02 Temmuz 2024

    Mütərəqqi islamda “mülayim dillə danış” deyilir.Bəs müsəlman belə mülayim dillə danışırmı?

 “Harda müsəlman görürəm qorxuram”, çünki ağızlarından od püskürür, elə lənətlər yağdırır, elə qarğışlar edirlər ki, adamın əti ürpəşir.Bu qarğışları, lənətləri də kimlər etsə yaxşıdır, islamın təmsilçiləri sayılan, islamın ” öyrədiciləri” olan mollalar.

    Bu gün islamın ən geniş təbliğ yeri yas mərasimləridir.Bu mərasimlərdə mollalar tam ixtiyar sahibidir, hər kəs onların iradəsinə tabedir. Di gəl ki, bu mollaların savadı, dünyagörüşü məclis idarə etməyə layiqdirmi?

   Molla, mərasimi qaynar hala salmaq üçün əvvəlcə başlayır Kərbəla müsibətini təsvir etməyə. Sonra bu barədə uzun və ürək parçalayan bir mərsiyə deyir. Bütün bu prosesi sinəsinə, ya da dizinə döyən qadınların xoru müşayət edir.  Təbii ki, hər kəlimənin başında lənət sədaları ucalır. Məhərrəm ayında isə bunu bir ibadət kimi, bir borc kimi ifa edirlər ki, hər kim hz.Hüseynin qatilinə nə qədər çox lənət oxusa, demək o, daha yaxşı müsəlmandır. Bu məclislərdə səsini çıxarmaq da mümkün deyil, həm məclis sahibi səni qınayar, həm camaat adamı daş-qalaq edər. Belə məclisin birində mollaya yaxınlaşıb qarğışın, lənətin pis bir şey olduğunu, Islama, müsəlmanlığa uyğun olmadığını yumşaq bir dillə izah etdim. Molla təhqir eşitmiş kimi təşvişə düşdü.”Nə danışırsan, Kərbəla müsibətini törədənlərə lənət oxumaq savabdır. Biz mömin alimlərdən, minbərdəki moizələrdə belə eşitmişik, bizə alimlər belə öyrədiblər, onlara lənət, min lənət, həmişə lənət deməliyik”, dedi. Qurandan, hədislərdən sitat gətirdim, hz.Əli (ə) qatilinə necə davrandığını, hətta “bağladığınız ip onun əlini sıxır, əlini açın” dediyini dedim. Xeyri olmadı. Molla savab qazanmaq yolunda irəlilədi. Axırda dedim, hətta bizim el məsəllərimizdə də deyilir, “qarğışın iki başı var”, “qarğış olunan yerdə qalar”. İndi sənin dediyin lənətlər nə qədər onlara gedirsə, bir o qədər də sənə gəlir. Bunu eşidəndə mollanın rəngi dəyişdi. Deməli, mən özümə lənət edirəm, eləmi? Əlbəttə, dedim. O, ”mən bunu bilmirdim, bundan sonra daha heç kimə lənət, qarğış demərəm” dedi.

    Bax, budur molla islamının fədakarlığı, inancı. Nə qədər ki, Qurandan, hz.Peyğəmbərdən (ə), hz.Əlidən (ə),övliyalardan danışırdım fikrindən dönmürdü, elə ki, söz gəlib onu tutdu, o saat Nəsimi demiş, “dönüb həqdən qaçdı”.

    İslam qorxu üstündə bərqərar olub deyə irad tuturlar. Budur “qılınc müsəlmanı”nın ən bariz örnəyi. Bir fikrə öz içində inansa da dediyindən dönmür, ancaq qorxu hiss etdiyi zaman inanc da, əqidə də dəyişir. Allah da, hz.Peyğəmbər də insanın bu xislətini bildiyi üçün inancın yanına qorxunu hakim qoyub, bilib ki, insan bu qorxu hesabına ağlının kəsmədiyi şeylərə də inanacaq. Bəli, “qorxu canın kafiridir”. Necə ki, cəhənnəmin qorxusundan, qıl körpüdən keçə bilməmək qorxusundan, o dünyadakı sorğu- sualın qorxusundan ibadət edilir.

Ibadətin bir səbəbi də günah-savab ikilisidir. Biri o birinə yaxşılıq edir ki, savabdır, pislik etmək istəyəndə düşünür ki, günahdır. İnsan özünə güvənmədiyi üçün qorxunu hər zaman başının üstündə bir meyar olaraq saxlayır. Əslində, islamda qorxu nə qədər hakimsə sevgi ondan daha çox hakimdir. Amma nədənsə, insanlar sevgini deyil, qorxunu meyar edirlər, baxmayaraq ki, daha incə cizgilər, daha incə ölçülər var, sevgi ayarında ölçülər. Ancaq bunları insanlar daha arxa planda qoyur, qorxunun hakimiyyətini qəbul edirlər. Sanki insan sakit və rəvan yolu, sevgi yolunu deyil, kola- kosa saparaq əli tətikdə, qorxu ilə yaşamaq yolunu daha çox sevir.

    “Tebbet” surəsində Əbu Ləhəbə qarğış edilir deyə bu bizə qarğış etməyi haqlı saydırmaz. Bir-birinizi sevin deyə konkret əmr vermir Quran, çünki mənfəət güdücü olan insan burada da mütləq deyəcək ki, niyə sevim. Ona görə də deyir, “Yerdəkilərə mərhəmət et ki, göydəkilər də sənə mərhəmət etsin”. Ya da Y.Əmrə demiş, “Yaradılanı sev yaradandan ötrü”. Çünki bizim xislətimizdə qarşılıqsız bir hərəkət, hətta sevmək belə yoxdur. Yəni, qılınc müsəlmanı olmağımız islamın günahı deyil, bizim naqisliyimizdir.Biz insanlar az qala nəfəsi belə əvəz umaraq alırıq.

“Ərəb olmaq istəmirəm” kitabından

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir