03 Aralık 2024

Şeirlər

MƏNİ

Dünyanın əlində oyuncaq oldum,

Ha qovdu, ha atdı, ha tutdu məni.

Sonu bilinməyən cığıra çəkdi,

Neçə döngəsində ovutdu məni.

.

Qəlbində haqq səsi, ədalət səsi,

Düz oldu urvası, təmiz kündəsi,

Dedi belə olar əsl bəndəsi,

Allah sevgisində yaşatdı məni.

.

Vətənsiz susmuşam, dilim ta laldı,

Gözümdə o yamac, o doğma yaldı,

Saldı uzaq elə, qürbətə saldı,

Başımı bişirdi, uvatdı məni

.

Bu qoca dünyanın əməli ayrı,

Özülü sirr dolu, təməli ayrı,

Mən deyən deyilmiş, deməli ayrı,

Tutub əllərində fırlatdı məni.

.

Dərdi ayrı imiş daşın, dağın da,

Nisgili təşnəymiş dar ayağında,

Qürbətdə yatmışdım fil qulağında,

Yaxı ki, yuxudan oyatdı məni.

.

Bu qoca dünyanı yıxılı gördüm,

Nəyini gördümsə yuxulu gördüm,

Getdiyim yolları qorxulu gördüm,

Qismətim, taleyim unutdu məni.

AĞLADIĞIN KƏS

Məni məftun edən qız ki, sən idin,

Ömrümə xoş bahar, yaz ki, sən idin,

Əlinə qələm al, yaz ki, sən idin,

Qəlbində gizlicə saxladığın kəs.

.

Sənsiz bir şairin yuxusu yoxdur,

Sənsiz çiçəklərin qoxusu yoxdur,

Bilirəm ki, mənəm, ayrısı yoxdu,

Məni diri-diri ağladığın kəs.

.

Mənim dincliyimi əlimdən alan,

Çovğuna, borana, sazağa salan,

Mənəm ömründən uzaqda qalan,

Təkcə yuxularda yoxladığın kəs.

MƏNSİZ QƏRİBSƏYİB BİLLƏM O DAĞLAR

Bizsiz qəribsəyib billəm o dağlar,

Yad ayaq altında qalmaqdan bezib.

Dəlidağ dumana bürünüb, bəlkə,

Dərin xəyallara dalmaqdan bezib.

.

Elə pərişandır, elə qəmlidir,

Doğma el səsinə qalıb tamarzı.

Düz iyirmi ildir nalə yağdırır,

Qəm üstə köklənir Şəmşirin sazı.

.

İtib yaddaşımda olub-keçənlər,

Nə vaxtdan qürbətdə itib qalmışam,

Qəmimi, dərdimi köksümə sıxıb,

Dərdimi içimə təpib qalmışam.

.

Əzəldən bilirdim doludu sirlə,

Təpədən dırnağa sirdi o dağlar,

Gəldi çaylarının şırıltısıyla,

Hər gecə yuxuma girdi o dağlar.

.

Tanrım, sınağına gəl, az çək məni,

Bu həsrət ərimir, itmir bu həsrət.

Qürbətdə göynədib, yandırır məni,

O daşa məhəbbət, dağa məhəbbət.

.

Özümü ataram od-alovuna,

Deyirəm zirvəndə alışım, sönüm,

Bəsdir qürbət eldə çürütdün məni,

Çağır qucağına başına dönüm.

.

YAMAN TEZ-TEZ GİRİR YUXUMA DAĞLAR

Həsrəti göynədir, yandırıb yaxır,

Başımın üstündə şimşəklər çaxır,

Kədərim Tərtərə qarışıb axır,

Yaman tez-tez girir yuxuma dağlar,

.

Sinəmi Qoçdaşın qarı yandırır,

Qəddimi dərd əyir, zaman sındırır,

İntiqam almağa alovlandırır,

Yaman tez-tez girir yuxuma dağlar.

.

Başımda dumanı, başımda çəni,

Həsrətdən çoxalıb saçımın dəni,

Hər axşam qoynuna çağırır məni,

Yaman tez-tez girir yuxuma dağlar.

.

Qalıbdı bir dərdli avazda, neylim,

Gah dağlar, gah da ki, Arazda, neylim,

Həsrətdən qocaldı bir az da neylim,

Yaman tez-tez girir yuxuma dağlar,

.

Necə ki, yollarım bağlıdır mənim,

Necə ki, qollarım bağlıdır mənim,

Necə ki, mən yoxam sənin qoynunda,

Amandı tez-tez gir yuxuma dağlar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir