ermənilər dəfələrlə şuşalılarla toqquşdular, dəfələrlə şəhərin böyükləri ermənilərin yersiz mübarizəsini ermənilərin üzr istəyib barışmaları nəticəsində dayandırmışlar.Ancaq ermənilər sülh zamanından hər dəfə məkrli savaşa hazırlıq üçün istifadə etmiş, daha böyük qarışıqlığa yol açmışlar.Hətta, biz savaş istəmirik deyib türk müsəlman əhalini arxayın salıb gizlicə silahlandılar, bu silahı isə yerli türklərdən dəfələrlə baha qiymətə satın aldılar.Baha almalarının məqsədi o idi ki, əhali şirnikib silahını satsın və silahsız qalsın, hücum edən zaman savaşa bilməsin.
Beləcə, türk əhalini silahsız qoyub özləri silahlandılar.Sonra bunu fərq edən hökumət silah satmağa qadağa qoydu. Erməni məhəlləsi hündürdə olduğundan döyüşəndə də onlar daha çox qırğına səbəb olurdular.Ermənilər vurduqları adamlar can verdikdən sonra onların cəsədinə də dəfələrlə atəş açır, təhqir edir, sanki ürəklərini soyudurdular.Türk müsəlmanlar isə öldürdüklərini tək bir güllə ilə öldürürdülər.Savaşanda da mərdliklə savaşmalısan, bu türklərin daim söylədikləri fikirdir.
1977-ci ilin avqust ayında ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu” elan etmək haqqında qərar qəbul etdi.Bu qərardan sonra Şuşanın tarixi abidləri, memarlığı, ayrı -ayrı şəxslərə aid tarixi bina və evlər xüsusi olaraq qorundu.Çünki şəhər özü sanki bir sənət əsəri idi.
Hələ keçən əsrin 20-ci illərində Şuşa qalasında altı mindən çox monumental əzəmətli, böyük bina vardı.Şuşa qalasında yollarına, küçələrinə mərmər daş döşənmişdi 17 məhəllə vardı və şəhərin təmizliyinə xüsusi fikir verirdilər.Hər məhəllənin meydanı, oxşar memarlıq üslubunda tikilmiş məscidi, kəhrizi vardı.Şuşada Yuxarı və Aşağı Gövhər ağa olmaqla iki cümə məscidi var.Məhəllə məscidləri bir minarəli nisbətən kiçik, cümə məscidi isə iki minarəli daha böyük idi.Məscidlər dini məqsədlə fəaliyyət gösrtərməklə yanaşı mədəni-siyasi -tarixi maarifləndirmə ilə də məşğul olurdu. Məsələn, 1905-06-cı illərdə mənfur ermənilərin hiylələrini aşkar etməkdə məscidin xüsusi rolu olmuşdur. Lakin Şuşa xaincəsinə üç dəfə tamamilə yandırılmadan xilas ola bilməmişdir:bu yanğınlar 1905, 1920 və 1992-ci illərdə ermənilər tərəfindən törədilmişdir.
1992-ci il mayın 8-də Rusiya Federasiyası Xankəndindəki 366-cı alayın köməyi ilə Şuşa qalasını xaincə işğal etdi. Könüllü özünümüdafiə dəstələrinin qoruduğu Şuşa uğrunda gedən qeyri bərabər döyüşdə 195 nəfər şəhidimiz oldu, 165 nəfərimiz yaralandı, 58 nəfərimiz əsir düşdü.Bu vəhşilikdən ürəyi soyumayan, qandan gözü doymayan erməni milli yaddaşımız olan tarixi abidələrə, incəsənət nümunələrinə, məscidlərə, muzeylərə, kitabxana və təhsil müəssisələrinə, hətta evlərə hücum etdilər, əllərinə keçən tarixi dəyəri olan əşyaları, nadir əlyazmaları, xalçaları, bir çox dəyərli nümunəni oğurlayıb apardılar, dünyaya öz malları, öz sənət əsərləri kimi təqdim etdilər, öz əsərləri kimi satdılar.
N.N.Şavrovun sözünə görə, Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu gəlmədir və onları bu vilayətə biz (yəni ruslar) köçürmüşük.
İranla Rusiya arasındakı müharibələr Qarabağda türk sayısının azalmasına, yerli əhalinin işğala görə öz dədə-baba yurdlarını tərk etmələrinə səbəb oldu.
1806-1812-ci illərdə rus hərbçilərinin yazdıqları məlumata görə Qarabağ türkləri kütləvi surətdə Arazın o tayına, İrana keçdilər.Rus hərbi tarixçisi N.Dubrov, Şuşa ətraflarında gedən döyüşlər zamanı, içlərində xan nəslindən də bir çox nümayəndənin olduğu 20 min adamın bir gecədə İrana getdiyini yazır. 1500 ailə isə Şirvan əyalətinə köçdü.
