21 Kasım 2024

İklim.az Əfsanənin şeirlərini təqdim edir.

Bu, maraqlı, həzin şeirləri ilə diqqətimizi cəlb edən istedadlı Əfsanə xanımın ədəbiyyata atdığı ilk addımıdır. Ona bu yolda uğurlar diləyirik.Poeziya aləmində yolu yomrulmasın, özü yorulmasın.

Əfsanə Həsənova Nizamova 1983-ildə Şəki rayonunun Vərəzət kəndində dünyaya gəlmişdir. BDU (bakalavr) və SDU (magistr) məzunudur. Hazırda Ağdaş rayon Cardam kənd O. Hümmətov adına tam orta məktəb və M.Şeyxzadə adına THT fən təmayüllü gimnaziyada Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Ailəlidir, 3 övladı var.

ŞEİRLƏR

                                         

GƏL OTURAQ DİZ-DİZƏ

.

Ruhum mənim, bir yaxın gəl,

Gəl, oturaq bir diz-dizə.

Gözlərini dik gözümə,

Gəl, oturaq biz üz-üzə.

.

Səni illərdir gəzirəm,

Yollarımız heç kəsişmir.

Yoruluram, lap bezirəm,

Əlim sənə yetişmir.

.

Haçandır çıxmışam yola,

Sürünürəm dizin-dizin.

Sovruluram sağa-sola,

Haçalanır yolum-izim.

.

Dərədən dağa dırmanıram,

Öz-özümə dərd oluram.

Çay keçməyə çırmanıram,

Batıb suda qərq oluram.

.

Başım üstdə yanan atəş

İşıq saçır, nur ələyir.

İsitmir bəs niyə günəş?!

Dondurur, buza bələyir.

.

Gəzmə gendən, gəzmə uzaq.

Sənsiz yolum ikilənir.

Çatılır qəlbimdə ocaq,

Yollarıma od çilənir.

.

Sən ordasan, bilirəm mən.

Sən mənimsən, mən səninəm,

Ruhum, mənə sarıl hərdən.

Öz-özümə mən qəniməm.

.

Dillən barı, bir gəl dilə.

Qüsurumu vur üzümə.

Baxma gözdən axan selə.

Sözüm keçmir öz-özümə.

.

Söylə nədən, niyə axı?

Sənə mən əzab verirəm?!

Tərsinə döndərək çarxı,

Ayılım…Sərab görürəm.

.

Göstər mənə həqiqəti,

Qaytar mənə saflığımı,

Qopar məndə qiyaməti,

Başdan yarat varlığımı.

.

Ayılt məni, silkələ bir,

Mənə xatırlat özümü.

Bu cəhənnəm, axı nədir?!

Göstər o cənnət üzümü.

.

Səslən hərdən, sarıl mənə

Qol-qanad ver dualara,

pərvazlayıb uçur məni.

Qoy, yüksəlim səmalara.

.

Tut əlimdən,

öz-özümdən qaçır məni.

Xatırlat ki, bu bədəni

Geyindirib ağ kəfəni,

İki daşın arasına,

Qoyacaqlar.

İki daşın arasında

Soruş məndən:

Bağlanmışam

bu dünyanın harasına?!

                         05.02.23

.

***

ÜŞÜYÜR

.

Üşüyür gözümdə göz yaşım mənim,

Dilimdə dönməyən sözüm üşüyür.

Üşüyür yük dolu yaddaşım mənim,

Haqdan üz döndərən üzüm üşüyür.

.

Üşüyür varlığım, ruhum üşüyür,

Sönür olan-qalan odum, alovum.

Boşluqda dolanan ahım üşüyür,

Dalır soyuqlara atım, cilovum.

.

Çapır zaman atı, yaman tələsir.

Yüyəni əlimdən çıxhaçıxdadır.

Küləyi üzümü sazaqtək kəsir,

İçərim qor-atəş, çölüm şaxtadır.

.

Arxamda cəhənnəm, önümdə cənnət,

Sırat körpüsünün ortasındayam.

Yoldaşım ümiddir, ümidim rəhmət.

