Səcdəgahım, qibləgahım-vətənim,
Bilmədin ki, səndə qalıb ürəyim.
OCAQDIR
Hər kəsin qəlbimdə öz yeri vardır,
Səcdəgahım,qibləgahım,vətəndir.
Gözəlin ayrıdır, pirin ayrıdır,
Vətənin hər daşı, mənə ocaqdır.
Dağların gəzəsən, kəklik qovasan,
Quzuqulağın, cicitkanın ovasan,
Xam atı səhrada, şumda boğasan,
Kəndimin hər dağı mənə ocaqdır.
Görəsən yarını, bulaq başında,
Qıyğacı baxasan, qaş qaralanda,
Hissini bildirib, ona məktubda,
Sevdiyim doğmalar mənə ocaqdır.
El-oba tökülər, xeyirdə, şərdə,
Qazanlar asılar, hər cür xeyverdə,
Ağsaqqal söz deyər, hər məclislərdə,
Ağsaqqal duası, mənə ocaqdır.
Səyavuş həsrətlə yollara baxar,
Sevgisin gözləyər, xəyala dalar,
Gözlərdən sel gələr, köksünə bağlar,
Köksümə yağan yaş, mənə ocaqdır.
QİBLƏGAHIM VƏTƏNDİR
Gözlərimin nuru yandı qarasında,
Ürəyimin şahı sındı yarasında,
Hər kəs gəzir öz elində-obasında,
Səcdəgahım, qibləgahım-vətənim,
Bilmədin ki, səndə qalıb ürəyim.
Dünyanın mal-mülkü tək mənim olsa,
Şöhrətim-şanım da aşıb daşarsa,
Ömrümə bircə gün əgər qalarsa,
Ən yaxşı günümdə sənsən diləyim,
Bilmədin ki, səndə qalıb ürəyim.
Səyavuşam, elim kimi bəxtim qara,
Yetişmədim Məcnun kimi gözəl yara,
Haqqı dedim İsa kimi çəkdin dara,
Fələk saldı öz toruna, neyləyim?
Bilmədin ki, səndə qalıb ürəyim?
ORDA BİR KƏND VAR
Sərin-sərin hava dəyir üzümə,
“Top daşlardan” aşdım “Yazı düzünə”.
Qoyun-quzu qaçır girir üzümə,
Ala yonca qalxıb çatır dizimə.
Qoruyuram sürüləri zəmidən,
Haylayıram “Yükaşandan” keçirdəm,
“Gav yerindən” vələmirdən, xəzəldən,
“Qaravunda” qoyunları yedirdəm.
Qoyun-quzu döşənibdir xam yerə,
Kəhər atın yəhərini alıram.
Ötürürəm şamlığa ki, şam yeyə,
Özüm dağda mənzərəyə dalıram.
Yavaş-yavaş sürü qalxır “Dikdaşa”,
Haylayıram qoyunları suata.
Fit verirəm kəhərə, səkilqaşa,
Yəhərləyib çapıram düz “Suata”.
Heyvanlarım sulanır, kölgələnir,
Kəhər atı minib gəlib evimə
Gözləyirəm nə vaxt günəş əyilər,
Heyvan qalxsın çıxsın “Düyü yerinə”.
“Üçqardaşdan” qalxaraq yalı aşır,
Otlayaraq düşür “Düyüyerinə”.
Yavaş-yavaş gün batır, şər qarışır,
Qoyunları tökəcəm “Yurd yerinə”.
“Yurd yeri”ində hər kəs məni səsləyir,
Deyirlər ki, çox gözəl otarmısan.
Evdə isə anam oğul gözləyir,
Yemək verir, “ay bala, yorulmusan?”
QAR YAĞIR
Qar yağır!
Kimlər qarın gəlişini gözləyir,
Dərddən, qəmdən uzaq o şən uşaqlar,
Qar dənələrinin gəlişini özləyir.
Səngərlərdə əsgər vətən gözləyir.
Səhərəcən oyaq ana oğul gözləyir.
Qaş qaralır, gün əyilir, çoban sürü səsləyir,
Qar yağır, qar yağır!
Ağappaqdır, hər tərəf tərtəmizdir,
Süzülüb saflaşıb ana təbiət,
Qar da dayanmadan yağır nəhayət.
Amma bundan nə fayda…
Bu saflığı, təmizliyi
Vardır sevməyən də!
Çünki məcburdur buna!
Kasıb yatmır səhəri açır dirigözüylə,
Sübh tezdən acqarına,
Qaçır öz balasının çörəyinə, suyuna,
Bu zülmət gecədə, soyuq havada,
Kimin əri kimin evindən çıxır,
Kimin əli kimin cibindən çıxır,
Çoxlarına yaman düşür bu saf qar,
Dayanmadan yağan bu ağ şəffaf qar,
Əriyəndə qaranlıqlar açılır,
Saf görünən ocaqlar da dağılır,
Yavaş-yavaş bənövşə baş qaldırır,
Qar əriyib təbiəti oyadır.
Çoxu yatır hələ div yuxusunda
El-obamız yanır düşmən odunda,
Qar yağsa da el-obaya nə fayda,
Bivec oğlu gəzir dağda, aranda!
Yurd yerimiz kafirlər tapdağında,
Qılıncların paslanıbdır qınında,
Torpağımız yoğrulmadı qanımda.
Nəyə lazım qar yağdı, ya yağmadı,
Nə saf sevgi, nə də qeyrət qalmadı,
Harda pul var, demək “Vətən” ordadı?
Dörd divarda, bir də ki, “karmandadı?”
Tüpürüm mən, belə vara, qeyrətə!
İgidlərim, qalxın, gedək Vətənə,
Qoy, bizlərə səngər olsun dağ, dərə,
Qar-yağışlar can versinlər ellərə.
Bəlkə bizim ruhumuz təzələnə,
Daş ürəyi qarlar yağıb əridə?
Çörək tapıb, kasıb bala yedirdə,
Cuşa gəlib ərənlər cəngə gedə….