Qarabağda ruslar işçi qüvvəsinə ehtiyac duyurdular.Ona görə də 1813-cü ildə 811 ailəni geri qaytardılar. 1823-cü ildən etibarən isə siyasi məqsədlə Qarabağa ermənilərin kütləvi köçürülməsi başladı.
Türkmənçay müqaviləsindəki 15-ci maddəyə görə İranda yaşayan məmur və sakinlər sərbəst olaraq Rusiyaya keçə bilər, vergi və gömrük ödəmədən daşınan əmlaklarını apara, daşınmayanı sata bilərdilər. Bu maddənin həyata keçirilməsini Fətəli şah öhdəsinə götürsə də, prosesə erməni X.E.Lazarev rəhbərlik edirdi.Beləliklə, ermənilər sərbəst şəkildə Azərbaycana, eləcə də Qarabağa, Şuşaya köçüb yerləşdilər.
Lazarevin Paskeviçə yazdığı 1829-cu il 29 dekabr tarixli məktubuna görə artıq 40 min erməni İran ərazisindən gətirilib Qarabağa və İrəvan xanlığına yerləşdirilmişdir.
Tarixçilər N.Şavrov, S.Qlinka, V.Veliçko və səfir Qriboyedov ermənilərin Cənubi Qafqaza gəlmə olduqları məlumatını verirlər.Qarabağda, eləcə də Şuşada etnik tərkibdəki ermənilərin xeyrinə olan bu dəyişiklik Azərbaycan türklərinin etirazına səbəb olsa da, rusların gücü hesabına yurdu erməniləşdirmə prosesi davam edirdi.Mehdiqulu xana aid olan Xankəndinə rus polku yerləşdirildi və bundan sonra ermənilər oraya axın etdilər. 1805-ci il rus işğalı sonrası Şuşanın əhalisi azalmağa başladı. 1822-ci ildə xanlıq ləğv edildikdən sonra Qarabağ, həmçinin Şuşa tamamilə müstəmləkə altında qaldı.
Şuşa işğal olunduqdan sonra mənfur millət Azərbaycan türklərinin tarixi izlərini silməyə başladılar. 600-ə yaxın tarixi memarlıq abidəsini dağıtdılar.Pənahəli xanın sarayını, Yuxarı və Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini, 7 uşaq baxçasını, 22 orta məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, Şuşa Tarix Muzeyi və Azərbaycan Xalça Muzeyinin filialı da daxil olmaqla 8 muzeyi dağıddıb içini talan etdilər.Təkcə tarix muzeyindən 5 minədək əşya oğurladıqlarını demək yetər ki, talanı təsəvvür edək. Digər muzeylərdən və hətta, evlərdən tarixi və dəyərli olan əşyaları talan edib apardılar.
Bir də təkrar xatırladım ki, Şuşa qalasında əvvəllər başqa millətin nümayəndəsi yaşamayıb.Pənahabadın ilk sakinləri 1753-cü ildə Bayat qalasından köçən türklər olublar, yəni yerli şuşalılar.Ermənilərin yaşadığı yerlərə şuşalılar “sığınacaq” deyirdilər, çünki onlar sonradan gəlib “qaxtaqan” -qaçqın olaraq Qarabağa sığınmışdılar.Hətta, 1960-cı illərdə Şuşa rayon Təhsil Şöbəsinin hesabatında orta məktəblərdə cəmi 25-30 nəfər erməni (və rus) şagird qeydə alınmışdı. 1988-ci ildə Şuşanın 17 min əhalisinin 250-300 nəfəri erməni olub.Yalan ilə özünü dünyaya aciz, yazıq millət kimi tanıdan mənfurlar elə doğrudan da, rəzillikləri ilə yazıqdırlar.Çünki ac gözləri doymayaraq sonda ədalətin qılıncı ilə oyulur.
Aradan uzun illər keçsə də dəmir yumruq qalxdı və 8 noyabrda Şuşa şəhərinin həsrətinə son qoyuldu. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri, şanlı ordumuz tərəfindən mənfur erməni işğalından azad edildi. Şuşa qalası öz doğma sahibinə qayıtdı. Məşhur yeri Cıdır düzü, isa bulağı və Şuşanın rəmzi xarıbülbül gülününü üzü güldü, insan kimi sevindilər.
Deyirlər, əvvəllər Bazar başından meydana kimi yolun sağ-solunda sıralanmış cökə ağacları var imiş.Yaz gələndə cökə çiçəyinin qoxusu bütün şəhəri bürüyürmüş.XX əsrin 60-cı illərində bu ağacları məhv edib yerində Sibir şamları əkiblər.Ondan sonra şəhəri təravətləndirən xoş cökə qoxusu yox olur.İndi Şuşa öz doğma sahibinə qovuşmuşkən o gözəl cökə qoxusu da geri qayıdar, şəhər yenidən cökə çiçəyinin məsum qoxusuna bürünər.İncə ruhlu igid Şəhər.Uğruna atanın balasını girov verdiyi igidim Şəhər. Türk ruhlu, sonsuza qədər türkün yaşayacağı və türkü yaşadan şəhərim.