Qaranlıq gecənin sonrasındayam.

.

Yol tutub gedirəm günəşə sarı

Buludlar işığa qənim kəsilir.

Üşüdür zirvədə dağların qarı

Taqətim kəsilir, heyim kəsilir.

.

Zirvənin günəşi isitsin məni,

Ruhuma doğulsun, oyatsın məni,

Yandırsın qor-atəş, diriltsin məni,

Külümdən yenidən yaratsın məni  

 .

23.01.23

**.

AŞİQƏM

.

Gecəyə aşiqəm…qaranlığına.

Səssizlik, sükunət bürüyür məni.

Zülmətə dalıram bir anlığına.

Xəyallar ardınca sürüyür məni.

.

Fikirlər dolanır dağda-dərədə

Duyğular özünə yer tapa bilmir.

Ruhumun ümidi o son qətrə də

Qəlbimdə bir işıq yandıra bilmir.

.

Gecənin qoynunda gizlənib gündüz

Günəşin şöləsi gözə görünmür

Misralar sayrışır gözümdə yüz-yüz

Dil susub lal olur, sözə bürünmür.

.

Kəlmələr gizlənir, gəlmirlər yola,

Sözlər inci kimi düzülmür sapa.

Göz yaşı deyil ki, boşala, dola

Yuya ürəyimi, rahatlıq tapa.

.

Qəlbim öz-özündən inciyir bəzən,

Verdiyi əzabla barışa bilmir.

Susmur, hey danışır içimdəki mən

Dilim dilə gəlib danışa bilmir.

.

Susur duyğularım, susur xəyallar,

Ruhum dil-dil ötür səssiz-sədasız:

Hər zülmət gecənin bir gündüzü var,

Günəş göyə əsla olmaz vəfasız. 

.

Qalx, bir sevgi közərt qəlbində bir az,

Günəşdən bir ovuc işıq, nur istə.

Haqq yolun yolçusu ümidsiz olmaz,

Üz tut sabahlara səssiz, ahəstə.

   .                                  16.02.23

**

.

İTİRDİYİM GƏZDİYİM

.

Mənə şeir yazdıran bəyaz mənzərə

Sizin gözünüzdən necə görünür?

İşıqmı göstərir sizin pəncərə?

Mən burdan baxanda gecə görünür.

                           …

Niyə günəş bəzən dondurur buztək,

Qarınsa şaxtası yandırır bəzən?!

Hansıdır həqiqət, hansıdır gerçək,

Düşünən ağıldır, hiss edən bədən?!

                           …

Nədir günü-gündən məni öldürən?

İtirdiyim nədir, gəzdiyim nədir?

Ruhum da yorulur, düşür taqətdən,

Sarıldığım nədir, bezdiyim nədir?

                           …

Bilirəm, güc məndə, qüvvət məndədir

İstəsəm, zirvəyə çıxa bilərəm.

Həm məna, həm də ki, hikmət məndədir,

Bəs niyə qınımdan çıxa bilmirəm?!

                                          24.02.23

**

.

HEYHAT

.

Yağış yağır həzin-həzin,

ahəstə.

Qəlbimin harayı var

göydən süzülən səsdə…

Özüm burdayam,

Gözüm pəncərədə,

Ruhum qəfəsdə…

Tənhalığım sığışmır dünyaya,

Yer tapmır özünə dağda,dərədə.

Sığışmır tutqun səmaya,

Sığışmır köksünü buluda,yağışa,

göyə açmış yerə də…

Ortasındayam

Duyğularımla düşüncələrimin

arasındakı savaşın…

İslanmaq istəyirəm

Rəhmətində yağışın…

İslançaq istəyirəm,

ruhumu yumaq,

bədəndən arınmaq

məndən sıyrılmaq,

dünyadan qopmaq

özümü tapmaq istəyirəm…

Heyhat…

Damlaların çoxluğu üşüdür

İnsanların çoxluğu kimi…

Üşüyürəm izdihamın sıxlığında

tənhalığın içində…

Darıxıram…

Hətta özüm üçün də…

                                                  23.06.23

                              

                                               

                                   

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir