Quş qonub budaq üstünə,
Quşun sözü budaqladı.
Şır-şırın yanı yarpızdı,
Yarpız şır-şır bulaqladı.
Sən az məni üz, – söylədim,
Ayrılığa döz, – söylədim,
Mən könlümə söz söylədim,
Könlüm səni soraqladı.
Uçdum gəldim zöhrə kimi,
O sən deyən yerə kimi,
Həsrətimiz pöhrə kimi,
Ağac kimi yarpaqladı.
***
Söz dilimin ucundadı,
Sözü deyə bilmirəm mən.
Səni necə sevdiyimi,
Düzü, deyə bilmirəm mən.
Demə, qorxuram, ürkürəm,
Mən bir Araz, mən bir Kürəm,
Dərd var içimdə çəkirəm,
Üzə deyə bilmirəm mən.
Bu yadların arasında,
Bu odların arasında,
Bu qurdların arasında,
Quzu deyə bilmirəm mən.
****
Çəkib aparır qarışqa,
Dəni aldada-aldada.
Sən də çəkib aparırsan,
Məni aldada-aldada.
Öz sözünü yeridir su,
İçəridən əridir su,
İrədir su, çürüdür su,
Çəni aldada-aldada.
Səhər günü götürür dağ,
Axşamacan gətirir dağ,
Axşam qətlə yetirir dağ,
Günü aldada-aldada.
****
GECƏ SAAT ÜÇÜN – DÖRDÜN SÖHBƏTİ
Baxıram: Hamı yatıb,
Meşədə – ağaclarımız yatıb,
Çöməlib ağacların dibində
turaclarımız yatıb.
Dillərini qoyub qarınlarına
qapıda – itlərimiz yatıb.
Evdə –
kitablarımızın arasında
Saitlərimiz, samitlərimiz yatıb.
Coğrafiya müəlliminin
çubuğunu yuxu aparıb
Arazın üstündə,
Ədalətin barmaqları
bu saat yuxu görür
sazın üstündə.
Ürəyimizə baş qoyub
səssiz-səmirsiz
ümidlərimiz,
arzularımız yatıb.
Arxaçda fısıldaya-fısıldaya
qoyunlarımız,
quzularımız yatıb…
baxıram: yuxu aparıb
pişiyin səsini
yükün arasında
Uşaqlara nə var,
Uşaqlar tumançaq uyuyub
anaların laylasında.