ŞEİR
Saçlarının qaralığı çökdü bəxtinə, Təbriz gözəli,
Saçlarının uzunluğu dar ağacına yolun oldu.
Sənin gözəlliyin idi bu saçlar bir zaman.
Sevdalandı saçlarının parıltısına,
Nər ürəkli igidlər heyran oldu dalğasına.
Sənsə bilmirdin
Saçlarının boynuna kəmənd olacağını
Bilmirdin səni dar ağacına aparacağını.
Sevə-sevə darayar, hörər, günəşə sərərdin zərifliyini sevda qoxulu.
Saçlarına baxışlarıyla gül düzən həsrətlilər küsər oldu.
Saçların qarmaq oldu sevdalı könüllərə.
Hardan biləsən, Təbriz gözəli, hardan
Saçların sevdan deyil, əcəlin olacağını.
Allah, saçlarını ört, dedi, yad göz dəyməsin, dedi, zəhərləməsin
Seytan tutub dartmasın,
Səni saçlarının qarasına batırmasın dedi, o gül kimi saçlarının.
Saçlarından as öldür, demədi, öldür demədi demədi demədi
Zamanın ən qatı anında ən qanlı rejim
Ən pis hökmü verdi:
Bir ölüm bəhanəsi uydurdu çürük beynindən,
Saçlarını dar ağacında əcəl yeli dağıtsın dedi, yolsun dedi, Təbriz gözəli,
Türk gözəli, yox olsun dedi, yox olsun dedi, yox olsun dedi.
O qara güc qaralar yazdı,
Aqibətinin ağ dəftərinə, Təbriz gözəli.
Dünya bir qara dev oldu, qara dev oldu
Qara saçlarını qara bəxtinə kələf edib doladı, ağlara qara doldu,
Dar ağacına asqı oldu saçların
Saçlarından asdı səni qara dev.
Bu qaranlıq zəmanəni
qara kötük yerinə qoydun ayaqlarının altına
İpini çəkdilər dar ağacının,
yıxdılar qara kötüyü
Ayaqların havada qaldı çırpındın
Təbriz qızı, saçlarından asıldın.
Saçlarından asılınca, nəfəsin tükənincə kimsə əl uzatmadı sənə, Təbriz gözəli,
Qorxdular, hamı qorxdu, qorxdu qorxdu
Allahdan qorxdular, bəndədən qoxdular, molladan qorxdular, canlarından qorxdular….
Qorxdular, kimsə çəkib almadı səni dar ağacından.
İşıqlı dünyaya yumub gözlərini
Ağrına-acına son verəndə sən
Mənim də canım min yerindən yaralandı paralandı,
Sənə can atdım, əllərimi uzatdım,
Əllərim sənə çatmadı, çatmadı
Sən dar ağacındaykən mən ümidimdən asıldım
Asıldım gözlərim ağarana qədər…
Təbrizdə meh əsdirən saçların Bakıda üzümə toxununca
Ox oldu gözümü kor etdi, Təbriz gözəli, kor oldum,
Kor oldum, əllərim əllərini tapa bilmədi,
Səni çəkib alammadım asıldığın dar ağacından,
Ürəyinin başını deşən güllənə sipər olmadım, durammadım ucunda,
Kor oldum, bütün dünya kor oldu, Təbriz gözəli,
Kor gözlərlə saçlarının ağrısını çəkirəm bağrımın başında,
Edam kürsüsündə ayağın altındakı kötük kimiyəm, Təbriz gözəli,
Lalam, karam- koram, için-için ağlayanam, yananam, yamanam.
Sən dardan asılanda
Ruhun İsa kimi göylərə çəkiləndə
Mən sənin ağırlığından əyildim, parçalandım, paralandım,
Yerlərə düşdüm, toz oldum, yox oldum mən də sənin kimi yoxam, Təbriz qızı.
Səni yaşadammadım,Təbriz gözəli, mən də yaşamıram.
Səni and verirəm saçlarının günəşi ǝks edən parıltısına,
Səni and verirəm saçlarının ananın əlində qalan sığalına,
Ağrıların canımın içində, şəklin gözümün didəsindədir,
Özün bir qor kimi könlümdəsən, Təbriz gözəli.
Dağılacaq o rejim, qǝhr olacaq o mollalar,
Gün gələcək
sən səadət donu geyib
Saçlarına xoşbəxtlik çiçəyi taxacaqsan.
Ölümsüz olacaqsan
Cəlladına ölüm olacaqsan, Türkün Təbriz qızı.