04 Temmuz 2024

***

Ey əsgər

Ey savaş meydanında bayraq daşıyan əsgər!

O, vətəndir əlindəki!

O, “Amin”dir dilindəki!

O, inamdır könlündəki!

O, sevgidir qəlbindəki!

Başın üstdə saxladığın…

O, adi bir bayraq deyil!

Əlində tutduğun nədir,

bilirsənmi?!

Vətənimin şərəfidir,

Torpağımın qeyrətidir,

Ay-ulduzlu şanlı bayraq

Babaların məşəqqətlə

Bir heçlikdən var etdiyi

Əmanətdir.

Gözün kimi qoru onu!

Şəhidlərin bu torpağa

Sədaqəti,

Körpələrin sabahıdır.

İgidlərin vüqarıdır!

Dövlətimin qüdrətidir

 Aydın səmada vüqarla

Dalğalanması.

Bayrağım sancılan məkan –

Görgahımdır, məskənimdir,

Adi qara torpaq deyil.

Bir şəhidin məzar daşı,

Bir əsgərin qürur yeri

Bayraq sancılan torpaq.

And yeridir, yurd yeridir,

Cəng meydanı, qəbr evidir.

Ağdamlısan, şuşalısan, laçın, cəbrayıllısan

Hər yerlisən, hər yanlısan,

Vətən oğlu!

Vətən sənə oğul deyib,

Sən də ona oğul oldun,

“Mamır olub,

qayasında bitər” oldun,

Torpağıma öz canınla sipər oldun.

Düşmənimin gözlərinə ox olub batar oldun,

Öz yurdunu qorumağa çəpər oldun…

Ey bayraq yolunda canını verən əsgər!

Bayrağı canından əziz sanmısan,

Uğrunda sevərək şəhid olmusan,

Vətən basılmasın, torpaq azalmasın,

Şərəf tapdanmasın, demisən.

“Bir kərə yüksələn bayraq

Bir daha enməsin”, demisən!

Son nəfəsdə son kəlmən: “ana”,

Gözünə əksi hopan bir də bayraq olubdur.

Ey savaş meydanında

Şərəflə Bayraq daşıyan

Uğrunda can verən əsgər!

******

Məni niyə sevəsən, Vətən?

Nə bir daşın olammadım,

Nə torpağın olammadım,

Ağac başında qalan

Dərddən saralıb-solan

Yarpağın olammadım,

Məni niyə sevəsən, Vətən?!

Bağ-bağatın olammadım,

Axırda bağlı qalan

Qıratdan qanad alan

Köhlən atın olammadım.

Məni niyə sevəsən, Vətən?!

Axan çayın olammadım,

Gur bulağın olammadım,

Uzanıb dilsiz-ağızsız

kənd-kəsəyə aparan

yolun-yolağın olammadım,

Məni niyə sevəsən, Vətən?!

Barlı meşən olammadım,

Güllü talan olammadım,

Kol dibində üşüyən

Ətri vətəni bürüyən

Bənövşən olammadım,

Məni niyə sevəsən, Vətən?!

Fazilin olammadım,

Şirinin olammadım,

Səni candan çox sevən

Mübariz olammadım.

İçində sən qövr edən

Eləcə Gülyaz oldum,

Məni niyə sevəsən, Vətən?!

***

Gərək olsa…

Dağları yıxa bilərəm,

Göylərə çıxa bilərəm,

Buludu sıxa bilərəm, 

Sənə yağış gərək olsa…

Çay kimi axa bilərəm,

Şimşəktək çaxa bilırəm,

Zülmətdə  baxa bilərəm

Sənə baxış gərək olsa …

Kədərin bağrın sökərəm,

Yollarına gül əkərəm,

Rəssam tək şəkil çəkərəm,

Sənə naxış gərək olsa.

Ömrüm hədər getməz boşa,

Sənlə gəzərsəm qoşa,

Çıxaram dağlara-daşa,

Sənə yoxuş gərək olsa.

Gülyazam, gül tək açaram,

Günəş kimi nur saçaram,

Dualarla dil açaram,

Sənə alqış gərək olsa.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir