21 Kasım 2024

O SƏS MƏNİM SƏSİMDİ

İllər, qovhaqovdadır,
Əriyib itir illər.
Ömrümün payızında,
Qışında bitir illər.

Soruşuram özümdən,
Harda qalıb dünənim,
Minib sığal çəkdiyim
Qarğı atım, köhlənim.

Dönüb baxıram geri,
Kimim, kimsəm qalmamış.
Kimsə bu illərimdə
Məni yada salmamış.

Bir yeni nəfəs gələr,
Ölüb gedər bir nəfəs.
Hardasa uzaqlardan
Haraylar məni bir səs.

Yarpaq-yarpaq tökülər,
Öləziyər şam ömrüm.
Vətən bütöv olanda
Olacaqdı tam ömrüm.

O səs Tanrı dağından,
Ötükəndən yüksəlir.
O səs Turan hayqırıb,
Min illərdi yol gəlir.
O səs, mənim səsimdi.

19.06.2012 ci il.
Sumqayıt şəhəri.

*

AZƏRBAYCAN

Araz, Araz, ay xan Araz,
Sağ-soluna baxırsanmı?
Dərdim səni ağladırmı,
Yenə qəmli axırsanmı?

Araz , Araz , ay xan Araz,
Dünənimdən xəbərmi var?
O, günlərə qaytar məni
Hələ Təbriz səfərim var !

Araz, Araz, ay xan Araz,
Bu həsrəti, dərdi bitir.
Gömüb məni sularına,
Bütöv olan vaxta götür.

Araz, Araz,ay xan Araz,
Təbriz-Bakı, bir canda can.
Əsirlərdi bizi gözlər
Bütöv vətən, Azərbaycan.

1985 ci il Qubadlı, Dəmirçilər.

*

BU GECƏ 20 YANVAR

Yuxum kipriyimdən asılı qalıb,
Bu gecə gözlərim qapammır Allah.
Bu gecə “kef çəkir”yuxusuzluğum,
Gözlərim rahatlıq tapammır Allah.

Bu gecə küçələr qan çiçəkləyib,
Tökülüb Bakının meydanlarına.
Düşüb ləçək-ləçək, qönçə ələyib
Bələnib sevginin al qanlarına.

Düşmən tətiyindən yağır bu gecə,
Yüz illik həsrətin kafir qurşunu.
Geyinib qərənfil köynəyin küçə
Uçurub göylərə Azadlıq quşun.

Bu qara gecənin qaranlığında,
Azadlıq cığlığı atır ulduzlar.
Düşüb karvan-karvan yolun ağına
Sübhün işığına çatır ulduzlar.

1990 ci il yanvar.

Qubadlı, Dəmirçilər.

ÇARƏSİZLİYİNDƏ ÇARƏSİ VAR

1

Çarəsizliyin şəklini
asacağam,
hörümçəyin tor qurduğu,
otağımın baş köşəsindən.
həsrətin,niskilin,
fəryad səsindən.
Asacağam,
Ata Türkün divardan asılmış,
portretinin çərçivəsindən,
çərçivənin ,
kölgəsindən asacağam.
Gözlərimin,
sonsuzluğa dikilən,
çarəsiz baxışlarından,
Bir babanın,bir Ananın,
acı dolu,
duası,alışlarından.
Əcəlin ilıq nəfəsi,
uçqunlar altında ,
qaranlıqda dolaşmaqda.
Bir minicik körpə qəlbi,
qaranlıqda,
bu əcəllə savaşmaqda.
Duysun məni cümlə cahan,
cümlə kainat.
Bilsinlərki,
çarəsizliyində bir çarəsi var,
Bizi gözləyən həyat.

2

Fikrim, xəyalım qalıbdı orda,
Gecənin gözünü, tökürəm gecə.
Dağıntı altında insan gəzirəm
Daşı,divarları sökürəm gecə.

Dikirəm gözümü qaranlıqlara,
Qulaq kəsilirəm hər gələn səsə.
Bir Umud, hardasa bir sağ qalan var,
Sağ qalan ölümlə nəfəs-nəfəsə.

Gecənin sükutu dərd çiçəkləyir,
Zaman göz qırpımı,ötüb keçmədə.
Minicik körpələr kömək gözləyir,
Uçqunlar altında itib getmədə.

Beşikdən-məzara, bu qısa yolda,
Dəprəm faciəsi var imiş demə.
Var imiş qədərdə ağrı-acılar,
Acılar ömrümə yar imiş demə.

09 fevral 2023 cü il.
Azərbaycan , Sumqayıt.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir