02 Temmuz 2024

Reklam yazılarındakı səhvlərlə bağlı Bakı Metropoliteninin rəhbərliyinə məktub göndərilib.
“Filoloji Araşdirmalar və Dil Monitorinqi Mərkəzi” metro stansiyalarındakı reklamların dili ilə bağlı iradlarını bildirərək, dildə yol verilən qüsurların aradan qaldırılması üçün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova məktub ünvanlayıb. Həmin məktubda deyilir:

Hörmətli Zaur müəllim!

Nəzərinizə çatdırırıq ki, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi (FADMM) Azərbaycan Respublikasının ərazisində Azərbaycan dilinin istifadəsinin yoxlanılması üzrə monitorinqlər keçirir. Bu monitorinqlərin keçirilməsində məqsədimiz istər dövlət orqanları və ictimai təşkilatlar tərəfindən, istərsə də ayrı-ayrı vətəndaşlar tərəfindən dilimizin istifadəsi zamanı yol verilmiş nöqsanları üzə çıxarmaq və bu nöqsanların aradan qaldırılmasında onlara yardımçı olmaqdır.
Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 7.2. maddəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir”.
Əməkdaşlarımızın Bakı Metropoliteninin stansiyalarında və qatarlarında apardıqları monitorinqlər nəticəsində dövlət dilimizin istifadəsi zamanı bir sıra qüsurlara yol verildiyi üzə çıxmışdır. Yəni birbaşa yuxarıda adı çəkilən qanunun müvafiq maddəsinin tələbləri pozulmuşdur. Belə ki, metro stansiyalarında yerləşdirilən reklamlarda tez-tez Azərbaycan dilinin fonetik, qrammatik və leksik normalarının pozulması hallarına təsadüf edilir.
Aşağıda FADMM əməkdaşlarının metro stansiyalarında çəkdikləri reklam lövhələrinin şəkilləri verilmişdir.
1.Birinci lövhədə “Tecili” əvəzinə “Təcili yazılmalıdır. Sonra AZPULMAT tətbiqini yükəyin… yazılmışdır. “Yükləyin” olmalıdır.
2.İkinci lövhədə ”Narkotiklə başlayan dostluq, ölümlə bitər” cümləsində “dostluq” sözündən sonra vergül qoyulmasına ehtiyac yoxdur
3.Üçüncü lövhədə ”Damardaraldıcı komponenti istifadəsi ilə əlaqədar” cümləsində “komponentin” olmalıdır.
4.Dördüncü lövhədə ”İndi Al, 3 Ay Sonra Ödəməyə Başla” cümləsində “İndi” sözündən başqa digər beş sözün ilk hərfi kiçik şriftlə yazılmalıdır.
5.Beşinci lövhədə ”4 fərqli sahədə 10 AZN və üzəri ödəniş et, hədiyyə qazan” cümləsində “üzəri” sözü əvəzinə “daha artıq” yazılmalıdır.
6.Altıncı lövhədə “Al, Poz, Əylən!” cümləsində “Poz” və “Əylən!” sözlərinin də ilk hərfi kiçik şriftlə yazılmalıdır.
7.Yeddinci lövhədə ”Ağrı üzərində əmin qalibiyyət” cümləsində “əmin qalibiyyət” əvəzinə “etibarlı qələbə” yazılmalıdır.
8.Səkkizinci lövhədə ”Daha Güclü, Daha Əyləncəli” cümlələrində “Güclü” və “Əyləncəli” sözlərinin ilk hərfləri kiçik şriftlə yazılmalıdır. Eyni zamanda,”Güclü” sözündən sonra vergül işarəsi qoyulduğu üçün ikinci “Daha” sözü də kiçik hərflə başlanmalıdır. Əgər orada vergül işarəsindən istifadə edilməsəydi, ya da nöqtə işarəsi qoyulsaydı, onda bu söz böyük hərflə yazıla bilərdi.

Hörmətli Zaur müəllim!

Ola bilər, kimlər üçünsə bu səhvlər xırda məsələ kimi görünər. Ancaq nəzərə almaq lazımdır ki, gün ərzində metronun xidmətlərindən yarım milyondan artıq insan istifadə edir. Statistik məlumatlara əsasən bu ilin may ayı ərzində metrodan 20 milyon 48 min 294 nəfər sərnişin istifadə edib. Bu da gün ərzində 646719 sərnişin deməkdir. İndi təsəvvür edin, bu qədər insanın içərisində dilin normaları haqqında kifayət qədər məlumatı olmayan nə qədər insan var. Onlar bu səhvləri düzgün kimi qəbul edirlər ki, bu da dilimiz haqda yanlış təsəvvürlər yaranmasına gətirib çıxarır.
Yuxarıda göstərilənləri nəzərə alaraq belə qanun pozuntularının tezliklə aradan qaldırılmasını və bu barədə Mərkəzimizə məlumat verilməsini Sizdən xahiş edirik.
Ümid edirik ki, bundan sonra Bakı Metropoliteninin stansiya və qatarlarında reklam lövhələri yerləşdirmək istəyən şirkət və digər təşkilatlara Azərbaycan Respublikasının dövlət dilinə hörmətlə yanaşmaq barədə tələblərinizi bildirəcəksiniz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir