MƏN QORXMURAM UZAQ YOLA ÇIXMAQDAN
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür,
Dünənimdən,
bu günümdən, sabahımdan
ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki,
dünyadakı bütün yollar,
Anamın təndir evinin qabağından
ötür keçir.
1989
***
Sən
mənim adıma
rast gəlməyibsən.
Adsız uyuyuram bu qərib yerdə.
Sənə deməyəcəyəm
heç adımı da.
Məni diri bilib,
Gözləyir anam.
Demə!
Qoy gözləsin,
dözməz bu dərdə.
Görürəm
qəbrimin içi yaş olur.
Deyəsən ağlayır anam xəlvətcə.
Girmir heç olmasa yuxuma –
deyəm, ağlama, ay ana,
mən çox yaxşıyam.
Səndən narahatam,
Niyə hər gecə çıxıb
qaranlıqda yola baxırsan?!
Niyə vaxtsız yatıb,
vaxtsız qalxırsan?!
lll
Qardaş da yoxdur ki, ona tapşırım.
Bəlkə … sən olasan …
Mənim qardaşım.
İndi ki,
Razısan,
Onda get bizə
Ovut anamızı, sən mənim başım.