Ermənilər uydurma “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə müxtəlif dövrlərdə türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdiyi kütləvi qırğınlardır.
Bakı Xalq Komissarları Sovetinin sədri S. Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hakimiyyəti dövründə Azərbaycanda milli dirçəliş geclənir, “Müsavat” partiyasının nüfuzu artırdı. Bolşeviklərin yerli əhali arasında nüfuzu, sosial dayağı yox idi. “Müsavat”ın inamlı mübarizəsi bolşevikləri narahat etdiyinə görə S.Şaumyan Bakıda milli qırğın törədərək, xalqın oyanan milli azadlıq, qurtuluş hərəkatını boğmaq, “Müsavat” partiyasının zəiflətmək istəyirdi.
Bakının türk-müsəlman əhalisinə qarşı soyqırıma ciddi hazırlaşan S.Şaumyan İ. Stalinə məktub yazaraq, Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili on milyon rubl göndərilməsini xahiş edirdi. Bolşeviklərin S.Şaumyana göndərdikləri ərzaq eşelonları Bakıya yetişməsə də, ermənilər Moskvadan böyük mənəvi dəstək aldılar. 1917-ci ilin 29 dekabrında Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair imzaladığı sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında bolşeviklərin əsas zərbə qüvvəsini “Daşnaksutyun” təşkil edirdi. Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri S.Şaumyanın təşkilatçılığı ilə Bakıda cəmləşdirildi və “Qırmızı ordu”nun tərkibi, demək olar ki, tamamilə ermənilərdən ibarət idi.
Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Bu məqsədlə “Evelina” münaqişəsi törədildi. Azərbaycan milyonçusu H.Z. Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd öz əlindəki silahdan açılan atəşdən həlak olmuş, türk müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfndən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkərana qayıdacaqdılar. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər Lənkərandakı müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat şayiəsi nəticəsinində Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr “Evelina” gəmisinin tərk-silah edilməsinə tərəfdar oldular. Martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Komitənin təşəbbüsü ilə “Evelina” Lənkərana yola düşmədi, gəmidəki zabitlər tərk-silah edildi. Türk müsəlman əhali məscidlərə toplanaraq, silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddiləşdiyini görən Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib, alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da N. Nərimanovun evində S.Şaumyanla və İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilsə, silahların qaytarılmasına vəd verilsə də, bolşevik-daşnak koalisiyası sözünü tutmadı.
Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri türk müsəlmanlara atəş açaraq soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və digər məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də səhərə yaxın erməni hərbi dəstələrinin başçıları və silahlı erməni ziyalıları İnqilabi Müdafiə Komitəsi qərargahına gəldilər. Onlar təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri evlərə soxulur, sakinləri öldürür, xəncərlə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərə keçirirdilər. Vəhşi xislətli bolşevik-erməni cəlladları türk qadınları daha qəddarlıqla öldürürdülər. Şəhərin tək bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 türk müsəlman qadın meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb qurtulmağa çalışan əhali pulemyotlarla gülləbaran edilirdilər.
Bir çox türk müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhər əməliyyatı başlandı. Nikolay (indiki İstiqlaliyyət) küçəsində hücuma keçən erməni əsgərlərə erməni ziyalıları rəhbərlik ediblər. Belə dəstələrdən biri girib bir evdə səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz türk müsəlmanı küçəyə çıxarıb kilsə meydanında güllələmiş, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar…
Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırsalar da, ermənilər aprelin 2-si gecədən xeyli keçənədək soyqırımı davam etdirdilər.
Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsinində Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüşdür, “Kaspi” mətbəəsi, “Açıq söz” qəzeti redaksiyası, “İsmailiyyə” (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binası yandırılmış, “Təzəpir” məscidinin minarələri top atəşi ilə zədələnmişdir. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər.
1918-ci il mart soyqırımına qədər Azərbaycanın milli demokratik qüvvələri Rusiya tərkibində milli-məhəlli muxtariyyət tələbi ilə çıxış edirdilərsə, qırğınlardan sonra bu ümidlər boşa çıxdı. Mart soyqırımı nəticəsində sovetləşmə ideyasına güclü zərbə vuruldu, xalqın müstəqil dövlətçiliyini bərpa etmək əzmi daha da gücləndi.
1998-ci il martın 26-da 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
İklim.az
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası ( II cild, Bakı, 2005, 174-177) materiallarından istifadə edilmişdir.